Məhkəmə qərarları › İş №2(105)-1623/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1623/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1623/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(012)-2136/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun və ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayon Sarxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda müddətdən artıq hərbi xidmətdədir və işğaldan azad olunmuş ərazidə xidmətini davam etdirir. Biləsuvar rayonunun Xırmandalı kənd sakini Cavabdeh ilə əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olarkən tanış olmuş, özü 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hadrut qəsəbəsində xidmətdə olarkən Cavabdeh “whatsapp" sosial şəbəkəsi vasitəsi ilə vəziyyəti ilə maraqlanmış və bu yolla onun etibarını qazanmışdır. Aralarında olan söhbət əsasında Cavabdeh mülkiyyətində olan “Niva” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilini nasazlıq səbəbindən satmaq istədiyini demişdir. Qarşılıqlı razılaşmaya əsasən mülkiyyətində olan “Niva” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 3500 manata satdığını bildirmiş, sonuncu ondan aldığı avtomobilə görə ona “Lada-21015” markalı avtomobil və əlavə olaraq 1000-2000 manat verəcəyinə söz vermiş, etibarını qazandığı üçün Bəhruza inanaraq mülkiyyətində olan “Niva” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili İmişli “Asan xidmət” Mərkəzində sənədləşdirərək onun əmisi oğlu Səmədə baş etibarnamə ilə vermişdir. Sonradan Bəhruz ona satdığı “Niva” markalı avtomobilə görə nə “Lada- 21015” markalı avtomobili, nə də vəd etdiyi 1000-2000 manat pulu vermiş, “Niva” markalı avtomobili öz adına keçirdiyi üçün və guya həmin avtomobilə 5000 manat xərc çəkdiyini bildirərək 3500 manat pulu verməkdən imtina etmişdir. Ona görə də, Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə şikayət etmiş və müraciəti əsasında toplanmış material üzrə 19 iyul 2022-ci il tarixli qərarla cinayət işi başlanılması rədd edilmişdir. Cavabdeh iddia ərizənə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə aralarında avtomaşınla bağlı alqı-satqı olmuşdur. Lakin iddiaçı məhkəməyə olduğu kimi məlumat vermək əvəzinə iddia tələbini yalanlarla bəzəmişdir. Onun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Onlar maşın alqı-satqısına qədər bir-birilərini tanımamışlar. O, avtomaşınını satması ilə bağlı elan yerləşdirmiş və o, həmin elanı gördükdən sonra iddiaçı ilə əlaqə saxlamışdır. O, “Niva” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinin nasaz olduğunu bildirərək, nasaz vəziyyətdə satışa qoymuşdur. Aralarında həmin avtomobilə görə pul danışığı olmuş və 2600 manat məbləğində avtomaşını almağı ilə razılaşmışlar. İddiaçı hərbi xidmətdə olduğu üçün aralarında olan danışıqlara əsasən onun əmisi oğlu yox, yaxın dostu olan Səmədin adına İmişli rayonunda yerləşən “Asan Xidmət” mərkəzində etibarnamə verilmişdir. Etibarnamənin dostu Səmədin adına verilməsində məqsəd daha sonra öz adına alqı-satqı etməyi olmuşdur. O ki, qaldı iddiaçının iddiasında qeyd etdiyi “Lada-21015” markalı avtomobil haqda isə bildirmişdir ki, iddiaçı söhbət zamanı demişdir ki, nasaz olan “Niva" markalı avtomobili satdıqdan sonra özünə “Lada- 21015” markalı avtomobil almaq niyyətindədir, belə olan halda o, rastına çıxan “Lada 21015” markalı avtomobili iddiaçının mobil telefonuna fotoşəkilini atmışdır. Həmin avtomobilin fotoşəkilini də internet vasitəsi ilə tapmışdır. İddiaçının dediyi kimi ona nasaz olan “Niva” markalı avtomobilinə pul və əlavə “Lada 21015” markalı avtomobili verməli deyildir. İddiaçı iddiasında ona qarşı çoxlu yalanlar söyləmişdir. Ona görə də iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Cavabdeh ilə birlikdə maşın alınarkən İmişli rayon “Asan Xidmət” mərkəzinə getmişdir. İddiaçı tərəfindən Cavabdeh dostu Səmədin adına etibarnamə verilmiş, “Niva” markalı avtomobil satılmış, Cavabdeh tərəfindən avtomobilin pulu iddiaçıya ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(012)-2136/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 2600 manat pulun və ödənilmiş dövlət rüsumu üçün 50 manat, cəmi 2650 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(012)-2136/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıya 2600 manat pulu vermiş, belə olmasa iddiaçı avtomaşınla bağlı Səmədin adına etibarnamə verməzdi. İddiaçı pulun ödənilməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Necə olur ki, maşını aldığı vaxtdan etibarən bu qədər müddət ərzində pulunu tələb etməmiş, indi tələb etməyə başlamışdır. Qətnamədə də həmçinin əsas kimi sadəcə qeyd olunmuşdur ki, iddiaçı onun 2600 manat məbləğində pul verməyini qəbul etmir. Halbuki bu sübut kimi qəbul edilə bilməz. Məhkəmə sadəcə diskdə qeyd olunan səs yazılarını, iddiaçının pulu tələb etməsini mötəbər sübut hesab edərək, iş üzrə yetərli sübut olmadığı halda onun hüquqlarını kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir. İddiaçı ona maşını satanda daha sərfəli maşın almaq istədiyini demişdir. O da dostları maşın alveri ilə məşğul olduğundan iddiaçıya maşın şəkilləri göndərmiş və pulun üstünü düzəldərək yeni maşın almasını təklif etmişdir. İddiaçıdan maşını aldıqdan sonra yenidən yığdırmış, şəkillərini paylaşdıqda iddiaçı ondan maşını yenidən özünə satmasını təklif etmişdir. O da maşını yeni yığdığını hələ satmaq istəmədiyini, nə vaxtsa satmaq istəsə iddiaçıya xəbər edəcəyini bildirmişdir. İddiaçı ondan maşını qaytarmağını istədikdə, o da maşını almaq üçün verdiyi pulu və maşını yığdırmaq üçün çəkdiyi xərci verərsə maşını ona verə biləcəyini bildirmişdir. 2021-ci ildə həmin maşını başqa şəxsə satmışdır. Buradan da göründüyü kimi o, avtomobili pulunu ödəyərək almışdır. Əlavə olaraq bildirir ki, iddiaçının tərtib etdiyi iddia ərizəsinin yalanlardan ibarət olduğunu göstərən digər sübut kimi ərizəsində qeyd edilən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardır. Onun həmin qərardan, ümumiyyətlə xəbəri yoxdur. Məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri götürmək istəyəndə də ona məlum olmuşdur ki, belə qərar ərizəyə əlavə olunmamışdır. Bunu məhkəmə iclaslarında dəfələrlə bildirməyinə baxmayaraq məhkəmə bu halı araşdırmamış, qətnamədə də bu qərarla bağlı heç bir mövqe bildirməmişdir. Burdan da görünür ki, qərar yoxdur. Onun barəsində iddiaçı yalan iddialar irəli sürür. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da onunla birlikdə İmişli rayon “Asan Xidmət” Mərkəzinə getmişdir. O, da “Niva” markalı avtomobilin ona satıldığının, onun tərəfindən pulun ödənilməsinin şahidi olmuşdur. Məhkəmə isə bu kimi halların heç birinə qiymət verməmişdir. İddiaçı iddia ərizəsində onun qeydiyyat ünvanını ünvan 1. Sadalanan hallardan da görünür ki, iş lazımi qaydada araşdırılmamış, iddia məhkəmə tərəfindən əsassız olaraq təmin edilmişdir. Qətnamədən də göründüyü kimi iddiaçının haqlı olmasını təsdiq edən heç bir sübut yoxdur. İddiaçı iddia ərizəsinə tamamilə yalan məlumatlar qeyd etmiş və onun hüquqlarını pozmuşdur. Hesab edir ki, məhkəmə qərar verərkən qərəzli olmuşdur. Təqdim etdiyi sübutları araşdırmamış, bir qisminə ümumiyyətlə qiymət verməmiş, bir hissəsini təhrif etmiş, bir hissəsinə isə işin faktiki hallarına uyğun olmayan qiymət vermiş, qeyd etdiyi sübutlara obyektiv yanaşmamış və araşdırmamış, nəticədə qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun hüququnu kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, “VAZ 21213” minik markalı, buraxılış ili 1994-cü il, ban nömrəsi XTA212130R1073819 olan avtomobil İddiaçı tərəfindən etibarnamə əsasında xx.xx.2029-cu il tarixədək idarə edilməsi üçün X4 verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı özünə məxsus “VAZ 21213” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil nasaz vəziyyətdə olduğundan satmaq qərarına gəlmiş, həmin avtomobili Cavabdeh satmış, cavabdeh də həmin avtomobili təmir etdirərək üçüncü bir şəxsə satmışdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı mübahisəli avtomobili 3500 manata satılması ilə bağlı cavabdehə razılığa gəldiklərini, həmin pul məbləğinin ona ödənilmədiyini, cavabdeh isə izahatında həmin avtombilin 2600 manata satılması ilə bağlı iddiaçı ilə razılığa gəldiklərini, həmin pul məbləğinin də iddiaçıya ödənildiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus olmuş “VAZ 21213” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin 3500 manata cavabdehə satılması ilə bağlı onlar arasında razılığın olduğunu qeyd etsə də, buna dair dair sübut təqdim etməmiş, cavabdeh isə izahatında mübahisəli avtomaşının 2600 manata satılması barədə razılığa gəldiklərini etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli avtomaşının 2600 manata ona satılmasını etiraf etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh 2600 manat pulun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelllyasiya şikayətinin “iddiaçıdan aldığı avtomaşına görə 2600 manat pulu iddiaçıya ödəməsi” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin qeyd edilən pul məbləğinin iddiaçıya ödənilməsi halları ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, 2600 manat pulun iddiaçıya ödənilməsini sübut etmək yükü artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün hər hansı bir əsas ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin şahid X1 ifadəsinə hüquqi qiymət verməməsi dəlili ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, şahid cavabdehin dostudur və onların yaxın münasibətləri vardır. Belə olan halda məhkəmə kollegiyası onun hüquqi baxımdan işin nəticəsində maraqlı olmasının istisna olunmadığı qənaətinə gələrək ifadəsini mümkün və mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(012)-2136/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar