Məhkəmə qərarları › İş №2(105)-1626/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1626/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1626/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzalı oğluna, X4, X6 və X7 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, əsas borc üzrə 2175 (iki min yüz yetmiş beş) manat 16 (on altı) qəpik, faiz borcu üzrə 172 (yüz yetmiş iki) manat 41 (qəpik), cərimə üzrə 175 (yüz yetmiş beş) manat 72 (qəpik) olmaqla, cəmi 2523 (iki min beş yüz iyirmi üç) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 20 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 “xxxx” KB ASC-yə olan borcları ödənilməsi, “xxxx” KB ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinin ilkin satış qiymətinin 55 000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırkı qətnamənin Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzalı oğluna, X5, X8 və X7 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 24.08.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 07.05.2018-ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsi üzrə 2175,16 manat məbləğində əsas kredit borcu, 172,41 manat məbləğində faiz borcu və 175,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2523,29 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilin açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, S.N.İskəndərovanın, E.Cavabdeh3, G.N.Əzizovanın və ailə üzvləri Asiman İsgəndərovun və Aişə Əzizlinin həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 24.08.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 07.05.2018-ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsinə əsasən 18 ay müddətinə, 07.11.2019-cu il tarixədək illik 24% ödəmək şərtilə 6284 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq iddiaçıya ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş müddətlər pozulmuşdur. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlə Bank arasında bağlanılmış 24.08.2012-ci il tarixli, 21İ/12SU saylı ipoteka müqaviləsi və 08.07.2015-ci il tarixli Saziş əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu Sazişin 3-cü bəndinə əsasən daşınmaz əmlakın ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı əsasında 55000 manat məbləğində qiymətləndirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. 24 avqust 2012-ci il tarixli 21/12 SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07 may 2018-ci il tarixli 21-6/12 SU saylı əlavə kredit müqaviləsinə əsasən 18 ay müddətinə, 07 noyabr 2019-cu il tarixədək illik 24% ödəmək şərtilə 6284 manat məbləğində kredit götürmüşdür. Ödənişləri vaxtı-vaxtında ödəyirdi. Son vaxtlar ödənişlərdə geçikmələr etdiyindən bank məhkəməyə müraciət etmişdir. Hal-hazırda onun kreditora cəmi 1850 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçı ilə aralarında olan münasibətləri tam araşdırmadan qətnamə çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(060)-qətnaməsinin ləğv edib, məhkəmə qətnaməsinin dəyişdirilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, S.N.İskəndərova, E.Cavabdeh3 və G.N.Əzizova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki Cavabdeh1 03.03.1960-cı ildə, Quba rayonu, Mirzə-Qışlaq kəndində, Cavabdeh2 25.08.1983-cü ildə, Sumqayıt şəhərində, Cavabdeh3 05.02.1961-ci ildə, Ağsu rayonu, Sarvan kəndində, Sara İskəndərova 13.08.1986-cı ildə, Sumqayıt şəhərində, Elçin Bağırov 20.09.1992-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Onlar hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2012-ci il tarixli əsas kredit müqaviləsi və bu müqavilə çərçivəsində bağlanmış 07.05.2018-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, 07.11.2019-cu il tarixədək müddət ərzində, 24% ödəmək şərtilə 6284 manat kredit verilmişdir. 21-6/12SU saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 həmin kredit sazişi üzrə 18 ay müddətində hər ay 420 manat, sonuncu ay isə 403 manat ödəməli idi. 24.08.2012-ci il tarixli, 21İ/12SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 45də yerləşən 24 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə 08.07.2015-ci il tarixli, 3M-669 saylı qeyd ilə Sumqayıt şəhəri 4 saylı Notariat orqanı tərəfindən təsdiq edilmişdir. İşə əlavə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı, ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 65,01 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin 14/4307 saylı 15.08.2012-ci il tarixli arayışdan görünür ki, həmin mənzildə 14.08.2012-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən ipoteka predmeti olan mənzil 24.08.2012–24.08.2017-ci ilədək, RX seriyalı, ******* saylı çıxarışa əsasən isə həmin mənzil 24.08.2012–24.08.2027-ci ilədək iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Digər cavabdehlərin də mənzilin ipoteka ilə yüklü edilməsinə razılığını ifadə edən ərizələr Sumqayıt şəhər 3 saylı Notariat kontorunun 07.07.2015-ci il tarixli, 7E-10876 və 7E-10877 saylı qeydləri ilə təsdiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 11 saylı Mənzil Kommunal Sahəsindən verilən arayışdan görünür ki, ipoteka predmeti olan mənzildə cavabdehlərdən Cavabdeh3, Cavabdeh2, S.İskəndərova, G.Əzizova və E.Bağırov qeydiyyatdadırlar. İşə əlavə olan 27.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 07.11.2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 2175,16 manat, faiz borcu üzrə 172,41 manat, cərimə üzrə 175,72 manat olmaqla, cəmi 2523,29 manat borcu vardır. İşdən göründüyü kimi, göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 03.07.2019-cu il tarixində qeydə alınmışdır. İddiaçı tərəfindən bu bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə heç bir ekspertiza keçirilmədən ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 23.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 07.12.2020-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 65000 manat, likvid dəyəri isə 55000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 07.05.2018ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 18 ay müddətinə, 07.11.2019-cu il tarixədək illik 24% ödəmək şərtilə 6284 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 07.11.2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 2175,16 manat, faiz borcu üzrə 172,41 manat faiz borcu qalmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə cəmi 1850 manat borcun qalması barədə gətirdiyi dəlili heç bir sənədlə sübuta yetirə bilməmişdir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2175,16 manat əsas borc məbləğinə 175,72 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzili iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Mənzil satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 19 fevral 2021-ci il tarixli 2(060)-173/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar