Məhkəmə qərarları › İş №2(105)-1623/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1623/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1623/2022 27.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(028)-214/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Qubadlı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(028)-214/2022 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(028)-214/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaqlar böyümüş və onların saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Eləcə də, həmin vaxtdan sonra qiymətlər və istehlak xərcləri də artmış və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlara görə 2022-ci il üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən hər ay bir uşaq üçün tutulan 100 manat məbləğində aliment 1 uşağın ehtiyaclarının ödənilməsində çəkilən xərcin cüzi hissəsini təşkil edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 11 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlə 2003-cü ildə bağlamış rəsmi nikahdan 3 azyaşlı övladı vardır. Ailə qurduqdan sonra münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Birgə nikahdan olan övladları onun himayədədirlər. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 ona maddi köməklik göstərmir. Hazırda məhkəmə qətnaməsi ilə hər uşağln saxlanması üçün onun xeyrinə tutulan 100 manat aliment indiki reallıqda uşaqların saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh və İddiaçı rəsmi nikah münasibətlərindən xx.xx.2004-cü il tarixdə X5, xx.xx.2006-cı il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X6 adlı üç nəfər uşaqları doğulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikdə xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 mənafeyini, onların normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hallarını nəzərə almamışdır. Hazırkı vəziyyətdə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmaqla hər bir uşaq üşün hər ay 150 manat məbləğində alimentin alınıb verilməsinin müyyən edilməsi qanuni və əsaslı olmaqla, həm də ədalətlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılıb, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. İş üzrə tələb xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşağln saxlanmsı üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin artırıb, 193 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 50 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (93 x 12 ay) olduğu halda 3 uşaq üçün (93 x 3 x 12) olmaqla ümumilikdə 3348 manat təşkil edir. MPM-nin 402.1-ci madəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(028)-214/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1542/2021 nömrəli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Bu qətnamə ilə müəyyən edilmiş alimentin məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar