Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1619/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-268/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-268/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 10465 manat əsas borc, 99,72 manat faiz borcu, 1000 manat cərimə borcu, gecikməyə görə hesablanan 1577,60 manat faiz borcu olmaqla, cəmi 13142 manat 32 qəpik məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 10465 manat əsas borc, 1597,07 manat faiz borcu, 4732,59 manat cərimə, 24.12.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1577,60 manat borc olmaqla, cəmi 18372,26 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15.05.2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20% ödənilmək şərtilə 18500 manat məbləğində təmir məqsədi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 10465 manat əsas, 1597,07 manat faiz, 4732,59 manat cərimə, 1577,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borc, cəmi 18372,26 manat borcu mövcuddur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sonuncu məhkəmə iclasının keçirilməsi ilə bağlı ona bildiriş göndərilməmiş və xəbəri olmamışdır. İddiaçı açıq səhmdar cəmiyyəti ilə arasında 15.05.2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 faiz olmaqla 18500 AZN məbləğində kredit verilmişdir. Müqavilənin tarixi 15.05.2014-cü il, müddəti 36 aydır və 15.05.2017-ci ildə müddəti bitmişdir. İddiaçı qanunvericiliyə əsasən iddia müddətini buraxdıqdan sonra məhkəməyə müraciət etmişdir. İddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən 2017-ci il tarixdə bitmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsinin verdiyi izahata əsasən məhkəmə ödənişi nəzərə alaraq iddia müddətinin tətbiqi barədə verdiyi ərizəni təmin etməmiş və iddiaçının iddiasını qismən təmin etmişdir. Belə ki, qanunvericilik normalarına əsasən iddia müddəti yalnız müqavilə müddətinə şamil edilir. Təcrübədə məhkəmələr ödənişi yox, müqavilə müddətini nəzərə alıb iddia müddətini tətbiq edərək iddianı və şikayəti təmin etmir. Beləliklə, iddia ərizəsi iddia müddətinin bitdiyi gündən sonra məhkəməyə verilmiş və bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 374.1, 375.1, 375.2, 377.1, 377.2, 380-ci maddələrindən aydın olur ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış 15.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 18500 AZN məbləğində kredit 36 ay müddətinə verilmiş və kreditin qaytarılmasına dair öhdəlik 15.05.2017-ci il tarixədək icra olunmalı idi və 3 illik iddia müddətinin axımı da 15.05.2017-ci il tarixdə başlamışdır. Beləliklə, qanunvericilik normalarına görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti çərçivəsində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı icra müddətinin bitdiyi andan 3 il ərzində, yəni 15.05.2020-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda, iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən kredit müqaviləsi üzrə 2017-ci ilin axırında və 2018-ci ilin əvvəllərində ödənişlər edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 15 may 2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh illik 20 faiz olmaqla, 36 ay müddətinə 18500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 15 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 07 may 2020-ci il tarixinə kredit öhdəliyi üzrə 10465 manat əsas borc, 1597,07 manat faiz, 4732,59 manat cərimə, 1577,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc, cəmi 18372,26 manat borcu vardır. İş materiallarında olan 30 may 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunu tam ödəməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 9/5897 saylı rəyindən görünür ki, iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 15 may 2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 15.05.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 11682,74 manat məbləğində, 07.05.2020-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 12143,55 manat məbləğində (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 07.05.2020-ci il tarixədək 5% dərəcəsi ilə hesablanmaqla) müəyyən edilir, o cümlədən, 15.05.2017-ci il tarixə əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1199,72 manat. 07.05.2020-ci il tarixə olan əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1660,53 manatdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində isə kreditor hesablanmış faiz formasında zərəri-real zərəri və əldən çıxmış faydanı tələb etməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 15 may 2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsin əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh illik 20 faiz olmaqla, 36 ay müddətinə 18500 manat məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 9/5897 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 15.05.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 11682,74 manat məbləğində, 07.05.2020-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 12143,55 manat məbləğində (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 07.05.2020-ci il tarixədək 5% dərəcəsi ilə hesablanmaqla) müəyyən edilir, o cümlədən, 15.05.2017-ci il tarixə əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1199,72 manat. 07.05.2020-ci il tarixə olan əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1660,53 manatdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, 10465 manat əsas borc, 99,72 manat faiz borcu, gecikməyə görə hesablanan 1577,60 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1000 manat cərimə tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 4732,59 manat məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 1000 manat cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 400 manat cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası MM-nin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunan maddənin mənasına görə borclu şəxs iddia müddəti ərzində iddia müddətinin kəsilməsinə səbəb olan borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Borcun etiraf edilməsini təsdiq edən hərəkətlərə borcun etirafına dair müxtəlif sənədlər və məktublar, o cümlədən borclunun borc götürdüyü məbləğin müəyyən hissəsini kreditora qaytarması, borcu qaytarması üçün ona əlavə vaxt verilməsini xahiş etməsi və bu kimi digər hərəkətlər aiddir. Əgər iddia müddəti keçənədək borclunun kreditora borcunu etiraf etməsi faktı müəyyən edilərsə, belə halda borcun etiraf edildiyi gün iddia müddətinin axımı kəsilir. İddia müddəti keçənədək borclu yenidən iddianı etiraf edilməsini təsdiq edən hərəkətlər etsə, iddia müddətinin axımı yenidən kəsilir. İşdən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi 15 may 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 15 may 2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 15 may 2017-ci il tarixdən başlanmışdır. İş materiallarında olan hesabdan çıxarış və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 9/5897 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 2017-ci ilin iyul, avqust, oktyabr aylarında, 2018-ci ilin yanvarında, sonuncu dəfə isə 02 mart 2018-ci il tarixdə ödəniş olmuşdur. İşdən görünür ki, İddiaçı” açıq səhmdar cəmiyyəti 09 iyul 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin axımı 02 mart 2018-ci il tarixdən yenidən başlanmışdır və belə olan halda hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Cavabdeh apellyasiya şikayətində sonuncu məhkəmə iclasının keçirilməsi ilə bağlı ona bildiriş göndərilməməsini və məhkəmə iclasından xəbəri olmamasını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirildikdən sonra 25 yanvar 2021-ci il tarixdə iş üzrə icraat təzələnərək işə baxılması 19 fevral 2021-ci il tarixə təyin edilmiş, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyə iddia müddətini tətbiq olunmasını xahiş etmiş, həmin ərizə 15 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-268/2021 saylı qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 400 (dörd yüz) manat cərimə borcu tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1619/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1619/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver