Məhkəmə qərarları › İş №2(105)-1615/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1615/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1615/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh2, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-189/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22377 manat pul və 167,60 manat ödənilmiş dövlət rüsum alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun əmisi oğludur. Bir gün Nadir ona zəng vuraraq Cavabdeh1 ilə birlikdə maşın və torpaq alıb-satmaq istədiklərini və bunun üçün onlara pul lazım olduğunu bildirərək qonşusu Təranə adlı qadından onun üçün faizə pul götürməsini xahiş etmişdir. O da Nadirə zamin duraraq qonşusu Təranə adlı qadından Nadir və Fizuli üçün bir-neçə dəfə faizlə pul götürüb Nadir və Fizulinin kartına vurmuşdur. Təranə ona Nadirin borcunun 40000 manatı keçdiyini bildirmişdir. 25 noyabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü ilə kimi də digər qonşusu Kəmalə adlı qadından ümumilikdə 25200 manat pul götürüb “million” aparatı vasitəsi ilə Nadir və Fizulinin kartına köçürmüşdür. Bu günə kimi cəmi 825 manat pul qaytarmışlar. Nadir və Fizulinun təqsiri üzündən qonşuları ilə münasibəti pozulmuşdur. Cavabdeh1 və Cavabdeh2 aldıqları pulu 31 yanvar 2024-cü il tarixə kimi qaytaracaqlarına söz versələr də, hazırkı vaxta kimi heç bir ödəniş etməmişlər. Hər dəfə onlardan pulun ödənilməsini tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və MPM-nin 385-390cı maddələrində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Məhkəmə MM-nin 740, 741-ci maddələrinin tələblərini pozmuşdur. Həmin normalar tətbiq olunmaqla iddia tələbi rədd edilməli idi. MM-nin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduqda və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı bu tələbi pozmuşdur. Həmin Məcəllənin 741-ci maddəsində göstərilir ki, borc faizlərlə verilirsə həmin maddənin tələbləri müqavilədə şərtləndirilməlidir. Məhkəmə MPM-nin 385, 386, 387, 388-390-cı maddələrinin tələbləri pozulmuşdur. Qətnamədən görünür ki, iddiaçı məhkəmədə bildirmişdir ki, o, bir neçə dəfə Təranədən Nadir və Fizuliyə faizə pul götürüb vermişdir. İndi tələb etdiyi 25200 manat borcun Kəmalə adında qadına məxsus olmasını qeyd etsə də, həmin məbləğin də faizlə verilibverilməməsi, hansı faizlə verilməsi, həmin məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin faiz borcu olması aydınlaşdırılmamışdır. Cavabdehin müdafiə tərəfinə təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, iddiaçıya 14,147 (on dörd min bir yüz qırx yeddi) manat pul ödəmişdir. Həmin qəbzləri Qobustan Rayon Məhkəməsində məhkəməyə təqdim etsə də məhkəmə onları qəbul edərək araşdırmaqdan imtina etmişdir. Bu isə MPM-nin 388-ci maddəsinin tələblərinin pozulması deməkdir. Bu prosessual pozuntular nəticəsində məhkəmə düz olmayan qətnamə qəbul etmişdir. MPM-nin 387.1-ci maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas verir ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Prosessual hüquq normalarının pozulması, məhkəmə MPM-nin 385, 386, 387, 388-390-cı maddələrinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 20 may 2024cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının cavabdehlərə pul verməsi, lakin cavabdehlərin öz öhdəliklərini yerinə yetirməyərək, həmin pulun iddiaçıya qaytarmadığının sübuta yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşdən görünür ki, iddiaçı 25.200 manat pul vəsaitini cavabdehlərin kartına köçürdüyünü və həmin məbləğdən ona cəmi 825 manat qaytarıldığını iddia etsə də, Cavabdeh2 buna etiraz edərək, iddiaçıya 14.147 manat pulun qaytarıldığını, lakin bu halın nəzərə alınmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehlərə borc şəklində 25200 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı tərəfindən 25 noyabr 2023cü il tarixdən 12 yanvar 2024-cü ilə kimi cavabdehlərin adına olan kart hesablarına pul vəsaitinin köçürülməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 kart hesabına 4500 manat, 04 yanvar 2024-cü il tarixdə 1600 manat, 04 yanvar 2024-cü il tarixdə 2600 manat, 06 yanvar 2024cü il tarixdə 2000 manat, 05 yanvar 2024-cü il tarixdə 1000 manat, 12 dekabr 2023-cü il tarixdə 3500 manat, 14 dekabr 2023-cü il tarixdə 2002,52 manat, 03 yanvar 2024-cü ildə 4000 manat olmaqla, ümumilikdə 21202,52 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə İddiaçı məxsus **********784007 və **********077275 nömrəli kartlardan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 məxsus karta hansı məbləğdə köçürülmələr aparılmasını müəyyən etmək üçün “Unibank” KB tərəfindən müfəssəl məlumat verilməsi üçün qərardad qəbul edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş “Unibank” KB tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 315 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 160 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 599 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 1040 manat, xx.xx.2023-cü il 375 manat, xx.xx.2024-cü il tarixdə 1010 manat, xx.xx.2024-cü il tarixdə 275 manat, ümumilikdə 7394 manat pul iddiaçının istifadəsində olmuş sonu 7275 və 4007 rəqəmləri ilə bitən bank kartlarına köçürülmüşdür. Həmçinin iddiaçı ərizəsində cəmi 825 manat pul qaytarıldığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya 7394+825=8219 manat məbləğində pulun qaytarılması iş materialları ilə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Göründüyü kimi cavabdeh iddiaçıdan 21202,52 manat pul vəsaiti əldə edib, həmin puldan 8219 manatını geri qaytarsa da, yerdə qalan (21202,52-8219=12983,52) 12983,52 manat məbləğində pulu geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 12983,52 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait Cavabdeh2 alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin digər Cavabdeh1 münasibətdə iddia tələbinə gəldikdə isə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 kart hesabına pul vəsaitləri göndərilsə də, sonuncunun bank kartı Cavabdeh2 olduğundan, həmin hesaba göndərilmiş pullarda onun tərəfindən kartdan çıxarılmışdır. Qeyd olunan hal Cavabdeh2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh1 hazırki iddiaya cavab verməli olan şəxs olmadığından, ona qarşı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 12983 (on iki min doqquz yüz səksən üç) manat 52 (əlli iki) qəpik məbləğində pul və ödədiyi 167,60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar