Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1620/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2(060)-1664/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində pul və 172.17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat pulun və 172.17 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin yay aylarında özünə məxsus mənzili 53000 (əlli üç min) manata satmış, satışdan əldə etdiyi məbləğin təxminən 14-15 min manatına özü üçün avtomobil almış, qalan məbləği banka əmanət hesabına qoymaq istəmişdir. Bundan xəbər tutan qardaşı yəni, Cavabdeh bacısından, yəni iddiaçıdan xahiş etmişdir ki, hazırda aylıq 500 manat ödəməklə kirayədə yaşadığı üçün yeni aldığı mənzili təmir etməkdə çətinlik çəkdiyindən ona evini təmir etmək üçün 30000 (otuz min) manat məbləğində borc pul versin ki, o evini qısa müddətdə təmir edərək evinə köçsün, aylıq kirayə haqqına xərci az çıxsın. Cavabdeh həmçinin iddiaçıya söz vermişdir ki, ilin sonunadək onun borcunu tam qaytaracaq, hətta iddiaçı pulu banka qoyacağı təqdirdə qazanacağı gəliri, yəni, cavabdehə borc verməsinə görə əldə çıxacaq faydanı da pulu tam qaytardıqdan sonra ona ödəyəcəkdir. Cavabdeh iddiaçını inandırmışdır ki, belə olan halda, o həm evini tez təmir edib evinə köçəcək və aylıq 500 manat kirayə haqqından azad olacaq, bununla da iddiaçıya pulunu banka qoyacağı təqdirdə ona ödəyəcəyi məbləğlə müqayisədə özü daha çox fayda əldə edəcəkdir. Bundan əlavə, cavabdeh iddiaçını inandırmışdır ki, hər hansı bir problem yaranarsa, o, özünə məxsus olan "Hyundai" markalı avtomobili satıb iddiaçıya olan borcunu ödəyəcəkdir. Cavabdeh iddiaçının doğma qardaşı olduğu üçün, həm qardaşına köməklik etmək məqsədilə, həm də pulun bankda olacağı təqdirdə əldə edəcəyi gəliri qardaşı ona ödəyəcəyi üçün 2021-ci ilin yay aylarında evdə anasının və qardaşı Azadın yanında cavabdehə 30000 (otuz min) manat məbləğində borca pul vermişdir. Doğma qardaş-bacı olduqları üçün onlar öz aralarında hər hansı bir yazılı əqd bağlamamışlar. Lakin cavabdeh verdiyi sözü tutmayaraq, indiyədək iddiaçıya hissə-hissə, bank kartına köçürməklə cəmi 2610 (iki min altı yüz on) manat məbləğində pul qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etmiş, lakin, cavabdeh hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan imtina etmişdir. Son dönəmlərdə isə, cavabdehin həyat yoldaşı, iddiaçının anasına və özünə təhqiramiz mesajlar göndərərək, həmin pulun guya gəlin gələrkən iddiaçının anası tərəfindən ona şər atılmasına görə, onun haqqı olduğunu, pulu qaytarmayacağını bildirmişdir. Qeyd edir ki, cavabdehin iddiaçıdan 30 min manat borca pul alması, onun cüzi hissəsini qaytarması, qalan hissəni qaytarmaqdan imtina etməsi barədə həm cavabdehin, həm də onun həyat yoldaşının, həm iddiaçı ilə, həm iddiaçının anası və digər qardaşı Azad ilə telefon danışıqları və vatsapda səsli və adi yazışmaları mövcuddur. Lakin həmin sübutların həcmi çox olduğuna görə, onları elektron kabinetə yükləmək mümkün olmadığından məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim olunacaqdır. Bundan əlavə, iddiaçının anası və digər qardaşı da şahid qismində onlar tərəfindən məhkəməyə dəvət olunacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı münasibətləri borc kimi qiymətləndirsə də, cavabdeh heç də borc münasibətləri olmasına dair mövqe bildirməmiş, həmin vəsaitlərin ona məxsus olmasını təkidlə bildirmişdir. Məhkəmə qeyd edilənlərin həqiqət olduğunu heç bir mötəbər sübutla araşdırmamışdır. Cavabdeh dəfələrlə qeyd etmişdir ki, onun iddiaçıya borcu yoxdur. Könüllü olaraq iddiaçının adına almış olduğu mənzil satılmış, satışdan ona məxsus olan pul vəsaiti götürülmüşdür. Ata evi atalarının vəfatından sonra satılmışdır. Birgə nikah dövründə əldə olunmuş əmlakdır. Satılmaqda isə məqsəd onların hər birinin payının müəyyən edilməsi üçün olmuşdur. Birgə yaşamaq mümkün olmadığına görə ana üçün ayrıca ev alınmaq məqsədi olmuşdur. Ev təxminən 100 min manata satılmışdır. 4 vərəsə olmuşdur. Hazırki işdə olan tərəflər onların anası və böyük qardaşlarıdır. Burada razılaşma ondan ibarət olmuşdur ki, 50 min manata anaya ev alınmışdır. Böyük qardaş öz payını istəməmişdir. Qalan vəsait isə hazırki iş üzrə tərəflər öz aralarında bölüşdürmüşlər. Sevinc xanım ona düşən məbləğin üstünü düzəldərək özünə ayrıca ev almışdır. Əslində Cavabdeh yanaşması da bundan ibarət olmasına baxmayaraq məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Cavabdeh heç də iddianı etiraf etməmiş, iş üzrə doğru olanı qeyd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıması, onların təkzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmaması və cavabdehin etirafı qanuna müvafiq olmaqla işin hallarına uyğun olması, eləcə də iddianı qəbul etməsinin işin mübahisəsiz halı olması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Əvvəla, qeyd etmək lazımdır ki, cavabdehin mövcud iddianı etirafı barədə nə məhkəmə iclas protokolunda, nə də özünün məhkəməyə ünvanladığı yazılı ərizəsində ifadə etməmişdir, əksinə sonuncu iddianın təmin edilməməsini xahiş etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianı bu əsasla da təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin tələblərinə uyğun olmadığından əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi cavabdeh iddiaçıdan tələb olunan məbləğdə pul iddiaçıdan həqiqətən də aldığını, lakin pulun borc məqsədilə alınmadığını mübahisələndirir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2., 77.1. maddələri). Qeyd olunmalıdır ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Göründüyü kimi iddiaçının qeyd etdiyi məbləğdə pulun cavabdeh tərəfindən alınması öz təsdiqini tapdığından, iddiaçı sübutetmə yükündən azad olunur, lakin həmin pulun borc deyil, cavabdehə aid olan pul olduğunu isə sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir (MPM-nin 88, 106.1. maddələri). İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və apellyasiya baxışı zamanı da müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt şəhərində atalarından miras qalmış hər birinin payının müəyyən edilməsi məqsədilə 100.000 manata satılmış, böyük qardaşları Azad özünə düşən puldan anasına ev alması üçün imtina edərək, sonda anası Tamaşa Abdullayevaya 50.000 manata ev alınmış, yerdə qalan 50.000 manat tərəflər arasında bərabər şəkildə bölünmüşdür. İddiaçı isə özünə düşən 25.000 manatın üstünü düzəldib ayrıca ev almış və daha sonra kirayə vermişdir. Bir müddət sonra isə həmin mənzili 53.000 manata satıb, təxminən 14.000-15.000 manat məbləğində özünə maşın almış, qalan məbləği banka qoymaq istəsə də, qardaşı Cavabdeh yeni aldığı mənzili təmir etdirmək üçün ona pul lazım olduğunu bacısına bildirmiş və ondan 30.000 manat məbləğində pul almışdır. Cavabdeh həmin puldan müxtəlif vaxtlarda iddiaçıya "xxxx" ASC vasitəsilə ümumilikdə 2610 manat məbləğində ödəniş etmiş, yerdə qalan məbləği isə borcu qalmışdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş anası Tamaşa və qardaşı Azad Abdullayevlərin ifadələrində də öz təsdiqini tapmışdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3. və 425.1. maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtlərdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Cavabdeh ödənilmiş 172.17 manat dövlət rüsumu tutulub iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat borcun və 172 (bir yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik dövlət rüsumu, ümumilikdə 27.562 (iyirmi yeddi beş yüz altmış iki) manat 17 (on yeddi) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1620/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1620/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver