Məhkəmə qərarları › İş №2(105)-1642/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1642/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1642/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Akbayır Mansura qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi, sübutetmə vəzifəsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Mansur Akbayırın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Akbayır Mansura qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Akbayır Mansurdan müştərək qaydada 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə o, cavabdeh Akbayır Mansura 5800 (beş min səkkiz yüz) manat məbləğində borc pul vermiş və sonuncu həmin pulu 2 aya qaytarmağa söz versə də pulu tam olaraq qaytarmamışdır. Bundan başqa onun həyat yoldaşı olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ondan 2000 (iki min) manat məbləğində borc pul almış və ümumilikdə bu şəxslərin ona olan 7800 manat borclarından 2023-cü ilin avqust ayına kimi 2120 manat qarytarılmış və onların qalan borcları 5680 (beş min altı yüz səksən) manat olmuşdur. Halbuki, onlar həmin pulları alarkən 2 aya qaytaracaqlarına söz vermiş, lakin həmin vədlərinə əməl etməmişlər. O. hər iki cavabdehə pretenziya qaydasında poçt vasitəsi ilə məktub göndərmiş, lakin onlar bu borcu qaytarmaq əvəzinə onun barəsində şantaj xarakterli ərizələrlə polisə şikayət etmişlər. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

3. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassız olmaqla barabər yalan və uydurmalardan ibarətdir. Belə ki, o, Türkiyə Respublikasından gələrək burada işləyir. Cavabdeh1 ilə ailə qurmuşdur. İddiaçı Rafık qızı faizə borc pul verməklə məşğuldur. Bəzən işi olmayanda faizə pul verən İddiaçı faizə pul alıraq çox qısa müddətə qaytarmışdır. Yoxsa İddiaçı onların qohumu deyil, yaxını deyil, niyə pul versinki? Belə ki, sonuncu dəfə ondan xx.xx.2022-ci il tarixdə 3 aya qaytarmaq şərtilə 300 manat borc almış, həmin boru da bir dəfə 120 manat, daha sonra 300 manat olmaqla cəmi 420 manat pul ödəmişdir. Bundan sonra 25 yanvar 2023-cü il tarixdə İddiaçı 2000 (iki min) manat məbləğində pul almış, həmin pulu da ötən ilin avqust ayına kimi ödəmişdir. Həmin pulun 2120 manatını karta ödəmişdir. Hansı ki, onun ödənilməsini təsdiq edən kart ödənişləri barədə məlumatlar vardır. Digər 1200 manatını əlbə-əl vermişlər. Yəni, 25 yanvar 2023-cü ildə aldığı 2000 (iki min) manat pula görə İddiaçı 3320 (üç min üç yüz iyirmi) manat məbləğində pul ödəmişlər. Lakin bundan 2 ay sonra İddiaçı ondan yenə də borca görə faiz pulunu tələb etməyə başlamışdır. Onlar isə ona borcdan başqa faizi də ödədiklərini bildirsələr də, bunun heç bir nəticəsi olmamışdır. Bundan sonra onları hədələməyə başlamış, yalandan uydurduğu bildiriş göndərmişdir. 29 fevral 2024-cü il tarixdə onlara məhkəmədən bildiriş gəlmiş, bu zaman vəkillə əlaqə saxlamışlar, vəkil onlara məhkəmədən iddia ərizəsi və ona əlavə edilən sənədləri alaraq yanına gəlməklərini bildirmişdir. Bundan sonra onlar iddia ərizəsini alıb onunla tanış olmuş, iddia ərizəsində onlara xx.xx.2022-ci il tarixində 5800 manat, xx.xx.2023-cü il tarixində 2000 manat borc verdiyini, həmin puldan 2120 manat qaytardığını, yerdə qalan pulları qaytarmadıqlarını bildirmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli qəbzdə guya onun 5800 manat pul aldığını qeyd edir. Bildirmək istəyir ki, həmin qəbzə müdaxilə olunmuş, qəbz saxtalaşdırılmışdır. O, iddiaçıdan həmin tarixdə 300 manat pul almışdır. İddiaçı sonradan qəbzdə qaralama edərək 300 rəqəmini 5800 rəqəmi ilə əvəz etmişdir. Onlar iddiaçının bu tələbini qəbul etmirlər. xx.xx.2022-ci il tarixli qəbzdə 300 rəqəminin 5800 rəqəmi ilə əvəzlənməsi, qəbzdə sonradan düzəliş edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilməlidir. İddiaçı faizə borc pul verən olduğu üçün onun evində hətta kameralar vardır. Həmçinin iddiaçı pulu verərkən qəbzdən ayrıca, dəftərə də qeydlər aparırdı. Həmin kamera görüntülərinə və iddiaçı borc pul verilməsinə dair qeydlər etdiyi dəftərə baxış keçirilərsə həmin borcun 5800 manat deyil, 300 manat borc olduğu məlum olar. Həmçinin iddiaçı ilə aralarında ötən ilin sentyabr ayına kimi yazışmalar və səs göndərməli olmuşdur. Həmin yazışmalarda və səslərdə borcla bağlı müzakirələr gedir. Sonradan iddiaçı onlardan əsassız pul tələb etdiyini gördükdən sonra səs yazışmalarını əlavə telefona köçürmüşlər. İddiaçı isə sübut kimi istifadə olunmasın deyə həm öz həm də onun telefonundan səs və yazışmaları ikitərəfli olaraq silmişdir. Yenə də qeyd edir ki, iddiaçı onların qohumu və ya yaxın tanışı deyildir. Belə olan halda guya onun iddia etdiyi kimi əgər 5800 manat pul vermişdirsə, onu ödəyib qurtarmadan iki ay sonra yenidən 2000 manat pul verməsi real hesab oluna bilməz. Beləliklə, onların iddiaçıya heç bir borcu yoxdur. Əksinə iddiaçı faizə borc pul verməklə onların verdiyi pullara görə artıqlaması ilə pul almışdır. Bundan başqa onlar Sumqayıt şəhərində yaşayır. Məhkəmənin iclasından 29 fevral 2024-cü il tarixdə məlumatları olmuşdur. İş üzrə xx.xx.2022-ci il tarixli qəbzlə bağlı ekspertiza keçirilərsə real vəziyyət, iddiaçının onlara böhtan atdığı aydın olar. Hər bir halda məhkəmə tərəfindən işin tam hərtərəfli və ədalətli araşdırılması üçün vəsatətləri təmin edilməli və məhkəmə ekspertizası təyin edilməlidir. İddiaçı onlara qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişlər.

5. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə prosesini onun iştirakı olmadan kecirməklə onun vəsatətinin təmin olunması və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının kecirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və onda olan sənədlərin ekspertizaya təqdim olunacağını qeyd etmişdir. Həmçinin ərizə ilə bərabər vəsatətdə göstərmişdir ki, iddia ərizəsini məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə göndərmiş və sonradan- xx.xx.2024-cü ildə xəbərnaməli – sifarişli məktubla Quba rayon məhkəməsinə vacib məhkəmə sənədlərini (2 ədəd əlyazma qəbzlərin əslini,o cümlədən də mübahisələndirilən xx.xx.2022-ci il tarixli və Akbayr Mansurun xətti ilə yazılmış qəbzi) məhkəməyə poçt vasitəsi ilə göndərmiş (poçt qəbzi № SX014321756AZ), lakin ona məktubun çatdırılması barədə bildiriş gəlməmiş, sənədlər məhkəməyə təqdim olunmamışdır. O, məktubun məhkəməyə hansı səbəbdən daxil oldmaması ilə maraqlandıqda ona bildirilmişdir ki, həmin məktub poçt əməkdaşının səhlənkarlığı üzündən itmişdir.

6. xx.xx.2022-ci il tarixli əlyazma qəbzin surətindən göründüyü kimi, Akbayır Mansur İddiaçı 5800 manat pul götürmüş, həmin məbləği 3 aya qaytaracağını söz vermişdir.

7. xx.xx.2023-cü il tarixli əlyazma qəbzin surətindən görünür ki, Cavabdeh1 İddiaçı öz xahişilə 2000 manat məbləğində pul götürmüş, həmin pulu 1 il müddətində qaytarmasına söz vermişdir.

8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(027)-762/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Akbayır Mansur oğluna qarşı pul və dəymiş ziyan tələbinə dair mülki iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, e-2(027)-762/2024 saylı iş üzrə ekspertizanın aparılması və rəy verilməsi xx.xx.2022-ci il tarixli əlyazma qəbzin əslinin təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) İddiaçı cavabdehlər X5 və Akbayır Mansura qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 97.5, 14.2, 77.1, 88, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmə belə bir qənaətə gəlmişdir ki, İddiaçı qızı cavabdehlər X5 və Akbayır Mansur ilə aralarında borcla bağlı xx.xx.2022-ci il tarixli əlyazma iltizamın surətini idda ərizəsinə əlavə etsə də, iş üzrə ekspertizanın aparılması və rəy verilməsi xx.xx.2022-ci il tarixli əlyazma qəbzinin əslinin təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Halbuki, məhkəmə tərəfindən ona hər hansı bir məktub göndərilməmiş və o, işin ekspertizaya göndərildiyini bildikdən sonra özü həmin mərkəzdə olmuş, ona izah edilmişdir ki, qəbzin əslini poçt şöbəsi itirdiyi üçün məhkəmə tərəfindən qoyulmuş suallar əsasında rəyin verilməsi mümkünsüzdür, bu halda qəbzi yazan M.Akbayırın xətt nümunələri götürülməli və sonradan əlavə edilməsi bildirilən rəqəmin onun tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkündür, bu rəy hətta qəbzin əsli və ya onun skan edilmiş surəti əsasında da verilə bilər. Bu səbəbdən də o, vəsatətlə müraciət etmiş və məhkəmədən məhkəmə xətt ekspertizasının təyin olunmasını və M.Akbayırın xətt nümunələrinin götürülməsini xahiş etmişdir. Belə ki, birinci dəfə keçirilən ekspertiza zamanı məhkəmə onun xətt və imza nümunələrini götürməmişdir. Lakin işə baxan məhkəmə guya onun qərəzli olaraq ekspertizanın keçiriləmsinə mane olmağı qənaətinə gələrək iddia tələbini rədd etmişdir. Məhkəmənin bu qətnaməsi onun cavabdehlərə verdiyi puldan məhrum olmağına və son nəticədə əmlakının əlindən çıxmasına xidmət etmişdir. O, vəsatətdə göstərmişdir ki, iddia ərizəsini məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə göndərmiş və sonradan xx.xx.2024-cü ildə xəbərnaməli – sifarişli məktubla Quba Rayon Məhkəməsinə vacib məhkəmə sənədlərini (2 ədəd əlyazma qəbzlərin əslini, o cümlədən də mübahisələndirilən xx.xx.2022-ci il tarixli və Akbayr Mansurun xətti ilə yazılmış qəbzi) məhkəməyə poçt vasitəsi ilə göndərmiş (poçt qəbzi № SX014321756AZ), lakin ona məktubun çatdırılması barədə bildiriş gəlməmiş, sənədlər məhkəməyə təqdim olunmamışdır. Məktubun məhkəməyə hansı səbəbdən daxil olmaması ilə maraqlandıqda ona bildirilmişdir ki, həmin məktub poçt əməkdaşının səhlənkarlığı üzündən müəmmalı şəkildə itmişdir. Qəbzin əslinin olmaması səbəbindən məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası rəy verməmişdir. O, özündə olan qəbzlərin surətini və həmin qəbzin skan edilmiş surətini Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmiş və ona izah olunmuşdur ki, artıq sənədlər məhkəməyə qaytarılmış və o, məhkəmədə xətt ekspertizasının təyin olunması barədə vəsatət versin, Akbayırın xətt nümunələri götürüldükdən sonra qəbzdəki rəqəmlərin və yazıların onun tərəfindən icra edilib edilməməsi və 5 rəqəminin həmin qəbzə eyni xəttlə yazılıb yazılmaması barədə rəy vermək mümkündür. Bu səbəbdən də o, məhkəməyə vəsatətlə müraciət etmiş, lakin məhkəmə həmin vəsatətə münasibət bildirmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarına düzgün qiymət verməmiş, birtərəfli mövqe nümayiş etdirməklə AR MPM-nin 77, 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, qəbzin əslinin ekspertizaya təqdim olunmaması həmin qəbzin məhkəməyə ünvanlanan məktubla birlikdə poçt tərəfindən itirilməsi olmuşdur, digər tərəfdən o, ekspertizada olmuş və ona izah edilmişdir ki, məhkəmənin qoyduğu suallar əsasında qəbzin əsli olmadan rəy vermək mümkünsüzdür, bunun üçün məhkəmədə vəsatət qaldırılmalı və həmin qəbzə sonradan yazılması qeyd olunan yazıların M.Akbayr tərəfindən icra edilib-edilməməsi ilə bağlı M.Akbayırın yazı-xətt nümunələri götürülməli və həmin nümunələr əsasında rəyin verilməsi mümkün ola bilər. Lakin məhkəmə bununla bağlı onun təqdim etdiyi vəsatəti təmin etməmiş və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdehlər Cavabdeh1 və Akbayır Mansur tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə məhkəmə iclasında baxılarkən bir dəfə də olsun iddiaçı məhkəməyə gəlməmişdir. Lakin onlar haqlı olduğundan, onlara qarşı əsassız iddia qaldırıldığı üçün məhkəmə iclaslarında iştirak etmişlər. Halbuki, onlar da Sumqayıt şəhərindən gəlirdilər və himayələrində körpə uşaq var. İddiaçı həqiqətin aşkara çıxacağından, yalanlarının üstü açılacağından məhkəmə iclaslarına gəlməmiş, məhkəmə ilə, onlarla üz-üzə gəlməkdən qorxmuşdur. Məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçının iddia ərizəsində yazdıqlarının tamamilə əsassız və yalan olduğunu bildirdilər. İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən guya onların 5800 manat pul aldığını qeyd edir. Bildirmək istəyir ki, həmin qəbzə müdaxilə olunmuş, qəbz saxtalaşdırılmışdır. O, iddiaçıdan həmin tarixdə 300 manat pul almışdır. İddiaçı sonradan qəbzdə qaralama edərək 300 rəqəmini 5800 rəqəmi ilə əvəz etmişdir. Bu səbəbdən də ekspertiza təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Əksinə ekspertiza təyin edilən zaman iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən ondan əlyazmanın əsli tələb olunmuş, hətta bu səbəbdən bir neçə dəfə məhkəmə iclası təxirə salınmışdır. İddiaçı guya iltizamın əslini poçtla göndərdiyini, Poçtda itdiyini bildirmişdir. Bundan sonra məhkəmə işi ekspertizaya göndərsə də, ekspert iltizamın əslinin ekspertizaya təqdim edilməməsi əsası ilə işi geri qaytarmışdır. Məhkəmə tərəfindən iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətində göstərilən hallar tamamilə əsassızdır, apellyasiya şikayəti fərziyyələrdən və yalanlardan ibarətdir. Apellyasiya şikayətində birbirini təkzib edən faktlar vardır. İdidaçı apellyasiya şikayətində vəsatət verərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İddiaçı haqlıdırsa niyə məhkəmə iclasına gəlmir? Çünki haqsızdır, onların üzərinə şər-böhtan atır. Məhkəməyə gəlməyə üzü yoxdur. İddiaçı apellyasiya şikayətində daha sonra qeyd edir ki, guya əlyazma qəbzin əslini poçtla göndərmiş, poçtda itmişdir. İddiaçı qəbzi poçtla niyə göndərir? Əgər həqiqətən həmin pulu almışdılarsa, iddiaçı özü iclasa gəlib şəxsən iltizamın əslini məhkəməyə təqdim edib, iddianı müdafiə edə bilmirdi? Necə oldu ki, bu vaxta kimi poçtda heç bir sənəd itmədi onun sənədi itdi? Təbii ki, bunlar hamısı yalanlardan ibarətdir. İddiaçı iltizamı saxtalaşdıraraq onlardan artıq pul tələb etmək istəyir. Bu da onun qurduğu qurma oyunlarıdır. İddiaçı daha sonra apellyasiya şikayətində qeyd edir ki, özündə olan qəbzlərin surətini və qəbzin “skayn” variantını Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmiş, lakin ona bildirmişlər ki, artıq sənədlər məhkəməyə qaytarılmışdır. İddiaçı haradan bilirdi ki, iltizam itəcək, onu “skayn” edir? İddiaçının bu əməllərinə görə həmin “skayn” olunmuş variantının saxtalasdırılmasına kim inanır? Bütün bu oyunları etmiş adam sənədləri saxtalaşdıra bilməz? Bundan başqa niyə özündə olan qəbzlərin surətini və qəbzin “skayn” variantını Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmək istəyib ki? Ona kim deyib həmin özündə olan qəbzlərin surətini və qəbzin “skayn” variantını Məhkəmə Ekspertiza Mərkəzinə apar deyə? Surətlə nə vaxtda rəy verilir? Surətə istənilən cür müdaxilə etmək olar. Bundan başqa apellyasiya şikayətində qeyd edir ki, məhkəməyə vəsatətlə müraciət etmişdir ki, onların xətt nümunələrini götür, məhkəmə onun vəsatətini təmin etməmişdir. Qeyd etmək istəyir ki, iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, ondan 5800 manat pul almışlar. Onların iddiaçıdan 5800 manat pul almağı ilə bağlı sübut varsa təqdim etsin. Çünki 300 manat yazılan qəbzi saxtakarlıq edərək, pozaraq 5800 manat etmişdir. Onlar bunun üçün ekspertiza təyin edilməsini xahiş etmiş və suallarını da qoymuşlar. Əvvəlcə müəyyən olunmalıdır ki, onlar iddiaçıdan 5800 manat pul almışlar ya yox? 5800 manat əvvəlcədən müəyyən olunub, yoxsa sonradan? Təbii ki, bu suallar qoyulmuşdur. Ekspertiza müvafiq rəy verməmişdir. Yenidən ekspertiza keçirilməsi üçün heç bir əsas yoxdur. İddiaçı fikri yayındırmaq üçün başqa-başqa məsələlərə toxunur. Beləliklə göründüyü kimi, iddiaçı faizə pul verməklə məşğuldur. Məqsədi onların yazıdığı 300 manat yazısını 5800 manat edərək onlardan əsassız yerə sübutları saxtalaşdıraraq pul almaqdır. O, X8 Cümhuriyyətinin vətəndaşı olaraq Azərbaycan Respublikasında faizə pul verən bir şəxsin oyununa düşmüşdür. Bununla bağlı o, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfiriliyinə və Baş konsulluğuna müraciət etmişdir. İşinin qanuni və ədalətli aparılmasına inanır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlər əsasında iddiaçıdan borc pul götürmüşlər, borc məbləğini cavabdehlər birgə qaydada qaytarmışlar, hər qəbz üzrə nə qədər borcun qaytarılmasını konkret müəyyən etmək mümkün olmadığında, qalıq borc ümumilikdə hesablanaraq ailə üzvü olan cavabdehlərdən birgə qaydada tələb olunur.

17. Cavabdehlər Cavabdeh1 və Akbayır Mansur apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Həmçinin hər biri ayrıayrılıqda bildirdilər ki, iddiaçıdan qeyd olunan qəbz əsasında 300 manat pul almışlar. İddiaçı sonradan qəbzdə qaralama edərək 300 rəqəmini 5800 rəqəmi ilə əvəz etmişdir. Həmin 300 manat borcu da qaytarmışlar. Borc məbləğini əlbə-əl qaytarmışlar, qaytırlmanı təsdiq edən yazılı sənəd yoxdur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

22. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

23. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

24. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

25. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

27. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Akbayır Mansurdan müştərək qaydada 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhz iddiaçı iddia tələbinin əsası kimi isinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilməmişdir.

29. Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qismən əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, iddianı tam rədd etməklə mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, iş materiallarında olan sübutların qiymətləndirilməsini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, sübutetmə bölgüsünü düzgün aparmamışır.

31. Qeyd olunduğu kimi araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

33. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

34. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

35. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış 25 noyabr 2022-ci il tarixli sadə yazılı qəbzə istinad etmişdir ki, həmin qəbzin mətnində cavabdehin iddiaçıdan 5800 manat pul borc alması və 3 aya həmin borcu qaytaracağı qeyd edilmişdir (i/v 7).

36. Göründüyü kimi tərəflər arasında borc münasibətinin olması işin mübahisəsiz halıdır. Bu münasibəti cavabdehlər səmimi etiraf edir, lakin cavabdeh tərəf iddiaçının iddia etdiyi məbləğlə razı olmadığını, qəbzdəki rəqəmlərdə düzəliş olduğunu, həqiqətdə həmin məbləğin 300 manat olduğunu, bu borcu qaytardığını bildirir.

37. Araşdırma zamanı müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(027)-762/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, e- 2(027)-762/2024 saylı iş üzrə ekspertizanın aparılması və rəy verilməsi xx.xx.2022-ci il tarixli əlyazma qəbzin əslinin təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

42. Qeyd olunmalıdır ki, Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

43. Məhkəmə kollegiyası mülki qanunvericiliyin sadalanan prinsiplərini rəhbər tutaraq hesab edir ki, iddiaçı iddia tələbini iddia etdiyi məbləğdə sübuta yetirə bilməmişdir. Kollegiyanın qənaətincə iddia tələbinin əsası olaraq istinad olunan qəbz əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, göründüyü kimi həmin qəbz kserosurətdir. Cavabdeh tərəf qəbzdə yazılmış borcun məbləğinə etiraz edərək mübahisələndirir. Həmin qəbzin əslinin poçt orqanı tərəfindən itirildiyi iddia olunsa da, hər bir halda iddia tələbinin əsaslığının sübuta yetirmək vəzifəsi iddiaçının öhdəliyidir. Qeyd olunduğu kimi məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və bu sübutlar əsasında nəticəyə gəlir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf iş üzə məhkəmə xəttşünaslıq ekspertizanın təyin edilməsini mübahisələndirmişdir. Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsindəki araşdırması zamanı həmin xüsusat üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilsə də göründüyü kimi sənədin (qəbzin) əsli təqdim edilmədiyindən tədqiqatın aparılmasından imtina edilmişdir.

45. Kollegiya bildirir ki, hazırki halda da iddiaçı tərəf qəbzin əslinin təqdim edilməsinin mümkün olmadığını, «skayn» edilmiş surət təqdim ediləcəyini bildirmişdir.

46. Kollegiya hesab edir ki, sənədin əsli olmadan yenidən ekspertizanın təyin edilməsi nəticəni dəyişməməklə, işin lüzümsuz yerə uzadılmasına şərait yaratmış olacaqdır. Odur ki, kollegiya bu dəlili əsaslı hesab etmir.

47. Bu göstərilənlərlə əsasən kollegiya hesab edir ki, iddiaçı 5800 manat borc tələbinə dair tələbini məhkəmədə sübuta yetirə bilməmişdir.

48. Bununla yanaşı, kollegiya iddianı qismən əsaslı hesab edir.

49. Belə ki, işin araşdırımış faktiki və mübahisəsiz hallarından göründüyü kimi cavabdeh tərəf mübahisə predmeti olan qəbz əsasında 300 manat borc aldıqlarını etiraf etmişlər.

50. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür.

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf 300 manat borcu ödədiklərini bildirərək iddiaya etiraz etsələr də etirazın əsaslandığı halları – borcun ödənilməsini barədə göstərdiklərini sübut etmə vəzifəsi daşıyırlar. Lakin, heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər X5 və Akbayır Mansur 300 manat borcun qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilmədiklərindən bu hissədə tələb təmin edilməli, 300 manat cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

54. MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun (78+39 manat) əvəzi olaraq 06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(027)-762/2024 nömrəli qətnaməsi qismən ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Akbayır Mansura qarşı pul tələbinə dair iddiası qismən təmin olnsun. Cavabdehlər Cavabdeh1 və Akbayır Mansurdan birgə qaydada 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 06 (altı) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar