Məhkəmə qərarları › İş №2(105)-1636/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1636/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1636/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-636/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18.06.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Kia Optima” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı 7 günlük etibarnamə vermişdir.

2. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə etdiyi müraciətə baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən xüsusatlar mülki məsələdir, bununla əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququ vardır.

3. AZ Turbo tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zəmanət talonundan görünür ki, “Kia Optima” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində zəif yağ təzyiqi nəticəsində turbo dağılmış, trubka tutulmuş, mühərrikin yağ, yağ filteri, hava filterini yenidən dəyişmək tövsiyə olunmuşdur.

4. 0076632 nömrəli xx.xx.2024-cü il tarixli qaimə fakturadan görünür ki, 2 turbonun qiyməti 3000 manat təşkil etmişdir.

5. xx.xx.2024-cü il tarixli qaimə fakturadan görünür ki, avtomobilin avadanlıqlarına görə 233 manat ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli əlyazmanın surətindən görünür ki, “Kia Optima” markalı avtomobilin mühərrikinin dəyişdirilməsi üçün zəhmət haqqı 350 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi xərclər 3000 manat – mühərrik, 500 manat – mühərrikin sənədləşdirilməsi, 220 manat – mühərrikin ehtiyyat hissələri, 350 manat – maşın ustasının əl haqqı, 20 gün işsiz qaldığı taksi pulu – 400 manat, ona dəymiş ziyan, turbo təmiri – 500 manat, benzin datçiki – 110 manat, ABS-300 manat, ayrbak – 500 manat, katalizator – 600 manat, kondisioner 800- 1200 manat, cəmi 4470 dəymiş ziyan və dövlət rüsumu olaraq ödənilmiş 64.70 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh göy rəngli “Kia Optima” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı maşını alana kimi tanımamışdır. İddiaçı maşın almaq istəmiş, xalası oğlu ilə birlikdə uyğun qiymətə maşınlara baxmaq üçün Sumqayıt şəhərində “TT Avto cars 64” salonuna yaxınlaşmışdır. Baxdığı maşınlar arasında göy rəngli “Kia Optima” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı maşını bəyənmişdir. Bu zaman Cavabdeh ilə 20000 manat dəyərində maşının qiymətini danışıb razılaşmışdır. İddiaçının üzərində o qədər pul olmadığı üçün Cavabdeh ona bildirmişdir ki, onun tanışı var, nə qədər pul çatmasa kredit ayırarıq aylıq ödəniş edə bilər. İddiaçı zəmanət talonu verildiyini soruşduqda, cavabdeh zəmanət verdiklərini bildirmişdir. Çünki iddiaçı zəmanət talonu vermədiklərinə görə maşın bazarından maşın almaq istəməmiş, bu səbəbdən salondan almağa qərar vermişdir. İddiaçı cavabdehlə razılaşmış və ona 12000 manat dəyərində pul vermişdir. Cavabdeh zəmanət talonunu tələb etdikdə, cavabdeh zəmanətin onun “TT Avto cars 64” salonu olduğunu, narahat olmamasını bildirmişdir, zəmanət talonu verməmişdir. Cavabdeh iddiaçıya 1 həftəlik etibarnamə vermiş və bildirmişdir ki, maşının kondisioneri işləmir, yeni kondisioner qoyacaq, iddiaçı 1 həftə maşını sürsün, hara istəyirsə aparıb yoxlatsın, nə problemi olsa salona yaxınlaşsın, cavabdeh həll edəcək. İddiaçı maşını alıb Zərdab rayonu, Sarıqaya kəndinə getmiş, iki gün toya başı qarışıq olduğu üçün üçüncü günü maşını kənddə öz tanış maşın ustasının yanına yoxlatmağa aparmışdır. Usta maşına baxış keçirmiş və iddiaçıya bu maşında problem çoxdur mühərrik dəyişilməlidir, mühərrikin ehtiyyat hissələri dəyişilməlidir, ABS işləmir, Turbo təmir olunmalıdır ya da təzəsi alınmalıdır, katalizator, benzin datçiki, airbak, kondisioner dəyişilməlidir. Usta maşını qaytarmasını məsləhət görmüşdür. İddiaçı 20 iyun maşın ustasının yanında Cavabdeh maşının bütün problemlərini “Whatsapp” üzərindən yazmış, zəng etmişdir. Cavabdeh dəfələrlə iddiaçıya cavab verməmiş, sonradan 22 iyunda cavab vermiş, “Whatsapp” üzərindən səsli mesaj göndərmiş və bildirmişdir ki, iddiaçı rayondan çıxıb saat 12:00-a kimi çatdıra bilsə gəlsin, ustaya birlikdə getsinlər, gələ bilməsə sabah bazar günü olduğundan, bazar ertəsi ustaya getsinlər. İddiaçı Bakıya qayıtmış, cavabdeh yenə zənglərinə cavab verməmiş, 24 iyunda ustanın yanına getmək üçün iddiaçıya “Whatsapp” üzərindən ünvan göndərmişdir. İddiaçı anası ilə birlikdə Cavabdeh ilə görüşmüş, maşını qaytarmaq istədiyini demiş, cavabdeh isə maşını qaytarsa iddiaçının ödədiyi 12000 manat puldan 4000 manatın tutulacağını bildirmiş və iddiaçıya təklif etmişdir ki, birlikdə maşını sənədləşdirsinlər qalan 3000 manatı iddiaçı ödəsin, maşını isə cavabdeh öz tanıdığı ustalara təmir etdirsin. İddiaçı 4000 manat ziyana düşəcəyini bilib, məcbur qalıb cavabdehlə razılaşmış, 3000 manatı da cavabdehə vermişdir. Cavabdeh iddiaçını özü tanıdığı ustaların yanında aparmış, usta avtomobili təmir edə bilməmiş, cavabdeh bundan sonra daha 4 ustanı yanına aparmış, ustaların heç biri avtomobili təmir edə bilməmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, artıq axşamdır, hava qaralmışdır, sabah birlikdə başqa ustaya təmir etdirəcəkdir. İddiaçı oradan çıxıb qayıtdığında “20 yanvar” tərəfdə avtomobil qaynatmış, iddiaçı cavabdehə zəng etmiş, lakin cavabdeh zəngə cavab verməmişdir. İddiaçı “Whatsapp” üzərindən cavabdehə yazmış və ona bildirmişdir ki, onun tanıdığı ustalar nə etdilərsə maşına qaynatdı, bu səbəbdən yolda qalmışdır. O gündən sonra cavabdeh cavab verməmişdir. İddiaçı cavabdehin salonuna getmiş, lakin onu tapa bilməmişdir. Aradan çox zaman keçəndən sonra cavabdeh zəngi açmış və iddiaçıya heç bir problemini həll etməyəcəyini, hara istəyirsə şikayət eləməsini, maşını satdığını, bir tək kondisioneri düzəltdirəcəyini bildirmişdir. İddiaçı dəfələrlə xəbərdarlı etmiş, aralarında olan məsələnin həll etmələrini, yoxsa gedib şikayət edəcəyini bildirmişdir. Lakin heç bir əhəmiyyəti olmamış, iddiaçı məcbur qalıb “102” xidmətinə zəng etmişdir. İddiaçı birinci polis idarəsinə yönləndirilmiş, lakin Cavabdeh köhnə polis əməkdaşı olduğundan, iddiaçının şikayətinə baxılmamışdır. İddiaçı şikayətini bildirmiş, onlar iddiaçının şikayətini 5-ci polis idarəsinə göndərmiş, 5-ci polis idarəsindən iddiaçıya zəng edilmiş və bildirilmişdir ki, məsələ mülki iş olduğundan məhkəməyə göndəriləcək. Aradan 20 gün keçmiş, yenə də iddiaçının işinə baxılmamışdır. İddiaçı məcbur qalıb DİN-ə onlayn mesaj yazmış, iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir.

9. İddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, cavabdehdən ödənilməsini tələb etdiyi məbləğ olaraq 7180 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir.

10. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı izahatında bildirmişdir ki, tarix yadında deyil, iddiaçı yaxınlaşmış, avtomobilin məbləği 22000 manat məbləğində olmuş, 20000 manata razılaşmışlar. İddiaçı cavabdehə 12000 manat pulu olduğunu, bugün qızının dünyaya gəldiyini, qalan məbləği 1 həftəyə verəcəyini bildirmiş, cavabdeh ona avtomobili sürməsi üçün etibarnamə vermişdir. Cavabdeh avtomobil alıb, təmir edib satır. Avtomobilin kondisioneri işləməmiş, özü düzəltdirəcəyini iddiaçıya bildirmişdir. Cavabdeh avtomobili yoxlayıb alır, avtomobilin mühərriki işləmişdir. İddiaçı yolda olandan da zəng etmiş və iddiaçı ona problemin olmadığını bildirmiş, 8 gündən sonra anası ilə avtosalona gəlmiş və bildirmişdir ki, qalan məbləği bu müddət ərzində düzəldə bilməmişdir. İddiaçı möhlət istəmiş, cavabdeh iddiaçı ilə yenə də razılaşmışdır. İddiaçı kredit götürmüş, pulunu ödəmişdir. Sonradan ustaya getmişlər, gec olmuş, kondisioneri düzəltdirmək mümkün olmamışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, getsin sabah gələr, həll edərlər. 3-4 saat keçəndən sonra iddiaçı ona zəng etmiş, maşının mühərrikinin qaynatdığını bildirmişdir. Cavabdeh də bildirmişdir ki, avtomobil artıq 12 gündür ki, iddiaçıdadır. Bundan sonra iddiaçı mühərrikin pulunu istəmiş, aralarında mübahisə yaranmışdır.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasova Hicran Əvəz qızı ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır, keçən ilin iyun ayında oğlu avtomobil almış, avtomobilin yoxlanması üçün ona 5-6 günlük etibarnamə verilmişdir. Röyal avtomobili yoxlatmış, problemləri çıxmışdır. Oğlu onun yanında həmin şəxsə zəng edib avtomobilin problemlərini demişdir. Oğlu Sumqayıtda yaşayır, avtomobili alıb Zərdaba anasının yanına getmişdir. Sonradan onunla birlikdə Natiqin yanına getmişlər. Oğlu avtomobilə 7000 manata yaxın xərc çəkmişdir. Avtomobilinin alınmasına görə 17000 manat bir vermiş, qalan məbləği kreditlə ödəmişdir. Natiqə avtomobilin problemlərini deyəndə, onu məhkəməyə verməsini bildirmiş, məhkəmənin qərarına əsasən düzəltdirəcəyini bildirmişdir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının xalası oğludur. Röyal onunla birlikdə avtomobil baxmağa getmişdir. Əvvəl başqa yerə baxmışlar, iddiaçı bəyənmədiyinə görə, cavabdehin salonuna getmişlər, salonun kameralarında da müəyyən edə bilərlər ki, o, iddiaçının yanında olmuşdur. Avtomobili işə salmışlar, kondisioner işləməmiş, birazdan işləyəciyini bildirsələr də, sonradan da işləməmişdir. Natiq iddiaçıya etibarnamə vermiş, nə problemi olsa, hər birini düzəltdirəcəyini bildirmişdir. Avtomobil Dərnəgül yolunda qaynatmışdir. Şahid iddiaçının avtomobilinin mühərrikinə nə qədər xərc çəkdiyini bilməmiş, lakin ümumilikdə 7000 manata yaxın xərci çıxdığını bildirmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş 52 nömrəli 19 iyun 2025-ci il tarixli hesabatdan görünür ki, “Kia Optima” markalı **-DZ-*** nömrə nişanlı avtomobilin hazırkı bazar dəyəri 20000 manat, iş materiallarında olan qüsur aktı nəzərə alınmaqla dəymiş ziyanın real bazar dəyəri 5300 manat müəyyən edilmişdir. Dəymiş ziyan: (Mühərrik – 3000 manat; zəhmət haqqı (mühərrikin yenisi ilə əvəz olunması) - 300 manat, turbo təmiri – 300 manat; yanacaq datçiki – 150 manat; ABS 250 manat; airbak 1 ədəd – 250 manat; airbak 1 ədəd – 150 manat; katalizator – 600 manat; kondisoner – 300 manat). "xxxx" MMC tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli 22 nömrəli hesab fakturadan görünür ki, ekspertiza xərci 200 manat təşkil edir.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-636/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilmiş, Cavabdeh 5310 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 64,70 manat dövlət rüsumunun 74%, yəni 48 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 26 %, yəni 16,70 manatın iddiaçıya aid edilməsi, iddia qismən təmin edildiyi üçün 200 manat qiymətləndirmə xərcinin 74%, yəni 148 manatının Cavabdeh, qalan 26 %, yəni 52 manatın İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 386.1, 1096, 1097.1, 1108.1 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “TT Avto cars 64” salonunda çalışdığı dövrdə İddiaçı avtosalona gəlmiş və salondakı “Kia Optima” markalı, **-DZ-*** nömrə nişanlı avtomobili bəyənmişdir. O, bəyəndiyi avtomobili almaq istədiyi üçün avtomobilin keyfiyyətinin yoxlaması məqsədilə həmin gün avtosalona usta gətirmiş və usta avtomobilə baxaraq hər şeyin qaydasında olduğunu bildirdiyindən, İddiaçı avtomobili almaq qərarına qəti olaraq gəlmişdir. Həmin avtomobilin qiyməti 20.000 manat olmuş, lakin İddiaçı üzərində həmin məbləğ tam olmamış, onun üzərində 8000 manat olmuşdur. İddiaçı övladının yeni dünyaya gəldiyini bildirərək qalan məbləği 1 həftədən sonra ödəyə biləcəyini demişdir. O da onun vəziyyətini nəzərə alaraq, razılaşmışdır. İddiaçı avtomobili almaq üçün 8000 manat ödəniş etmiş və o da etibarnamə verərək müvafiq etibarnamə əsasında avtomobili müvəqqəti idarə etməsini bildirmişdir. İddiaçı avtomobili təhvil verərkən avtomobil qüsursuz vəziyyətdə idi, yalnızca kondisoneri ilə bağlı kiçik problem var idi və ona kondisionerdəki problemi aradan qaldıracağını bildirmişdir. Bu proseslər baş verərkən avtosalonun müdiri X5 və avtosalonda işləyən X3 da orada idi, bütün baş verənlərdən onların da məlumatı olmuşdur. O, avtomobili İddiaçı təhvil verdikdən sonra ona zəng etmiş, hər şeyin qaydasında olub-olmadığını soruşmuş, İddiaçı isə avtomobilin yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Bundan təxmini 8 gün sonra İddiaçı anası ilə birlikdə avtosalona gəlmiş və ona qalıq məbləği bu müddət ərzində tamamlaya bilmədiyini bildirərək kredit götürməklə qalan məbləği də tamamlamışdır. O, avtomobildəki kondisioner problemini həll etmək üçün həmin gün onunla birlikdə avtomobili ustaya aparmış, lakin gec saat olduğu üçün kondisioneri təmir etmək mümkün olmamışdır. Buna görə də o, sabah avtomobilin kondisionerinin düzəldiləcəyini bildirmişdir. Sonuncu danışıqlarından 3-4 saat keçdikdən sonra İddiaçı zəng edərək avtomobilin mühərrikinin qaynatdığını bildirmiş və avtomobili geri qaytarmaq istəmişdir. Lakin ona avtomobili tam qüsursuz vəziyyətdə verdikdən sonra 9-cu günündə avtomobili geri qaytarmaq istəməsi tam əssasızdır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə uzlaşmır, həmin məhkəmə qətnaməsi qanunvericiliyin tələbləri birbaşa pozulmaqla qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi xahiş etdi.

20. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

23. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

24. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin mübahisəsiz halına görə iddiaçı cavabdehdən “Kia Optima” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobilin dəyəri 20000 manat məbləğinə razılaşdırılmış, iddiaçı həmin vəsaiti cavabdehə ödəmişdir. İddiaçı avtomobili alan zaman kondisoneri işləməmiş, cavabdeh avtomobili yoxlatdırılması üçün iddiçıya 7 gün müddətinə etibarnamə vermiş, həmin müddətdə iddiaçı avtomobili yoxlatdırdıqda avtomobilin çoxsaylı nasazlıqlarının olduğu müəyyən olunmuşdur.

36. İddiaçı tələbi avtomobilin təmiri üçün çəkilmiş və çəkilcək xərclərin ödənilməsi, həmçinin 20 gün işsiz qalması səbəbilə ona ödənilməli olan taksi pulu ilə bağlıdır.

37. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

38. İş materiallarından görünür ki, "xxxx" tərəfindən verilmiş 52 nömrəli 19 iyun 2025ci il tarixli qiymətləndirilmə hesabatına əsasən “Kia Optima” markalı **-DZ-*** nömrə nişanlı avtomobilin hazırkı bazar dəyəri 20000 manat, iş materiallarında olan qüsur aktı nəzərə alınmaqla dəymiş ziyanın real bazar dəyəri 5300 manat müəyyən edilmişdir. Dəymiş ziyan: (Mühərrik - 3000 manat; zəhmət haqqı (mühərrikin yenisi ilə əvəz olunması) - 300 manat, turbo təmiri - 300 manat; yanacaq datçiki - 150 manat; ABS250 manat; airbak 1 ədəd - 250 manat, airbak 1 ədəd - 150 manat, katalizator - 600 manat, kondisoner - 300 manat).

39. İşdən həmçinin görünür ki, avtomobildə yaranmış nasazlıqlara görə iddiaçı onu aldıqdan sonra cavabdehə, daha sonra müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir. Avtomobili təmir etdirdiyi müddətdə avtomobilsiz qalmışdır.

40. Kollegiya birinci instaniya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı cavabdehdən aldığı avtomobilin qüsurlarının ona verilməzdən əvvəl əmələ gəldiyini sübuta yetirdiyindən, cavabdeh həmin avtomobilin qüsurları üçün cavabdehdir. Odur ki, cavabdehdən 5310 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə məhkəmənin verilmiş iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.

41. Kollegiya cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh avtomobilin iddiaçıya qüsursuz vəziyyətdə təhvil verilməsi barədə isə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

42. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

43. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar