Məhkəmə qərarları › İş №2(105)-1617/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1617/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1617/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-2023/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.900 (altı min doqquz yüz) manat pulun, eləcə də 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun qardaşıdır. İşin faktiki halları ondan ibarətdir ki, o, 2013-cü ilin may ayının 8-də işləmək məqsədi ilə Rusiyaya getmiş və 8 ilə yaxın müddət orada yaşamış və işləmişdir. Bu müddət ərzində o, daim evlə əlaqə saxlamış, qazancının bir hissəsini gündəlik xərclərini ödəmək üçün özünə saxlamaqla qalan hissəsini toyuna görə yığması üçün cavabdeh İddiaçı göndərmişdir. Qeyd edir ki, o qardaşına pulunu yığıb saxlamaqla yanaşı həmçinin evə də köməklik üçün imkanı çatdığı qədər pul göndərmişdir. Ümumilikdə, 8 il ərzində o, qardaşı Cavabdeh yığıb saxlaması və o, Azərbaycana qayıtdıqda ona qaytarması üçün 8700 (səkkiz min yeddi yüz) manat pul göndərmişdir. Qeyd edir ki, onların ataları Əli Piriyev 2021-ci ilin avqust ayında vəfat etmiş, o, məhz atasının vəfatı səbəbindən Azərbaycana qayıtmışdır. Qayıtdan sonra qardaşı ona pulun 1100 (bir min yüz) manatını atasının dəfni zamanı xərclədiyini, 700 manatı isə 2022-ci ilin mart ayında onun nişanı zamanı xərclədiyini, ümumi puldan 6900 (altı min doqquz yüz) manat qaldığını, həmin pulun da bir hissəsini mağazasına mal vurmaq üçün, qalanını isə öz şəxsi işləri ilə bağlı xərclədiyini, ümumi ona 6.900 (altı min doqquz yüz) manat pul verməli olduğunu və həmin pulu qaytaracağını bildirmişdir. Qeyd etdiyi kimi cavabdeh ilk vaxtlar pulu qaytaracağını bildirsə də, sonradan bunu inkar etməyə başlamış, ona “sənə nə pul verəcəyəm? Sən olmayan vaxtı atama, anama mən baxmışam, həmin pul da onun qarşılığıdır” demişdir. Lakin onlar arasında danışıq bu cür olmamış, qeyd etdiyi kimi o, imkan olduqca əlavə ev üçün də pul göndərmişdir. Ev üçün pul göndərməsə belə, o, üzərinə ele bir öhdəlik götürməmişdir ki, cavabdeh ata, anasına baxsın, o, da bunun müqabilində göndərdiyi puldan keçsin. Qeyd edir ki, onlar atalarından miras qalmış mənzili sataraq, öz aralarında yarı-yarıya bölmüşlər. Cavabdeh isə bunu əsas gətirərək bildirir ki, evi atası ona vermiş, atasına o baxmış, bu səbəbdən də ev tam payda onun haqqıdır, lakin yarısını ona vermiş, bu səbəbdən də həmin 6.900 (altı min doqquz yüz) manat pulu həmin evdən verdiyi payın içində qaytarmışdır. Qeyd edir ki. cavabdehin qeyd olunanlar ilə bağlı səs yazıları da vardır. Həmçinin onların əmisi də bu qeyd olunanlara şahid olmuşdur. Bu səbəbdən də hesab edir ki, Cavabdeh 6.900 (altı min doqquz yüz) manat, eləcə də 90 manat dövlət rüsumu tutularaq ona ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-2023/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-2023/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdehin vatsap sosial şəbəkəsi vasitəsi ilə ona ünvanladığı səs yazıları təqdim edilmişdir. Lakin işin nəticəsinə baxanda görünür ki, məhkəmə tərəfindən həmin səs yazıları mötəbər sübut kimi qiymətləndirilməmişdir. Lakin məhkəmə həmin səs yazılarını nəyə görə nəzərə almadığını qətnamədə əsaslandırmamışdır. Onun tərəfindən məhkəməyə cavabdehə məxsus olan 23, 17, 87 və 79 saniyələlik səs yazıları CD diskə köçürülərək təqdim edilmişdir. Cavabdeh 23 saniyəlik səs yazısında qeyd etmişdir ki: “Sabah gələrsən söhbət eliyərik, nədi nə deyil. Sən 6.900 deməklə deyil, mənim də heç kimə borcum yoxdur, neçə aydır burda qalırsan, heç bir köməklik eləmirsən, sən rahat istəyirsən 6.900-ü. Mənim pulum yoxdur, heç nə vura bilməyəcəm, boş yerə atma kartı.” Məhkəmə kollegiyasına sual vermək istəyir ki, bu 23 saniyəlik səs yazısının nəticəsindən nə çıxarmaq olar? Bu səs yazısından açıq-aydın o başa düşülür ki, cavabdeh onun neçə aydır onun yanında qaldığını, burda qaldığı müddətə ərzağa hər hansı köməklik etmədiyini bildirir və ondan 6.900-ü rahatlıqla istəməyinə irad bildirir. Həmçinin həmin 6.900 manatı inkar etmir, “mənim pulum yoxdur, heç nə vura bilməyəcəm, boş yerə atma kartı” deməsi isə iddianının predmeti olan 6.900 manat məbləğində pulun iddiaçı tərəfindən ona verildiyini inkar etmədiyinə, lakin pulunun olmadığı üçün ödəməyəcəyinə dəlalət edir. Cavabdeh 17 saniyəlik səs yazısında qeyd etmişdir ki: “Heç nə, puluvu verəcəm, səhərəbirisigünə başlayım evimi təmir eləyim, girəcəm evimə, ev satdıq söhbəti olamayacaq, görüm nətər olur, puluvu istəmirsən deyə sual edir və mən də evi satmıram, nə ev nə də torpaq satılmayacaq.” Bu səs yazısında cavabdeh yenə də pulu inkar etmir, ilk səs yazısı ilə müqayisədə burada cavabdehin borcu olduğunu qəbul etdiyi tam dolğun nəzərə çarpır və iddiaçını həmin pulu ondan istədiyi üçün onların atalarından qalmış miras paylarını satmamaqla onu hədələyir. İddia tələbində də qeyd edilmişdir ki, cavabdeh atasına baxdığı üçün ev tam olaraq onun haqqıdır, lakin yarısını ona verdiyi üçün həmin 6.900 manat da ora daxildir. Cavabdeh 87 saniyəlik səs yazısına nəzər salsaq, yenə də iddiaçının ona pul göndərdiyini və borcu olduğunu inkar etmir, onun qurduğu cümlələrdən isə belə başa düşülür ki, qardaşının yəni, iddiaçının ondan pulunu tələb etməsi mənəvi cəhətdən ona təsir etmişdir, onda küskünlük yaratmış, iddiaçının cavabdehin övladına aldığı hədiyyələri qaytaracağını bildirmişdir. Həmçinin qeyd edir ki, cavabdeh əvvəlki səs yazılarında da iddiaçının bir yerdə qaldıqları vaxtda ərzaq almağa və s. digər işlərdə iştirak etmədiyini söyləmiş, hazırki səs yazısında isə həmin 6.900 manatı gündəlik 15 manat hesablamaqla o pulu çıxmasını istəmişdir. 79 saniyəlik səs yazısında isə iddiaçının cavabdehdən pul tələb etməsinin yenə də ona mənəvi cəhətdən təsir etdiyini ifadə edəcək formadadır. Belə ki, cavabdeh iddiaçıya bildirir ki, başqalarında pulun batdı istəmədin, amma sənə baxan adamdan puluvu istəyirsən. Burda da iddiaçının cavabdehə həmin pulu verməsi faktı öz təsdiqini bir daha tapmışdır. Qeyd olunan hallar məhkəmə iclasında bildirilmiş, səs yazıları onun tərəfindən məhkəməyə təqdim edilmiş, lakin hakim tərəfindən bu səs yazıları mötəbər sübut kimi qiymətləndirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Rusiya Federasiyasına gedərək orada işlədiyini və qardaşı Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul göndərdiyini, atası rəhmətə getdiyindən Rusiya Federasiyasından qayıtdığını, qardaşı ona həmin puldan 1100 (bir min yüz) manatının atasının dəfni zamanı xərclədiyini, 700 manatı isə 2022-ci ilin mart ayında onun nişanı zamanı xərclədiyini, ümumilikdə isə 6900 (altı min doqquz yüz) manat pulun qardaşında qaldığını bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmiş, şikayətinin əsası kimi səs yazılarına istinad etsə də, məhkəmə kollegiyasının iclasında dinlənilmiş audio yazıda iddiaçının iddia etdiyi həmin pul məbləğinin cavabdehdə olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-2023/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar