Məhkəmə qərarları › İş №2(105)-1630/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1630/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1630/2024 23.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xeyrinə 3173.15 manat əsas, 685.27 manat faiz, 680.07 manat cərimə olmaqla, cəmi 4538.49 manat borcun və həmçinin ərizəyə görə ödənilmiş 65.39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3173.15 manat əsas, 220.35 manat faiz, 60 manat cərimə məbləği olmaqla, cəmi 3453.50 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65.39 manat pulun alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. İddiaçı Cavabdeh1 tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan ona xx.xx.2023-cü il tarixli bildiriş göndərilməklə tərəflər arasında kredit müqaviləsi həmin tarixdən məhkəmədən kənar ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər. Həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi 220.35 manat təşkil etmişdir. Dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. 680,07 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 462, 470.1, 472.2, 467, 739.1, 739.2, 743, Mülki Prosessual Məcəllənin 77.1,119.1-ci maddələrinə istinad edərək iddianı təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə yazıldığı kimi məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında aparılmış bu məhkəmə işindən cavabdehlərin xəbəri olmamışdır. Əgər xəbəri olsaydı məhkəməyə qeyd edilmiş 10 gün ərzində öz etirazını göndərərdi. Birinci instansiya məhkəməsinin iş üzrə bu qətnaməsinə və iddia tələbinə əsas etirazı ondan ibarətdir ki, iş materiallarından və qətnamədə yazılanlardan aşkar görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə sözügedən kredit müqaviləsi ləğv edilmişdir və bu barədə ona bildiriş də göndərilmişdir. Sözügedən kredit müqaviləsi iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin özü tərəfindən bir il bundan əvvəl ləğv olunduqdan sonra hansı müqaviləni icra etməməyindən söhbət gedir. İddiaçı tərəfindən bir il əvvəl ləğv olunmuş kredit müqaviləsinin şərtlərinə və yerinə yetirilməsinə baxıla bilməz. Çünki həmin müqavilə artıq öz hüquqi qüvvəsini itirmişdir. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinin həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verməsini və bu iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilənin ləğv edilmiş hesab edilməsi halını Şamaxı Rayon Məhkəməsi 2(074)- 1109/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində səhv təfsir və tətbiq edərək əsassız qətnamə çıxarmışdır. İş materiallarından aşkar görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə həmin kredit müqaviləsi ləğv edilərək öz hüquqi qüvvəsini tam itirmişdir, lakin üstündən bir il keçdikdən sonra iddiaçı ləğv etdiyi müqaviləni yenidən gündəmə gətirmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə olan sübutlar

10. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi üçün 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir.

11. Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024cü il tarixə "xxxx" X2 Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3173.15 manat əsas, 685.27 manat faiz, 680.07 manat cərimə borcu olmaqla, cəmi 4538.49 manat borcu vardır.

13. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixə olan 3173.15 manat əsas, 220.35 manat faiz, 40.45 manat cərimə borcunu ödəməsi və kredit müqaviləsini 3 iş günü müddətində ləğv etdiyini bildirmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

16. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində borc pul verilmiş, həmin müqavilənin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqavilə bağlanmış, müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 3173.15 manat əsas, 685.27 manat faiz, 680.07 manat cərimə borcu olmaqla, cəmi 4538.49 manat borcu yaranmışdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır.

20. Müqavilənin şərtinə görə illik 22 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank cavabdehdən xx.xx.2024-cü il tarixinə 685.27 manat faiz borcu tələb etsə də iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixldə cavabdehdə bildiriş göndərərək xx.xx.2024-cü il tarixə olan 3173.15 manat əsas, 220.35 manat faiz, 40.45 manat cərimə borcunu ödəməsini tələb edərək, müqavilənin ləğv edildiyini bəyan etmişdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

23. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq müqavilə üzrə faiz borcuna görə xx.xx.2023-cü il tarixli bildirişə qədər hesablanmış məbləği tutmaqda haqlı olmuşdur.

24. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinin 4.3-cü bəndindən görünür ki, borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğiunin illik 40% miqdarında cərimə tətbiq edə bilər. İş materiallarından görünür ki, iddiaçı bank əsas borca görə 980,07 manat cərimə borcu tələb etmiş, məhkəmə isə həmin məbləğin tənasübsüz surətdə yüksək olmasını müəyyən edərək cərimə borcunu 60 manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılması ilə bağlı dəlilə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1, 284-5.1, 284-5.2-ci maddələrinin tələblərinə uyğun sadələşdirilmiş icraat qaydasında baxmış, məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada 28 iyun 2024-cü il tarixdə bildiriş, eləcə də iddia tələbinə etiraz edilməsi, sübutların təqdim edilməsi barədə məlumat göndərmiş, göndərilmiş məktub xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edlməklə cavabdehlər tərəfindən alınmışdır (i.v.24-25).

26. Məhkəmə kollegiyası kredit müqaviləsinin xx.xx.2023-cü il tarixdə bank tərəfindən ləğv edildiyinə görə ləğv edilmiş müqavilənin şərtlərinə və yerinə yetirilməsinə baxıla bilməməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməsi və ya bir tərəfli qaydada ləğv edilməsi ilə əlaqədar müqaviləyə xitam verilməsi tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1109/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar