Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1638/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 29463,46 manat borc və 178,39 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qərardadı ilə (V.Şirəliyeva) Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixdə verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli icra qeydi üzrə məzənnə fərqi olaraq yaranmış, cəmi 29463,46 manat borcun və 178,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsi Cavabdeh ünvanına (ünvan 1ndən 19 mart 2025-ci il tarixdə rəsmi qaydada alınmışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 135.2-ci maddəsinə müvafiq olaraq cavabdehin ünvanına göndərildiyi üçün rəsmi qaydada verilmiş hesab edilir. Lakin cavabdehin apellyasiya şikayəti 15 oktyabr 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, nəticədə qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Məhkəmənin bu mövqeyi ilə qəti şəkildə razı deyildir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-373/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsini cavabdeh rəsmi qaydada almayıb. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərnamədə olan imza və əlyazma cavabdehə məxsus deyil. Bu iş materiallarında olan etibarnaməyə nəzər yetirəndə də açıq-aşkar görünür. Ümumiyyətlə məhkəmə bildirişləri də poçt vasitəsilə cavabdehə göndərilməyib. Bütün bunlar isə məqsədli şəkildə olmuşdur. Məhkəmə yalnız cavabdehə sms göndərmişdir. Məhkəmə qətnaməsini cavabdeh rəsmi qaydada almadığından müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qətnamədən verilmiş şikayəti baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin işə baxan məhkəmə həmin vəsatətə baxmaq üçün iclas təyin etməli olduğu halda iclas təyin etməmiş və şikayəti geri qaytarmışdır. Bu isə MPM-nin tələbinə ziddir. Belə ki, məhkəmə iclas təyin etsəydi, o zaman işdə olan xx.xx.2025-ci il tarixli xəbərnamədə olan imza və əlyazmanın cavabdehə məxsus olub-olmaması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcəkdi. Lakin məhkəmə iclas təyin etməli olduğu halda, bunu etməmiş və cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə belə nəticəyə gəlib ki, apellyasiya şikayətində “vəsatət” başlığı altında Cavabdeh tərəfindən şikayət müddətinin ötürülmədiyi, qətnamənin cavabdehə göndərilmədiyi qeyd edilmiş, müddətin bərpası ilə bağlı hər hansı bir ərizə təqdim edilməmişdir. Həmin vəsatət məhz müddətin bərpası ilə bağlıdır. Həmin ərizədə də cavabdeh müddəti ötürmədiyini haqlı olaraq bildirmişdir. Çünki qətnaməni həqiqətən də cavabdeh almayıb. İşdə olan xəbərnaməni araşdırmaq isə mütləqdir. Çünki həmin əlyazma və imza cavabdehə məxsus deyil. Belə olan halda iş üzrə xəttşünaslıq ekspertizası təyin olunmalıdır. İşdə olan cavabdehin vəkilə verdiyi etibarnaməyə və xəbərnaməyə diqqət yetirəndə cavabdehin haqlı olduğu tamamilə aydın olur. Ona görə də hesab edir ki, qərardad ləğv olunmalı, iş üzrə ekspertiza təyin olunmalı, xx.xx.2025-ci il tarixli xəbərnamədə olan imza və əlyazmanın cavabdehə məxsus olub-olmaması müəyyən olunmalıdır. Bundan sonra isə digər prossesual hərəkətlər yerinə yetirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi Cavabdeh ünvanına göndərilmiş, qətnamə onun tərəfindən 19 mart 2025-ci il tarixdə rəsmi qaydada alınmış və bununla prosessual müddətin axımı başlamış, 19 aprel 2025-ci il tarixədək davam etmişdir. Lakin cavabdehin apellyasiya şikayəti müddət 5 ay 26 gün müddət ötürülməklə 15 oktyabr 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, nəticədə qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası müddətlə bağlı vəsatət verməsi barədə şikayətin dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdehin şikayətin məzmununda yazdığı vəsatət başlıqlı xahişi də müddət ötürüldüyü üçün bərpasını deyil, əksinə müddətin ötürülməməsini israrla bildirmişdir. Bu mənada məhkəmə kollegiyası Cavabdeh tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddət buraxıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli və onunla bağlı 05 noyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1638/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1638/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver