Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1642/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023cü il tarixli, e-2(060)-3304/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK № 0028/İK-20 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1 804,74 manat (bir min səkkiz yüz dörd manat yetmiş dörd qəpik) əsas, 731,95 (yeddi yüz otuz bir manat doxsan beş qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi borcu 2636,69 (iki min altı yüz otuz altı manat altmış doqquz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK № 0028/İK-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 1804.74 AZN (bir min səkkiz yüz dörd manat 74 qəp.) əsas, 731.95 AZN (yeddi yüz otuz bir manat 95 qəpik) faiz, 1282.74 AZN (bir min iki yüz səksən iki manat 74 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 3819.43 AZN (üç min səkkiz yüz on doqquz manat 43 qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 58.20 AZN (əlli səkkiz manat 20 qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK № 0028/İK-20 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25.5% olmaqla, 36 ay müddətinə 7000 AZN (yeddi min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, TuranBank ASC, Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 0028/İK-20 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 1 804.74 AZN (bir min səkkiz yüz dörd manat 74 qəp.) əsas, 731.95 AZN (yeddi yüz otuz bir manat 95 qəp.) faiz, 1 282.74 AZN (bir min iki yüz səksən iki manat 74 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 3 819.43 AZN (üç min səkkiz yüz on doqquz manat 43 qəp.) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK № 0028/İK-20 saylı kredit müqaviləsinin 2.1ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 51 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(060)-3304/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsi və iddia tələbinin qismən təmin olunaraq ondan 446,48 manat əsas borcun, 575,78 manat faiz borcu olmaqla, ümumilikdə 1022,26 manat pulun iddiaçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lakin işə baxan məhkəmə qətnamə çıxan tarixə onun ödənişləriylə bağlı çıxarışı tələb etməmiş və araşdırma aparmamış, ondan iddiaçının xeyrinə faktiki borclu qaldığı puldan 2 dəfə də artıq pulun tutulmasına dair qətnamə qəbul etmişdir. Onun banka əsas borcu xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan da göründüyü kimi 2446 manat olmuşdur ki, əsas borc artmayan, əksinə ödənişlər olduqda azalan məbləğdir və bu borcdan da 2000 manat ödənişin aparıldığını nəzərə aldıqda qətnamə çıxan tarixə onun əsas borcu 446,48 manat olmuşdur, faiz borcunu iddiaçının hesablaması üzrə 575,78 manat olmasını qəbul etdikdə o, banka 1022,26 manat borcu olur ki, həmin borcu da ödəməyə hazırdır, hətta qətnamədən sonra cavabdehə bu borcu qaytarmağı təklif etsə də o razı olmamış, ondan qətnamədə göstərilən məbləğdə pulu tam ödəməli olduğunu bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi qismən, əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh 446,48 manat əsas borcun, 575,78 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Cavabdeh1 tərəfindən ödənişləri nəzərə almamış, həmin tarixə ödənişlərlə bağlı çıxarışı tələb etməmiş və ətraflı araşdırma aparmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş 02 mart 2023-cü il və xx.xx.2023-cü il tarixli cari hesaba mədaxil qəbzlərinə əsasən Cavabdeh1 tərəfindən 1000+1000=2000 (iki min) manat ödəniş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində cavabdehlərdən tələb olunan borc 06 mart 2023-cü il tarixinə hesablanmış, bu zaman cavabdeh tərəfindən 02 mart 2023-cü il tarixdə edilmiş ödəniş nəzərə alınsa da, lakin xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş nəzərə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən edilmiş 1000 manat məbləğində ödəniş nəzərə alınmaqla 731,95 manat faiz və 100 manat məbləğində cərimə borcu silinməli, yerdə qalan 1636,69 manat məbləğində əsas borc tutulmalıdır (1000-100-731,95=168,05; 1804,74-168,05=1636,69). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1636 (min altı yüz otuz altı) manat 69 (altmış doqquz) qəpik əsas borc tutulsun, iddia tələbi faiz və cərimə məbləğinin təmin edilmiş hissəsində rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1642/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1642/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver