Məhkəmə qərarları › İş №2(105)-1645/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1645/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1645/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3785/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 51000 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği faizsiz olaraq xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə 51000 manat məbləğində pul xəbərdarlığın alındığı andan 10 gün müddətinə ödənilmədiyi təqdirdə, əsas borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair tərəflərindən məhkəməyə iddia veriləcəkdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 51000 manat əsas borcun, bank uçot dərəcəsi həddində dəymiş 7650 manat zərərin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 51000 manat məbləğində borc vermişdir. “Borc alan” xx.xx.2023-ci il tarixədək həmin məbləğdə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş müddəti gəldikdə öhdəliyin icrası barədə cavabdehə şifahi şəkildə bildirmiş, eləcə də bu barədə xx.xx.2025-ci il tarixdə yazılı bildiriş göndərmişdir. Cavabdeh isə borcundan 1 manat belə ödəniş etməmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun İddiaçı ilə yaxın münasibətləri olmuş, hətta ailəvi olaraq gediş-gəlişləri də olmuşdur. Belə ki, o, iddiaçıdan 51000 manat məbləğində borc götürmüşdür. Artıq 7 ildir ki, o, artıqlaması ilə iddiaçıya ödənişlər edir. Lakin o, ödənişlər edərkən qəbzə qol çəkməmişdir, çünki iddiaçının onu məhkəməyə verəcəyini düşünməmişdir. Odur ki, bu müqavilə sonradan görünüş üçün bağlanmışdır.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3785/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilmiş, Cavabdeh 51000 (əlli bir min) manat əsas borc və bank uçot dərəcəsi həddində dəymiş 7650 (yeddi min altı yüz əlli) manat zərərin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsi qanunun tələblərinə uyğun bağlanılmış, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmiş, lakin cavabdeh borc müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməmiş, nəticədə iddiaçıya 51000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh həmin borcun iddiaçıya qaytardığını bildirsə də bunlara dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 51000 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarındakı mövqeyindən çıxış edərək və sadə riyazi üsulla hesablama apararaq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh bank uçot dərəcəsi həddində dəymiş 7650 (51000 x 5 % = 2550; 2550 manat x müqavilənin bağlandığı xx.xx.2022-ci tarixindən xx.xx.2025-ci il tarixədək olan 3 il = 7650 manat) manat zərər alınaraq İddiaçı ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 329.1, 331.1, 334.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan 2022-ci ilin may ayında yox, 2021-ci ilin sonlarında 50000 manat borc pul götürmüşdür. İddiaçı ailə mübahisəsinin olduğunu bildirmiş və 51000 manata dair müqavilə bağlanmasını təklif etmişdir. Aralarında bağlanmış müqavilə üzrə 51000 manat depozitə qoyulsa da, həmin pulu o yox, iddiaçının özü götürmüşdür. Onu da qeyd etmişdir ki, tərəfindən iddiaçıya 51.000 manat yox, ümumilikdə 70.000 manata yaxın pul qaytarılmışdır. 2021-ci il tarixdə aralarında olan razılaşmaya görə aldığı 50.000 manat qarşılığında 2023-cü ilin sonlarınadək əlavə olaraq 10.000 manat faiz verməli idi. O hər ay 3500-3700 manat pulu nağd şəkildə həm müxtəlif şəxslər vasitəsilə iddiaçıya ödəyir, həm də fəaliyyət göstərdiyi Sumqayıt bazarındakı mağazada iddiaçıya şəxsən ödəniş edirdi. 2023-cü ilin sonlarında iddiaçı ona aralarında bağlanmış borc müqaviləsinə xitam verdiyini bildirmişdir. Sonradan Abşeron Rayon Məhkəməsindən yaşadığı ünvana gələn iddiadan müəyyən etmişdir ki, iddiaçı onu aldatmış və aralarında bağlanmış kredit müqaviləsinə xitam verməmişdir. Belə ki, tərəfindən birinci instansiya məhkəməsinə vəsatət təqdim edilərək iddiaçıya ödənilmiş pul məbləğlərinin verilməsində bilavasitə iştirak etmiş şəxslərin şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə hansısa səbəbdən işin obyektiv araşdırılmasından yayınaraq şahidləri dindirməmişdir. Əgər şahidlər dindirilmiş olsaydı, onda həqiqətən də iddianın əsasssız olması və təmin edilməməsi üçün əsasların olmaması müəyyən edilərdi. Məhkəmə isə bu halları nəzərə almayara və qanunsuz olaraq iddiaçının iddiasını əsaslı sayaraq təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

19. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.

20. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 7650 manat maddi zərərin tutulmasına dar hissəsində dəyişdirilməlidir.

31. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən İddiaçı borcalan Cavabdeh 51000 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.

32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 51000 manat məbləğində pul vəsaiti verilmişdir.

33. Mübahisə edilən hal isə cavabdeh tərəfindən pul öhdəliyinin icra edilibedilməməsidir.

34. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Digər tərəfdən, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

36. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, lakin aldığı borcu qaytarmasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, cavabdeh borc müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçıya 51000 manat məbləğində borcu ödənilməmiş qalmışdır.

37. Kollegiya cavabdehdən 51000 manat məbləğində borcun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, 7650 manat maddi zərərin tutulması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tələb olunan həmin zərər xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan müddətin bitdiyi xx.xx.2023-cü il tarixindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək (1 il, 11 ay, 23 gün) illik 5 faiz olmaqla hesablanmalı və idiaçının xeyrinə ödənilməlidir.

40. Belə ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixə illik 5% hesablanmaqla 1 il, 11 ay, 23 gün üçün həmin məbləğ 5050,34 manat təşkil edir.

41. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

42. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

43. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3785/2025 nömrəli qətnaməsi - Cavabdeh bank uçot dərəcəsi həddində dəymiş 7650 manat zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh gecikdirmə nəticəsində vurulmuş zərərə görə 5050,34 manat alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3785/2025 nömrəli qətnaməsi - Cavabdeh bank uçot dərəcəsi həddində dəymiş 7650 (yeddi min altı yüz əlli) manat zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh gecikdirmə nəticəsində vurulmuş zərərə görə 5050,34 (beş min əlli manat otuz dörd qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar