Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1618/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-3073/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 18 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və mediasiya üçün dövlət rüsumu olaraq ödədiyi məbləği nəzərə alaraq, mediasiya xərcinin 50 manatının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(060)-5518/2019 nömrəli qətnaməsinə əsasən 120 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 5 yaşı var, qət edilən 120 manat aliment uşağın maddi ehtiyaclarını ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşaqla işləmək imkanı məhdudlaşdığından gəlir və qazancları olmadığı üçün lazım olan vəsaiti xərcləyə bilmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-3073/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5518/2019 nömrəli, 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-3073/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə xidməti dövründə xəsarət almış və İ qrup əlildir. O, 6 il dializ xəstəsi olmuş və 2022-ci ilin sentyabr ayının 11-i ona böyrək transplantasiya olmuşdur. Hal-hazırda səhhətində yaranmış problemlə əlaqədar ev şəraitində ambulator müalicədədir. Bütün bunlara görə də əmək qabiliyyətsizdir və işləmək imkanı yoxdur. Aylıq gəliri və başqa heç bir qazqancı yoxdur. Məhkəmənin də qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, o, ǝlliliyə görə 490,02 manat pensiya alır və bu onun tək gəliridir. Lakin digər məcburi xərcləri də olduğu üçün maddi vəziyyəti çox pisdir. Belə ki, o, hal-hazırda 3M-87 nömrəli, xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən kirayəçi hesab olunur və öz evi olmadığı üçün kirayə olan mənzildə yaşayır. Buna görə də məhz 3M-87 nömrəli, xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 5-ci bəndinə görə o, kirayəçi olaraq hər ay 190 (yüz doxsan) manat kirayə haqqı ödəyir. O, bütün bunları məhkəmədə deyərək lazımi sənədləri məhkəməyə təqdim etsə də, bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa onun bankdan götürdüyü kredit məbləğinə görə hər ay bu məbləğin kredit borcunu banka ödəməli olur. Bu isə onun maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin buna baxmayaraq məhkəmə bu sübutlara və ifadələrə də laqeyd yanaşaraq bunları nəzərə almadan qətnamə qəbul etmişdir. Bunlardan əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf məhkəmədə özünün işləmədiyini və aylıq qazancı olmadığını demişdir. Lakin bu tamamilə yanlışdır. Belə ki, iddiaçı gözəllik salonunda çalışır və aylıq qazancı da kifayət qədər yaxşıdır. Halbuki, onun pensiyasından başqa heç bir aylıq qazancı yoxdur və işləmə qabiliyyətini itirmişdir. Lakin iddiaçının işlədiyi və aylıq qazancının olduğu hamıya məlumdur. Bununla bağlı bir çox şahidləri də vardır. İddiaçı vergi ödəyicisi olmadığı üçün o, bunu rəsmi sənədlərlə sübut edə bilmədiyindən şahid ifadələri ilə sübut edə bilər. Həmçinin qeyd edir ki, o, bugünədək aylıq aliment məbləği olan 120 manat pulu hər ay gecikdirmədən iddiaçıya ödəyir. Lakin maddi vəziyyəti çox ağır olduğu üçün o, bu pulu da çətinliklə ödəyir. Bəzən ona digər ailə üzvləri də maddi cəhətdən kömək edirlər. Çünki banka ödədiyi aylıq kredit və ödədiyi kirayə haqqı ona çox böyük çətinliklər yaradır. Buna görə də o, aylıq 220 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. Məhkəmə isə bütün bunları nəzərə almadan iddianı təmin etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, cavabdeh aliment məbləğini ödəməmək üçün dəfələrlə yalan bəhanələr gətirib, məhkəməni aldatmağa çalışmışdır. Hətta, 2019-cu ildə belə alimenti 60 manat məbləğində ödəməsi üçün əsassız bəhanələr irəli sürərək apellyasiya şikayəti vermişdir. Eləcə də, hazırki iş üzrə məhkəmədən dərhal sonra özünə “kirayə müqaviləsi” və digər sənədlər tərtib etmiş, illər öncə ailə mübahisələri olan müddətdə Sumqayıt şəhəri 10-cu mkr ərazisindəki evi sataraq hazırkı, Sumqayıt şəhəri, 9-cu mkr, ev 3/4, mənzil 16 evi alaraq başqasının adına sənədləşdirmişdir. Həmin ev öz evidi, 4 otaqlı evdə valideynləri ilə birgə yaşayır. Maşını da var. Başqa gəlirli işlərlə də məşğuldur. Heç bir yerdə nə kirayə qalır, nə ödəyir, nə də ki bank krediti ilə bağlı sözü doğrudur. Uşaq onu heç maraqlandırmamışdır. Uşaq doğulandan onun atası evində böyüyür, 1 il sonra 2018-ci ildə uşağa ad günü keçirmək üçün gəlmişdi, şəxsi mənafeyi üçün ad günü keçirib, restorandan yenə birbaşa uşaqla atası evinə gəlmişdir. Uşaq adına olan hər bir şeyi öz məqsədləri üçün istifadə etmişdir. Sosial yardımı uşağın adına düzəltsə belə o puldan nə o, nə uşaq görmüşdür. Qısacası, Cavabdeh hər vasitə ilə aliment məbləğini ödəməmək üçün yollar axtarır. Uşaq onun maddi və mənəvi marağında deyil. Uşaq doğulduğu gündən 3 yaşından sonra atası görmək üçün gəlmişdi. Bu günə qədər cavabdeh onunla olan münasibətlərində prinsip məqsədi ilə uşağı vasitə kimi istifadə edib. Bu hal isə uşağın mənafeyinə ziddir və hüquqlarını pozur. Uşaq bu il 1-ci sinifə gedir ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. O, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onun tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 033093 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 5518/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş AR ƏƏSMN yanında Dövlət Tibbi-Cosial Ekspertiza və Reablitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Cavabdeh xroniki böyrək xəstəsi kimi birinci dərəcə əlildir, əmək qabiliyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh əlliliyə görə 490,02 manat pensiya alır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-dən 1510 manat məbləğində kredit götürmüş və aktiv kreditinin cəmi qalıq məbləği 1321 manat təşkil edir. İş matariallarında olan 2 saylı Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat ofisində bağlanmış 01 iyun 2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X4 qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,6 kv.m. olan 2 otaqlı mənzili kirayəçi Cavabdeh 190 (yüz doxsan) manata kirayəyə vermişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 30 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 18 oktyabr 2017-ci il tarixdə X3 anadan olmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və rəsmi olaraq ayrılmışlar, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5518/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda tərəflərin rəsmi nikahından anadan olmuş 18 oktyabr 2017-ci il təvəllüdlü X3 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək tutulan alimentin miqdarının artırılaraq 220 (iki yüz iyirmi) manat müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək, 2016-cı ildə hərbi xidmət dövründə xəsarət aldığını və İ qrup əlil olduğunu, 6 il dializ xəstəsi olduğunu və 2022-ci ilin sentyabr ayının 11-i ona böyrək transplantasiya olunduğunu, hazırda səhhətində yaranmış problemlə əlaqədar ev şəraitində ambulator müalicədə olduğunu, əmək qabiliyyətsiz olduğunu, aylıq gəliri və başqa heç bir qazqancının olmadığını, ǝlliliyə görə 490,02 manat pensiya aldığını, hazırda 190 (yüz doxsan) manat kirayə haqqı ödədiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün tutulan alimentin məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi tam qanuni və əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh uşağın saxlanılması görə hər ay 220 manat sabit pul məbləğində aliment tutarkən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü ildə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini nəzərə almışdır. İş materiallarından, apellyasiya şikayətinin dəlillərindən, işdə iştirak edən şəxslərin izahatından görünür ki, Cavabdeh həqiqətən də, İ qrup əlildir, 6 il dializ xəstəsi olmuş və 2022-ci ilin sentyabr ayında ona böyrək transplantasiya olunmuş, hazırda səhhətində yaranmış problemə əlaqədar ev şəraitində ambulator müalicədə alır, əmək qabiliyyətsizdir, ǝlliliyə görə 490,02 manat pensiya alır, aylıq gəliri və başqa heç bir qazqancı yoxdur. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün hər ay 220 manat məbləğində aliment müəyyən edərkən göstərilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin digər gəlirə malik olmasını təsdiq edən hər hansı bir sənəd də iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli aliment hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini əsas tutaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması cavabdehin maddi vəziyyətinə uyğun deyildir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağa görə hər ay tutulacaq alimentin miqdarı sabit pul məbləğində hər ay üçün 220 manat deyil, 150 manat məbləğində müəyyən edilməsi uşağın mənafeyi baxımından daha məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı, yəni hər ay hər uşağa görə 150 manat müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-3073/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılıb, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-3073/2023 nömrəli qətnaməsi – «xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi» hissəsində dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1618/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1618/2023
24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver