Məhkəmə qərarları › İş №2(105)-1627/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1627/2023

22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1627/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “uşaqların saxlanması üçün alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu həddi miqdarında 220 (iki yüz iyirmi) manat pul vəsaitinin 02 fevral 2023-cü il tarixdən (ilkin mediasiya prosesinə başlandığı vaxtdan) etibarən olmaqla, iki uşağa aylıq 440 (dörd yüz qırx) manat miqdarında və uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər bir uşağa aylıq 50 (əlli) manat, iki uşağa 100 (yüz) manat miqdarında, cəmisi iki uşağa aylıq 540 (beş yüz qırx) manat miqdarında alimentin ataları Cavabdeh tutularaq anaları İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahları Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(029)-737/2017 saylı qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 anası İddiaçı yanında qalması barədə qətnamə qət edilmişdir. 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X5 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət olunmasına baxmayaraq Cavabdeh uşaqların saxlanması üçün aliment ödənişindən yayınıb və yayınır. Çünki o, başa düşmür və bu vaxtadək düşünmür ki, iki uşağı 200 manatla heç zaman saxlamaq mümkün deyil. Bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından doğulan uşaqlarının ikisi də hazırda onunla ünvan 1 ünvanda anasına məxsus fərdi yaşayış evində yaşayırlar. Cavabdeh uşaqları ilə heç zaman maraqlanmayıb və maraqlanmır, uşaqlarının maddi və mənəvi tələbatı ilə maraqlanmır, uşaqların maddi cəhətcə saxlanmasına kömək etmir, uşaqların mənəvi cəhətcə inkişafına dayaq durmur, uşaqların təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmur. Özünü gərəksiz bir əşya kimi hiss etdirir. Uşaqların saxlanması üçün aliment ödəməkdən yayınır. Uşaqların yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə heç zaman maraqlanmayıb. Azyaşlı uşaqları ilə anasına məxsus fərdi yaşayış evində yaşayır, Cavabdeh aliment ödəməkdən yayınır, uşaqların saxlanması üçün maddi köməklik etmir, uşaqların saxlanması üçün yemək, paltar, dərs ləvazimatlarının alınmasına, uşaqların müalicə və müayinə olunmasına və sairə maddi yardımlar etməkdən yayınır. Uşaqları normal saxlamaq, onlara məktəb ləvazimatlarının alınmasına, müalicəsinə, uşaqlara repititorların tutulmasına maddi imkanı çatmır. Məsələn, xx.xx.2020-ci il tarixdə X5 müalicəsinə 502 (beş yüz iki) manat pul xərcləmişdir. Vaxtaşırı olaraq uşaqların sağlamlığı üçün müvafiq miqdarda pul vəsaiti xərcləyir, Cavabdeh aliment ödənişindən yayınır.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-737/2017 saylı 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 02 iyun 2008-ci il tarixdə anadan olmuş X7 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər ay hər uşağa 25 manat olmaqla, cəmi 420 manat alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 56.40 (əlli altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Əli Cəlilov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(029)-737/2017 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin maddi və maliyyə vəziyyəti öyrənilməlidir. Məhkəmə uşaqların musiqi, rəqs, idman, rəsm və digər dərnəklərə gedib-gəlmələrini nəzərə almalıdır. Qeyd etdiyi kimi artıq uşaqlar böyüməkdədirlər, onların yeməyi, paltarı, dərs ləvazimatları, məktəbə və dərnəklərə gedib-gəlmələri, repititor haqqı yalnız uşaqların saxlanması ilə məşğul olan valideynin üzərinə qoyulmamalıdır, uşaqların tərbiyəsi, sağlamlığı, inkişafı, tədrisi ilə məşğul olmayan, maraqlanmayan valideyndən uşaqların saxlanması üçün yaşayış minimumundan əlavə dərs ləvazimatları, məktəbə və dərnəklərə gedib-gəlmələri, repititor haqqı tutularaq uşaqları saxlayan anaya verilməlidir. Məhkəmə bəzi diqqətəlayiq məqamlara əhəmiyyət verməyərək, hətta azyaşlı uşaqlar üçün minimum dolanacaq xərclərindən də az miqdarda aliment artımını həyata keçirmişdir. Belə ki, qeyd olunduğu kimi qızlar hədi-buluğa çatmaq üzrədirlər, uşaqların saxlanması -onların yaşayışı üçün su, qaz, elektrik enerjisi, normal yaşayış yeri, yemək məmulatları, geyimlər, dərs ləvazımatları, repititor haqqı, musiqi, idman, rəqs, sağlamlıqları üçün həkimə müraciət haqqı, dərman haqqı, gediş-gəliş haqqı və s. üçün məhkəmə tərəfindən müəyyən edilən aliment artımı qənaətbəxş deyil. Əvvəllər uşaqların ana nənəsi gümrah idi, yaxşı maliyyə vəsaiti qazanmaq imkanına malik idi, uşaqlara həm maddi, həm də mənəvi dəstək idi. Hazırda nənə çox qocalıb, uşaqlara maddi yardım göstərmək imkanları tükənmişdir. Qeyd edilənlərə əsasən Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-421/2023 saylı Qətnaməsinin dəyişdirərək İddiaçı ilə Cavabdeh birgə nikahından doğulan azyaşlı uşaqlar xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu həddi miqdarında 220 (iki yüz iyirmi) manat pul vəsaitinin 02 fevral 2023-il tarixdən (ilkin mediasiya prosesinə başlandığı vaxtdan) etibarən olmaqla, iki uşağa aylıq 440 (dörd yüz qırx) manat miqdarında və uşaqların müalicəsi, bilik səviyyəsinin artırılması məqsədilə (müəllim yanına hazırlıq üçün və s) hər uşağa 50 (əlli) manat, iki uşağa yüz manat miqdarında, cəmisi iki uşağa 540 (beş yüz qırx) manat miqdarında alimentin ataları Cavabdeh tutularaq anaları İddiaçı ödənilməsi barədə Qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)- 421/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin iddiaçıya aliment borcu var. Rusiya Federasiyasında yaşayır. sənətkardır, yaxşı qazancı var. Uşaqlar böyükdür. Ehtiyacları artır. Ana onları tək saxlayır. Uşaqlar repetitorla hazırlaşırlar. Ata uşaqlarla maraqlanmır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği Qusar Rayon Məhkəməsinin 2(029)-737/2017 saylı 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 02 iyun 2008-ci il tarixdə anadan olmuş X7 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər ay hər uşağa 25 manat olmaqla, cəmi 420 manat alimentin tutulması hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissələrdə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-737/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 sentyabr 2006-cı il tarixdə Qusar rayon VVADQ şöbəsində bağlanaraq 97 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 02 iyun 2008-ci il tarixdə anadan olmuş X7 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalmaları, 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X5 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

22. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Ayla və xx.xx.2010-cu il təvəllüdlü Humay adlı uşaqları doğulmuşdur.

23. İşdə olan Qusar rayonu “OKİ” X6 verilmiş xx.xx.2020-ci il tarixli 886 saylı arayışdan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində X7 tərəfindən “OKİ” özəl tibbi müalicəxanasının xəzinəsinə 502 (beş yüz iki) manat pul ödənmişdir.

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin nikahı Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(029)-737/2017 saylı Qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 anası İddiaçı yanında qalması barədə həmin Qətnamədə qət edilmişdir. 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X5 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı cavabdehin gəlirləri haqqında, həmçinin onun əmək haqqısının dəyişdirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin iş yeri və gəlirləri haqqında sübutlar təqdim edilmədiyinə görə, uşaqların mənafeyini nəzərə alaraq aliment miqdarını hər ay hər uşaq üçün 185 manat təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, aliment tutulduğu vaxtdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir.

25. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 185 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

28. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.

29. İş materiallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 100 manat məbləğindəki aliment xx.xx.2017-ci ildə, yəni uşaqların müvafiq olaraq 9 və 7 yaşları olanda tutulmuşdur.

30. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna 6 dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri haqqında, həmçinin onun əmək haqqısının dəyişdirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

32. Halbuki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

33. Hazırki halda iddiaçı cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsi, onun gəlirləri barədə hər hansı sübutu təqdim etməmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqların yaşlarının artmasını nəzərə alaraq alimentin artırılaraq hər biri üçün 185 manat müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər bir uşağa aylıq 50 (əlli) manat, iki uşağa 100 tələb edilsə də iddiaçı cavabdehin maddi vəziyyətini barədə hər hansı sübutu təqdim etmədiyindən məhkəmə haqlı olaraq tələbi həmin hissədə də qismən təmin edərək hər uşaq üçün 25 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissə üzrə gəldiyi nəticəni də əsaslı hesab edir.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 185 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin hər uşaq üçün 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.

38. Bundan başqa alimentin 2023-cü ilin yaşayış minimumuna uyğun müəyyən müəyyən edilməsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz.

39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 185 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.

41. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Qusar Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(029)-421/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar