Məhkəmə qərarları › İş №2(105)-163/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-163/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-163/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-262/2020 saylı qətnaməsindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-262/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, əsas borc üzrə 2159,29 ABŞ dolları, faiz borcu 1995,33 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 4254,62 ABŞ dolları məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 20 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər X2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 77-ci məhəllə, 191C ünvanda yerləşən 0,185 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, torpaq sahəsinin satışından əldə edilmiş vəsaitin hesabına X2, Cavabdeh3, X5, Cavabdeh4 və Cavabdeh5 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin X2, Cavabdeh3, X5, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə olan borc ödənildikdən sonra torpaq sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin X4 qaytarılması, Sumqayıt şəhəri, 77-ci məhəllə, 191C ünvanda yerləşən 0,185 ha torpaq sahəsinin ilkin satış qiymətinin 8236 (səkkiz min iki yüz otuz altı) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.Abdullayev). Qətnamədən narazı qalan cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək əsas və faiz borcunun müəyyən edilməsi, cərimə borcunun isə 25 ABŞ dolları məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı QSC-nin iddiadan imtina barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədən görünür ki, cavabdeh X2 tərəfindən banka olan borc sonradan əldə edilmiş razılaşmaya uyğun olaraq ödənilmişdir. Ona görə də bank iddia tələblərindən imtina edir və bunun hüquqi nəticələri aydındır. Göstərilənlərə əsasən mübahisənin həll olunduğu bildirilir və iddiadan imtina edilməsi qeyd edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edilir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə heç bir üzürlü səbəb göstərmədən iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı QSC tərəfindən verilmiş iddiadan imtina ərizəsi qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-262/2020 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(060)-262/2020 saylı qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddia tələbindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-262/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar