Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1629/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı qıznın, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat pulun və məhkəməyə ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandımışdır ki, Cavabdeh onun iş yoldaşıdır, belə ki, onlar birlikdə 22 saylı tam orta məktəbdə hazırda da müəllim işləyirlər. Təxminən 2020-ci ilin mart ayında Cavabdeh məktəbdə ona yaxınlaşaraq ondan 1500 manat borc pul istəmişdir. Bildirmişdir ki, oğlu Turala toy edir, ev tikdirəcək, ona pul lazımdır. O, da cavabdehə inanıb səhəri günü ona 1500 manat borc pul vermişdir. Bir müddət sonra isə ondan yenə də borc pul istəmişdir ki, məbləğ azdır, o da cavabdehə 900 manat da borc vermişdir. Ümumilikdə Cavabdeh 2400 manat borc pul verib. Beləliklə, o, Nəzakətlə razılaşmışdır ki, hər ay az-az borcundan ödəyəcək. Hələ də indiyə 2400 manat borcundan bir qəpik də olsun ödəməmişdir. Bu halı təsdiq edən şahidləri də vardır. Artıq başa düşmüşdür ki, Cavabdeh ona olan 2400 manat borcunu qaytarmır. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim günel tanrıverdiyeva).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, əlyazmanın iddiaçı tərəfindən cavabdehə 1500 manat dəyərində pul verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir, iddiaçı cavabdehə əlavə 900 manat borc pul verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdeh məhkəmə iclasında iddiaçıya 150 manat borcu olduğunu etiraf etdiyindən iddia tələbini həmin hissədə təmin etmişdir.
6. Məhkəmə gəldiyi nəticəni AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun iş yoldaşıdır, belə ki, birlikdə 22 saylı tam orta məktəbdə hazırda da müəllim işləyirlər Təxminən 2020-ci ilin mart ayında Cavabdeh məktəbdə ona yaxınlaşaraq 1500 manat borc pul istədi. Bildirdi ki, oğlu Turala toy edir, ev tikdirəcək, pul lazımdır. Ona inanıb səhəri günü cavabdehə 1500 manat borc pul vermişdir. Bir müddət sonra isə ondan yenə də borc pul istəmişdir ki, məbləğ azdır, cavabdehə 900 manat da borc vermişdir. Ümumilikdə Cavabdeh 2400 manat borc pul vermişdir. Beləliklə, Nəzakətlə razılaşmışdır ki, hər ay az-az borcundan ödəyəcək. Hələ də bu günə kimi, 2400 manat borcundan bir qəpik də olsun ödəməmişdir. Bu halı təsdiq edən şahidləri də vardır. Artıq başa düşmüşdür ki, Cavabdeh 2400 manat borcunu qaytarmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/262 saylı rəyindən də görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 20 vərəqəsində olan 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imza ilə Cavabdeh eksperimental nümunələri ilə (i.v.ş 28) Cavabdeh məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin (i.v.29) kserosurətində əks olunmuş imza eyni şəxs tərəfindən icra olunmuşdur. İltizamdakı imzanın cavabdehə məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə tərəfindən hüquqları pozulub. cavabdehə pul verib, amma pulunu geri ala bilmir. 2400 manat puldan heç bir ödəniş olmayıb. Bu səbəbdən məhkəməyə müraciət edib. Cavabdeh pulu alanda qəbzə qol çəkib. Qəbzdə 1500 manat yazılıb. 900 manatı sonradan verib. Bu barədə qəbz yazılmayıb. Həmin puldan heç nə ödənilməyib. Pulu faizə verməyib. 900 manatla 1500 manatın verilməsi arasında təxminən 6 ay vaxt keçmişdi. Cavabdehin kartı əvvəllər onda olub. İndi kartı onda deyil. Cavabdehin kartından pandemiya başlayana qədər pul çıxarıb. Kart ona 2019-cu ildə verilib. Pulu 2020-ci ildə verib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, maaş kartı 5 ildir ki, iddiaçıdadır. Banka borcu olduğu üçün iddiaçıdan pul alıb, oğluna ev tikirib. Qızılları da, kartım da iddiaçıdadır. 900 manatın ona aidiyyəti yoxdur. İddiaçı deyir ki, gəlini onu aldadıb və 800 manat ondan pul alıb. Başqasının aldığı pula görə onu məhkəməyə verib. Borcunu qaytarıb və kartı ona qaytarılıb. Axırıncı dəfə keçən yay 150 manat borc alıb. O borcunun qaldığını etiraf edir. Əvəzində iddiaçıda nazik qızıl boyunbağı var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Mülki Prosessual Məcəllə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır.
18. İşdə olan əlyazma ilə yazılmış 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh ayda 150 manat qaytarmaq şərti ilə Sahibə Abdiyevadan 1500 manat pul götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir.
19. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/262 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 20 vərəqəsində olan 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imza ilə Cavabdeh eksperimental nümunələri ilə (i.v.ş 28) Cavabdeh məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin (i.v.29) kserosurətində əks olunmuş imza-eyni şəxs tərəfindən icra olunmuşdur.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, əlyazmanın iddiaçı tərəfindən cavabdehə 1500 manat dəyərində pul verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir, iddiaçı cavabdehə əlavə 900 manat borc pul verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdeh məhkəmə iclasında iddiaçıya 150 manat borcu olduğunu etiraf etdiyindən iddia tələbini həmi nhissədə təmin etmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir.
22. Belə ki, iltizamdakı imzanın cavabdehə məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən iltizama baxış keçirdikdə xüsusi bilik tələb olunmadan iltizamın imza hissəsinin iltizamın yazıldığı dəftərə aid olmayan başqa bir dəftərdən (riyazi damaları başqa rəngdə olan dəftərdən) cavabdehə məxsus imzanın olduğu hissənin kəsilərək əlavə edildiyi aydın görünür.
23. Bu səbəbdən məhkəmə kollegiyası həmin sənədi iddiaçı tərəfindən cavabdehə 1500 manat dəyərində pul verildiyini təsdiq edən qeyd edilən əlyazma əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.
24. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə əlavə 900 manat borc pul verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
25. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
26. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X2 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
27. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X2 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
28. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya 150 manat borcu olduğunu etiraf etdiyindən iddia tələbi həmin hissədə təmin edilə bilər.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia tələbi əsaslı olmadığından keçirilmiş ekspertizanın xərci də iddiaçıdan tutulmalıdır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı cavabdehin etirafı həcmində təmin etməkdə haqlı olmuşdur.
31. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 32 . Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd edilən dəlilləri təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz.
33. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi borcdan hər hansı məbləğin qaytarılmamasını bildirsə də, məhkəmə kollegiyasının iclasında cavabdehin əmək haqqı kartının özündə olduğunu bildirməklə verilmiş borcun qaytarılmaması barədə dəlillərini təkzib etmişdir. 34.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 35.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 434/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.