Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1618/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(077)-141/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı zibati xəta haqqında protokolunun və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:25 radələrində Cavabdeh “Nissan Juke minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, M.Hadi küçəsi, Ukrayna dairəsi ilə hərəkət edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində İddiaçı tərəfindən idarə olunan “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi zədələnmişdir.
2. "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 125255 saylı “İlkin qiymətləndirmə aktı”nın surətindən görünür ki, “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 11800 manat ziyan dəyməsi müəyyən edilmişdir. “Qeyd” hissəsində “Təmin zamanı qiymət artımı gözlənilir” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, 179 nömrəli saylı çekin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" QSC (HAVAL Azərbaycan) şirkətinin hesabına 11406,60 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
3. xx.xx.2025-ci il tarixli, CLM**********252 saylı “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 5000 manat məbləğində sığorta ödənişi verilmişdir.
4. “X4” MMC-nin xx.xx.2025-ci il tarixli, 75 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, xx.xx.2024-cü il tarixdə baş vemiş yol-nəqliyyat hadisəsi nəticəsində “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, avtomobilin amortizasiyası nəzərə alınmaqla, iş materialları əsasında 10,762.50 manat olaraq müəyyən edilmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli QXM/487M saylı Qiymətləndirmə hesabatından görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar zamanı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Haval Jolion minik'’ markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, avtomaşının amortizasiyası nəzərə alınmaqla qüsur aktında göstərilən qiymətə uyğun olaraq 11406 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6406 manat məbləğində avtomobilinə dəyən maddi zərərin əvəzinin və 85 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində etibarnamə ilə idarə etdiyi “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Xətai rayon ərazisində Ukrayna dairəsi ilə üzü M.Hadi küçəsi istiqamətində hərəkətdə olarkən sağdan Neapol küçəsi ilə hərəkət edən “Nissan Juke minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Yol ver” nişanının tələbini pozaraq hərəkətə davam etmiş, onun idarə etdiyi avtomobilin hərəkət zolağına daxil olduğu üçün avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi “Nissan Juke minik” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edən Cavabdeh tərəfindən AR İXM-in 327.1-327.6-cı maddələri ilə nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir və təqsiri DYPnin əməkdaşları tərəfindən tanınmışdır. “Haval Azərbaycan” şirkətinin ekspertləri yolnəqliyyat hadisəsi nəticəsində avtomaşınına 11.406 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. "xxxx" ASC ona dəymiş ziyanın 5.000 manatını ödəmiş, 6.406 manat isə ödənilməmişdir. Belə olan halda, avtomobilinə dəymiş ziyanın yerdə qalan 6.406 manatı cavabdeh ödəməlidir. Bu günə qədər cavabdeh nə zənglərinə cavab verir, nə də ki, dəymiş maddi ziyanı ödəyir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, dəymiş maddi zərərin müəyyən edilməsi üçün 2 dəfə eksertiza təyin edilmişdir və hər birinə ayrılıqda 300 manat olmaqla, ümumilikdə 600 manat ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh avtomobilinə dəyən maddi zərərin əvəzi qismişdə 6406 manat, eksertiza xərci olaraq ödənilmiş 600 manat və 85 manat dövlət rüsumu olmaqla, cəmi 7091 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iş üzrə müstəqil ekspertiza təyin olunmuşdur və hər iki expertiza rəyi nəqliyyat vasitəsi artıq təmir olunduğu üçün "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən aparılan ilkin qiymətləndirmə aktina əsaslanaraq verilmişdir. Nəzərə alınsa ki, HAVAL şirkətinin apardiğı qiyymətləndirmə ümumi qiymətləndirmədir (müntəzəm servisdə dəyişilməsi tələb olunan hissələr qeyd edilmişdir və bunun sığorta hadisəsinə heç bir aidiyyəti yoxdur) və qəza nəticəsində dəymiş zərər öz əksini tapmır və həddən artıq qəzaya aidiyyəti olmayan hissələr qiymətləndirmədə öz əksini tapmışdır. Qəza nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalıdır. Dediklərinə sübut olaraq qeyd etmək istəyir ki, qəza nəticəsində ilk olaraq nəqliyyat vasitəsinin həssas hissələri, faraları zərər görməlidir. Ancaq qarşı tərəfin özünün də təstiq etdiyi kimi, nəqliyyat vasitəsinin faralari cüzi zərər görmüş, şüşəsi, içi zərər görməmiş və ideal vəziyyətdə olduğunu təsdiq edir (hər iki fara Tap.Az online satış platformasında 1500 AZN qiymətə satılmışdır və sübut kimi şəkillər əlavə edilmişdir). Belə olan halda nəqliyyat vasitəsinin matorxanasında yerləşən digər hissələrin zərər görməsi həqiqəti əks etdirmir. Yuxarda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Şuşa Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(077)-141/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 6406 manat və 685 manat məhkəmə xərcləri olmaqla, cəmi 7091 (yeddi min doxsan bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:25 radələrində “Nissan Juke minik” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, M.Hadi küçəsi, Ukrayna dairəsi ilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı tərəfindən idarə olunan “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi, Hadisə nəticəsində iş materialları və təqdim olunmuş ekspert rəylərinə əsasən sonuncuya 11406 manat məbləğində ziyan yetirməsi, həmin məbləğdən 5000 manatının sığorta ödənişi şəklində iddiaçıya ödənilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi təmin edilərək 6406 manat məbləğdə pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə, Cavabdeh İddiaçı tərəfindən “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ön işıqlarının (faralarının) Tap Az online satış platformasında 1500 manata satılması, bununla da iddiaçıya daha az məbləğdə ziyanın dəyməsi ilə bağlı mülahizələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh qeyd olunan avtomobil faralarının iddiaçı tərəfdən 1500 manata satılması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə cavabdehin etirazında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalı” olması ilə bağlı gətirdiyi dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC, xx.xx.2025-ci il tarixli, CLM**********252 saylı “Sığorta aktı”nda “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən aparılmış hesablama ilə razılaşmışdır və əlavə hesablama apartılmasına zərurətin olmadığı nəticəsinə gəlmişdir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır və qəbul edilə bilməz.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 459.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(077)-141/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə yenidən baxılmaq üçün apellyasiya qaydasında yeni qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalıdır. Həmçinin müştəri zərərə uğramış avtomobilin zərərinin qiymətləndirilməsi üçün sığorta şirkətinə təqdim etməlidir. Qarşı tərəf sığorta şirkətinin qiymətləndirmə akını təqdim etmək əvəzinə "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən aparılmış hesablamanı təqdim edir hansı ki bu ümumi hesablama aktıdır ve baş vermiş nəqliyyat hadisəsindən zərərin qiymətləndirilməsini əks etdirmir. Bundan əlavə olaraq məhkəməyə təqdim etdiyi qarşı tərəfin Tap.az saytında 1500 AZN satışa çıxartdığı HAVAL Jolion markalı nəqliyyat vasitəsinə məxsus demək olar ki zərər görməmiş ön faraları sübut kimi qəbul etməməsidir. Halbuki elanda qarşı tərəfin adı və telefon nömrəsi öz əksini tapmışdır və bu da sübut edir ki, nəqliyyat vasitəsi ciddi zərər gürməmişdir.
Apellyasiya şikayətinə etiraz
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək,etirazda 2 dəfə ekspertiza keçirildiyi göstərilərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.
İşdə iştirak edən şəxslərin izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 4906 (dörd min doqquz yüz altı) manat və qiymətləndirmə xərcinə görə 600 (altı yüz) manat, ödənilmiş dövlət rüsumunun 69,6 (altmış doqquz manat altmış qəpik) manat hissəsi olmaqla, cəmi 5575,6 (beş min beş yüz yetmiş beş manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi üçün əsas şərt onun qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində yaranması və bu hərəkət ilə zərər arasında səbəb-nəticə əlaqəsinin olmasıdır. Eyni zamanda, zərər verənin təqsirli olması da vacibdir.
22. Hazırki iş üzrə cavabdeh yol hərəkəti qaydalarını pozaraq iddiaçının sahibliyində olan avtomobilə ziyan vurmuşdur. Zərər ekspert rəyi ilə müəyyən olunmuş və sığorta şirkəti tərəfindən də təsdiqlənmişdir.
23. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçının sahibliyində olan avtomobilə zərər vurması iş materialları iə təsdiq edilir və buna görə də həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
24. Lakin birinci instansiya məhkəməsi qeyd olunan avtomobil faralarının iddiaçı tərəfindən 1500 manata satılması ilə bağlı cavabdehin məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi əsası ilə həmin məbləğin də cavabdehdən tutulması qənaətinə gəlmişdir.
25. Bununla əlaqədar kollegiya qeyd edir ki, cavabdehin təqdim etdiyi diskə baxış keçirilmiş və həmin sübutla da müəyyən edilmişdir ki, İddiaçı Tap.az satış səhifəsində maşının faralarını satışı üçün elan yerləşdirmiş və cavabdehin yaxın adamı mobil telefon vasitəsi ilə iddiaçıya məxsus mobil telefon nömrəsinə zəng vurmaqla onunla əlaqə saxlamış, iddiaçı həmin faraların qiymətinin 1500 manat olduğunu təsdiq etmişdir.
26. Göründüyü kimi iddiaçıya vurulmuş zərərin iş materialları əsasında 11406 manat olaraq müəyyən edilməsi və həmin məbləğin 5000 manatının sığorta şirkəti tərəfindən ödənilmsi, həmçinin iddiaçı tərəfindən faraların 1500 manata satışa qoyulması nəzərə alınaraq qeyd edilməlidir ki, cavabdehdən 4906 manat pul vəsaiti tutularaq iddaçıya ödənilməlidir.
27. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə maddi ziyan düzgün müəyyən edilmədiyindən qətnamə qismən ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı və cavabdeh tərəfindən vurulmuş maddi ziyan 4906 manat müəyyən edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(077)-141/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 4906 (dörd min doqquz yüz altı) manat və qiymətləndirmə xərcinə görə 600 (altı yüz) manat, ödənilmiş dövlət rüsumunun 69,6 (altmış doqquz manat altmış qəpik) manat hissəsi olmaqla, cəmi 5575,6 (beş min beş yüz yetmiş beş manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.