Məhkəmə qərarları › İş №2(105)-1634/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1634/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1634/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 5823,23 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi, həmçinin tərəfindən ödənilmiş 79 manat dövlət rüsumunu və hüquqi yardım üçün ödənilmiş 325 manat rüsumu da cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ona verilmiş digər Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Lixiang” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Çerkasi küçəsində svetoforun qadağanedici işığında yol ayırıcına daxil olaraq mülkiyyətində olan Ford markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbə nəticəsində ona məxsus Ford markalı avtomobil “Mercedes Vita” markalı, **-LC-*** dövlət nişanlı avtomobillə dəymiş, Ford markalı avtomobilin arxası ilə hərəkətdə olan İsuzu markalı, **-JP-*** nömrəli avtomobil Ford markalı avtomobili vurmuşdur. Bununla da yol nəqliyyat hadisəsi baş vermişdir. Şəxs spirtli içkidən istifadə etmiş, müayinədən keçirilmişdir, izahatında da 3-4 bakal pivə, araq içdiyini bildirmişdir. Şəxsin sürücülük hüququ olmamışdır. Hadisə zamanı bütün avtomobillərə maddi ziyan dəymişdir. Buna görə də vətəndaş Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2229/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və o, 01 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilmişdir. Hadisə zamanı mülkiyyətində olan Ford markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 9790 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 3966,77 manat sığorta tərəfindən ona ödənilib. Qalan məbləği yəni, 5823,23 manat pulu cavabdehlərdən tələb etsə də ona hər hansı bir ödəniş etməmişdir. Cavabdehlər könüllü olaraq avtomaşına vurulan zərəri ödəmək istəmirlər. Dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, dəymiş maddi zərərə görə 5823,23 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir.

3. İddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 5823 (beş min səkkiz yüz iyirmi üç) manat, 23 (iyirmi üç) qəpik pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 (yetmiş doqquz) manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan “Ford” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 idarə etdiyi “Lixiang” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.2-ci və 334.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 01 ay müddətinə inzibati qaydada tutulması qərara alınmışdır. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş “FMS” servisin direktoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı ilə **-LE-*** qeydiyyat nömrəli, “Ford Transit” markalı avtomobilə dəymiş zərərin məbləği 9790 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 3966,77 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. İş materialları ilə “Ford” markalı, **-LE-*** qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin cavabdeh İddiaçı qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir. 9790 manat vurulmuş zərərin 3966,77 manat sığorta ödənişi iddiaçıya ödənildiyindən (9790-3966,77), Cavabdeh2 5823 (beş min səkkiz yüz iyirmi üç) manat, 23 (iyirmi üç) qəpik pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə Cavabdeh1 MMC avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır. Hazırki halda isə nəqliyyat vasitəsinin mülkiyyətçinin razılığı ilə Cavabdeh2 mülkiyyətinə keçməsi halı müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 06 may 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin xidmətlərinə görə 325 manat məbləğində ödəniş edilmişdir. Eyni tarixli vəkil orderindən görünür ki, vəkil ilə də müqavilə məhz 06 may 2025-ci il tarixdə bağlanmışdır. MPM-nin 121.1-ci maddəsinə əsasən vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, iş üzrə iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə digər cavabdehə münasibətdə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, məhkəmə gedişatında Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, digər cavabdehin mülkiyyətində olan avtomobili onun razılığı və xəbəri olmaqla idarə etmişdir. Belə ki, o, digər cavabdehə bildirmişdir ki, moykada su bitib və su vurmaq lazımdır. Bunun üçün də avtomobildən istifadə etmək lazımdır. Bu zaman digər cavabdeh ona razılıq vermişdir. Yəni, avtomobilin mülkiyyətçisi cavabdehə avtomobili idarə etmək üçün razılıq vermişdir. Bundan sonra da Cavabdeh2 inzibati xəta törətmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə iclasında cavabdehə verdiyi sualların cavabında o, bunu təsdiq etmişdir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətrib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkə və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Hazırkı vəziyyətdə digər cavabdehin də təqsirli davranışı var və bu hüquq pozuntusudur. Ona görə də hesab edirik ki, məhkəmə Mülki Məcəllənin 1108-ci maddəsini tətbiq etməklə hər iki cavabdehdən dəymiş ziyanı tutmalı idi. Məhkəmə digər cavabdehdən dəymiş ziyanı tutmamaqla Mülki Məcəllənin 1108-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin məhkəmə vəkil xərcini də qismən təmin etməklə Mülki Prosessual Məcəllənin tələbini pozmuşdur. Məhkəmə iddia tələbini cavabdehə münasibətdə qismən təmin etsə də, belə vəkil xərcini ağılabatan məbləğdə yox, tam şəkildə təmin etməli idi. Çünki iddiaçının ödədiyi məbləğ məhz 325 manatdır. Bu ödəniş qəbzi ilə də təsdiqini tapır. Maraqlıdır ki, məhkəmə dövlət rüsumunu tam olaraq təmin edir, vəkil xərcini isə qismən. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və iddia tələbi tam şəkildə təmin olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdi ki, hadisə baş verən zaman Çerkassi küçəsində yerləşən avtoyuma məntəqəsində işləyirdi, hazırda isə orada işləmir. Sürücü avtomobili avtoyuma məntəqəsinə gətirmiş, məntəqədə su olmadığından sürücünün razılığı ilə həmin avtomobili götürüb karta pul vurmağa getmişdir. Gecə içki qəbul etmiş, səhəri gün içkinin təsiri getmədiyindən avtombili idarə edərkən səhv etmiş, nəticədə qəza baş verib. Sürücünü sadəcə müştəri kimi tanımışdır. Sürücünün avtomobili özünün idarə etməməyinin səbəbini bilmir, sadəcə icazə almış, o isə razılaşmışır. Avtomobili sürücü özü gətirmişdi, o, su üçün karta pul yükləməyə gedəndə də orada idi. Sürücülük vəsiqəsi olmasa da avtomobilləri idarə etmişdir. Açarı istəmiş, sürücü özü ona vermişdir. Dəymiş zərər məbləğini hissə-hissə ödəyə bilər. Sürücü onun içkili olduğunu bilmədiyinə görə avtomobili ona verib. Avtoyuma məntəqəsindən mağazaya qədər təxminən 10-15 dəqiqəlik yoldur. Sürücünün cərimə olunub-olunmaması barədə məlumatı yoxdur.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. 13 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 01 ay müddətinə inzibati qaydada tutulması qərara alınmışdır.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Lixiang L9 Ultra Plug-in-hibrid” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 MMC-nin adına qeydiyyatdadır.

15. 18 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı mıəxsus hesaba 3966,77 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

16. “FMS” servisin direktoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, **-LE-*** qeydiyyat nömrəli, “Ford Transit” markalı avtomobilə texniki baxış keçirilmiş və dəymiş zərərin məbləği 9790 manat məbləğində qiymətləndirilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin Cavabdeh1nə münasibətdə təmin edilməməsi və hüquqi yardıma görə xidmət haqqının tututulmasına dair hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə də təmin edilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zərər məbləğinin Cavabdeh1 MMC-dən tutulmalı olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh2 məhkəmə kollegiyasının icalasında izahat verib bildirmişdir ki, Cavabdeh1nə məxsus avtomobil sürücü vasitəsi ilə avtoyuma məntəqəsinə gətirilmiş, o da su sayğacına pul yükləmək üçün avtomobili Cavabdeh1 MMC-nin mülkiyyətində olan avtomobilin sürücüdən istəmiş, sürücü də nəqliyyat vasitəsini idarə etməsinə razılığını vermiş, o da avtoyuma məntəqəsindən kənarda yerləşən ödəniş məntəqəsinə gedərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında özünü Cavabdeh1 MMC-nin nümayəndəsi kimi təqdim edən şəxs məhkəmə iclasında gəlsə də səlahiyyətini təsdiq edən etibarnaməni məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmış, lakin nümayəndə növbəti məhkəmə iclasına da gəlməmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC-nin avtomobili yumaq üçün avtoyuma məntəqəsinə təqdim etmək istəməsi tərəflər arasında xidmət müqaviləsindən irəli gəlmişdir. Lakin, avtoyuma məntəqəsində suyun olmaması və bu səbəbdən də ödəniş kartına pul yüklənməli olması ilə əlaqədar Cavabdeh2 avtomobildən istifadə etməklə yuyucu məntəqəsindən kənarda yerləşən ödəmə məntəqəsinə getməsinə Cavabdeh1 MMC-nin sürücüsünün razılıq verməsi xidmət müqaviləsindən kənar olmuşdur. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmamış, Cavabdeh1nə məxsus avtomobil sürücüsü isə bu halı aydınlaşdırmadan avtomobilin onun tərəfindən idarə etməsinə razılıq vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə də məsuliyyət nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, avtomobilin Cavabdeh1 MMC-nin sahibliyindən hüquqa zidd götürülməsində öz təqsiri də mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə Mülki Məcəllənin 1108.2-ci maddəsini tətbiq edib, iddianı hər iki cavabdehə münasibətdə təmin etməli olduğu halda səhvə yol verərək, iddianı yazlnız Cavabdeh2 münasibətdə təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat məbləğində pulun 150 manat hissəsini ağılabatan hesab etməsi də əsaslı olmamışdır. Belə ki, hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləği işin faktiki halları və görülmüş işin həcminə görə ağılabatan məbləğ olmuşdur.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh1 MMC-nə münasibətdə də təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 5823,23 manat (beş min səkkiz yüz iyirmi üç manat, 23 qəpik), iddia ərizəsinin və apellyasiya şikayətinin veriməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119 manat (yüz on doqquz), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3746/2025 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5823,23 manat (beş min səkkiz yüz iyirmi üç manat, 23 qəpik), zərər məbləği, iddia ərizəsinin və apellyasiya şikayətinin veriməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119 manat (yüz on doqquz), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar