Məhkəmə qərarları › İş №2(105)-1635/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1635/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1635/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il il tarixli, 2(034)-14/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X6 qarşı “borc tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda Zəngilan rayonu, Rəzdərə kəndində qeydiyyatda olan borclu X8 tərəfindən bağlanmış borc müqaviləsinin icrasının təmin edilməsi və 298.038 manat borcun borclu X2 alınaraq "xxxx" MMC-yə qaytarılması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan Cavabdeh ilə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MM-nin 882-ci maddəsinə əsasən 25 oktyabr 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf” “Birinci tərəf” -ə "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013- 2014-cü illər ərzində satışından əldə etdiyini və “Birinci tərəf”-ə ödəmədiyi, ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcunun olduğunu etiraf etmişdir. “İknci tərəf” “Birinci tərəf”-ə "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat məbləğində olan borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan X8 ilə "xxxx" MMC-nin adından fəaliyyət göstərən baş direktor X13 “İkinci tərəf”-in müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MM-nin 882-ci maddəsinə əsasən 12 noyabr 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf” adlanan mal bələdçisi X8 “Birinci tərəf”dən-"xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində müqavilənin bağlandığı tarixədək olan dövr ərzində satışından əldə etdiyi və “Birinci tərəf”- "xxxx" MMC-yə ödəmədiyi, ümumi dəyəri 298038 (iki yüz doxsan səkkiz min otuz səkkiz ) manat olan borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürsə də, lakin borcunu hər dəfə yalanlar danışaraq pulu ödəməkdən yayındığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə 07 noyabr 2014-cü ildə məhkəmə əmri verilmişdir. 2019-cu ilə kimi borcu ödəməkdən yayınaraq X8 məhkəmə əmrinə etiraz vermişdir. Müqavilə bağlandıqdan sonra bir müddət X8 yenə də onları inandıraraq işləməkdə davam etmişdir. Çünki evinin sənədlərini təqdim edərək satıb pulları ödəyəcəyini bildirmişdir. Hazırda onun müəssisəyə 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat deyil 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcu qalmışdır. Bu faktı hələ müəssisədə hesabatda iştirak edən X4 atası X3 18 oktyabr 2014cü il tarixində oğlunun "xxxx" MMC-yə 305.000 (üç yüz beş min) manat borcu olduğunu məhkəməyə təqdim olunmuş onun öz izahatında da təsdiq etmişdir. Lakin cüzi ödəniş aparıldığından bu borc 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz ) manat deyil, 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat olmuşdur. Bu borcu X8 “Ovçular ət və ət Məhsulları» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixində tərtib olunmuş üzləşdirmə aktında 23 oktyabr 2014-cü il tarixində öz imzası ilə təsdiq etmişdir. Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(034)-14/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X2 4161 manat borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinin 30,76 manatı iddiaçı "xxxx" MMC-dən və ekspertiza xərcinin qalan 30,76 manatının isə cavabdeh X2 tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Gülsarə İmanova). Zəngilan Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(034)-14/2020 nömrəli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-14/2020 nömrəli qətnaməsində səhvən göstərilmiş “29 sentyabr 2020-ci il”-in “02 oktyabr 2020-ci il” kimi oxunması qərara alınmışdır (hakim Gülsarə İmanova). İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-776/2021 nömrəli 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh X2 303.948 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcun tutularaq "xxxx" MMCyə ödənilməsi, cavabdeh X1 ekspertizanın dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpiyin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov). Cavabdehin vəkili Əliyev Arif Sabir oğlu kassasiya şikayəti və sonra şikayətə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(102)-4367/2021 nömrəli qərarı ilə cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-776/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(105)-403/2022 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi X10 apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin iş üzrə 2 oktyabr 2020-ci il tarixli 2(034)- 14/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev). İddiaçının vəkili Nümayəndə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli, 2(102)-2878/2022 nömrəli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(105)-403/2022 nömrəli qətnaməsinin ləğv edilməsi,mülki işin yenidən baxılması üçün apellyasiya icraatına qaytarılması qərara alınmışdır( hakimlər İsmayıl Xəlilov (məruzəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Məhkəmə əmri cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində Zəngilan Rayon Məhkəməsində imza edilməklə qəbul olunmuş və məktuba “Qəbul etdim.Qərarla tam razıyam.Borcumu bir daha etiraf edirəm. İmza: /var/ Cəfərquliyev Rasim xx.xx.2014” qeyd edilmişdir. Lakin sonradan təyin olunan hakim cavabdehin xeyrinə məhkəmə əmrini ləğv etmişdir.Baxmayaraq ki, cavabdehin Abşeron icra və Probasiya şöbəsindəki izahatları ilə digər vətəndaşları da aldatmağı ilə bağlı icra sənədləri mövcuddur.xx.xx.2014-cü ildə cavabdehin könüllü icrası barədə bildiriş göndərilsə də, o, sonradan icradan yayındığı üçün barəsində xx.xx.2016-cı ildə axtarış elan olunmuşdur. Məhkəmə tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməmiş,sübut kimi qəbul edilməmişdir. Məhkəmə heç bir sənəd və sübuta istinad etmədən cavabdehin bütün sözlərini sübut kimi qəbul etməklə qətnaməni əsaslandırmağa çalışmış və hətta 25 oktyabr 2014-cü il tarixində 38 saylı notariat kontorunda borc müqaviləsi bağlanmasına da şübhə ilə yanaşmışdır. Məhkəmə ekspert rəyində də qeyd olunan 2014-cü il üzləşdirmə aktını sübut kimi qiymətləndirməmiş, sübut kimi qiymətləndirdiyi 2013-cü ildəki üzləşdirmə aktında iş üzrə şahid ifadələrindən də görünür ki, aktda nəinki müəssisənin baş mühasibinin, hətta cavabdeh Rasim Cəfərquliyevin də imzası yoxdur.Tərəflər arasında 2014-cü ildə borcun olması haqqında müqavilə imzalanmışdır ki, buna görə həmin borc 2013-cü ildə ödənilə bilməzdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən qətnamə tamamilə ləğv edilərək, 298.038 manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 02 oktyabr 2020-ci il il tarixli, 2(034)-14/2020 nömrəli qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298038 manat məbləğində olan borcunu, Cəfərquliyev Rasim xx.xx.2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisəndirməməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli üzləşmə aktının surətindən məlum olur ki,Cavabdeh 2013-2014-cü illər ərzində "xxxx" MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişini edərək cəmiyyətə cəmi 303943,0 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli üzləşmə aktının surətindən məlum olur ki, Cavabdeh 2013-2014-cü illər ərzində "xxxx"MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişin edərək cəmiyyətə cəmi 4161.80 manat borcu qalmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2019-cu il tarixli 27334 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli və xx.xx.2013-cü il tarixli üzləşmə aktların üzərindəki möhur əksləri mətbə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişed sənədlərinin üzərinə bir başa vurulmuşdurlar.Tədqiqata təqdim edilmiş X5 "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli 03 vərəqələrdən ibarət üzləşmə aktlarının üzərlərində olan “Azərbaycan Respublikası MMC” İddiaçı məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş X5 "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı xx.xx.2014-cü il tarixli və xx.xx.2013-cü il tarixli üzləşmə aktlarının üzərlərində möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Həmin hallarla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixində notariat qaydada mövcud borcun etirafı haqqında müqavilə imzalanmışdır. Bununla əlaqədar birinci instansiya məhkəməsinin ondan əvvəl imzalanmış üzləşmə aktlarına istinad etməsi əsaslı deyildir. 25 oktyabr 2014-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən “İkinci tərəf” “Birinci tərəf”- "xxxx" MMC –nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298038 (İki yüz doxsan səkkiz min otuz səkkiz) manat məbləğində borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməyi öhdəsinə götürür. Mövcud borcun etirafı haqqında bağlanmış müqavilə üzrə tərəflərin hüquq və vəzifələri həmçinin Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən “Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir”. Həmin məcəllənin 882.2-ci maddəsinə əsasən “Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz”. İddiaçının sonradan iddia tələbini artıraraq cavabdehdən 303948 manat pul tələb etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu məbləği əsaslandıran sübut qismində məhkəməyə mövcud borcun etirafı haqqında xx.xx.2014-cü il tarixli müqavilənin bağlanmasından əvvəl tərtib olunmuş xx.xx.2014-cü il tarixli üzləşmə aktına və digər sübutlara istinad etmişdir (2-ci cild i/v 8) . Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə mövcud borcun etirafı haqqında tərəflər arasında notariat qaydada bağlanmış 25 oktyabr 2014-cü il tarixli müqavilənin şərtləri əsas götürülməklə 298.038 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, cavabdeh X2 4161 manat borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il il tarixli, 2(034)-14/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin olunmasın. Cavabdeh 61,52 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X7 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar