Məhkəmə qərarları › İş №2(105)-1649/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1649/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1649/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(067)-2159/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, HK-1/3795 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin şikayət vermiş şəxsə göndərilməsi qərara alınmış və ona həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna və yaxud Xaçmaz Rayon Məhkəməsinə şikayət etmək hüquqları və qaydaları izah edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, Xaçmaz şəhəri Aşıq Ələsgər küçəsi ev 47-də ailəsi ilə birlikdə yaşayır. Hər hansı bir yerdə işləmir. Təxminən 2021-ci ildən başlayaraq 2024-cü ilin avqust ayının 8-dək "xxxx" MMC-də satış təmsilçisi işləmişdir. Onun funskional vəzifəsi şirkətin məhsullarını respublikanın şimal rayonlarında, yəni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında satışını təşkil etməkdən ibarət olmuşdur. Yəni, o, qeyd olunan rayonlardakı mağazaları gəzib həmin mağazalara şirkətə məxsus hansı malların lazım olmasınının siyahısını tərtib etmiş, şirkət isə həmin malları mağazalara çatdırmışdır. Həmin malların götürülməsində və mağazalara verilməsi prosesində o, iştirak etməmişdir. Şirkət bəzi məhsulları satanda o, həmin məhsullara 5 faizədək endirim edib satmışdır. Lakin elə mağazalar olmuşdur ki, həmin məhsulları daha da endirimlə istəmişlər. O, bu barədə şirkətin bölgə müdiri Fərmana deyəndə Fərman ona demişdir ki, təki müştərilər imtina etməsinlər, malları onların istədiyi qiymətlə hesablayarlar, yerdə qalan pulu da onlar öz hesabına ödəyərlər. Onlar satışdan sonra şirkətə daxil olan puldan 4 faiz pul almışlar deyə o da satış olmasının marağında olmuş, ona görə də yerdə qalan pulu şərik ödəmələri barədə o da Fərmanla danışıb razılaşmışdır. 2024-cü ilin avqust ayının 8-də o, işdən çıxan vaxt onun Fərmana 8000 manat borcu qalmışdır. O, həmin 8000 manatı Fərmana qaytaracaq və heç bir vaxt həmin borcu qaytarmaqdan imtina etməmişdir. Sadəcə hazırda işləmədiyinə görə o, Fərmana olan 8000 manat borcunu qaytara bilmir. Əslində onun Fərmana olan borcu 8000 manatdan çox olmuş, işlədiyi müddət ərzində hər ay maaş aldıqda o Fərmana olan borcundan bir qədər ödəmişdir, sonda isə 8000 manat borc qalmışdır. 2.Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödənilmişdir. 3.Cavabdeh ərizəsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsində baxılan e-2(067)- 2159/2025 saylı iş üzrə məhkəmə iclasında verdiyi izahatın müəyyən hissələrinin dəqiqləşdirilməsini (dəyişdirilməsini) xahiş etmişdir. Bu izahatın aşağıdakı hissəsini dəyişdirərək belə təqdim edir: daha əvvəl verdiyi izahatda psixoloji təsir, qorxu, stress altında qeyd etmişdir ki İddiaçı 8000 manat borcu olduğunu, lakin bəzi faktlar və sübutlar əlavə olunduqda belə qərara gəlir ki, daha əvvəl İddiaçı məsuliyyətdən boyun qaçıraraq şirkətə olan borcu 8000 manatın hamısını Cavabdeh üstünə yıxmağa çalışmış və heç bir sübut təqdim etmədən məhkəməni aldatmağa yönəlmiş bir cəhddir. Belə ki, Cavabdeh və İddiaçı aid bu 8000 manatın yarı hissəsi İddiaçı və yarı hissəsi Cavabdeh payına düşür. Beləliklə onun ödədiyi pulun yarısını şirkətə ödəməmiş və ödəniş qəbzləri ilə bərabər İddiaçı 2000 manatdan biraz az borcu qalır. Qeyd etmişdir ki, məhkəməyə verdiyi sübutlar və video görüntülərdəki ödəniş qəbzlərinə əsasən, belə qərara gəlir ki, o, Fərmana ödədiyi şirkətin ərazi pulunu mənimsəyərək şirkətə ödəməmiş və daha sonra öz borcunu onun borcu kimi təqdim etmişdir. 4.Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 200 manat (Qəbz 29869, Terminal 5435, Ünvan: Ən ucuz market Quba şəhəri H.Əliyev pr.) K*****F*****N*****oğluna, xx.xx.2024-cü il tarixdə 1336 manat (Qəbz 5070, Terminal 5801, Ünvan: Ailə market Xaçmaz şəhəri 20 yanvar küçəsi) K*****F*****N*****oğluna, xx.xx.2024-cü il tarixdə 1751 manat S*****T*****M*****oğluna, xx.xx.2024-cü il tarixdə 450 manat Ünvan: (Ailə market Xaçmaz şəhəri 20 yanvar küçəsi) K*****F*****N*****oğluna ödəniş həyata keçirmişdir.

5. Xaçmaz rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, şöbədə istifadə olunan video-müşahidə sistemində yaddaş qurğularının informasiyanı saxlama müddəti texniki imkanlara uyğun olaraq məhduddur və yalnız müəyyən dövr ərzində məlumatların arxivlənməsi mümkündür. Tərəflərindən aparılan müvafiq texniki araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, mülki iddiaya baxılması ilə əlaqədar Cavabdeh xx.xx.2024-cü il tarixdə Rayon Polis Şöbəsinə gəlməsinə aid video yazılar yaddaş sistemində artıq saxlanmadığından həmin video-görüntülərin bərpası və təqdim olunması texniki cəhətdən mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 8000 (səkkiz min) manat və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh olan Cavabdeh ilə birlikdə "xxxx" Şirkətində işləmişlər. Rəsmi olaraq qeyd olunan şirkətin bölgə müdiri vəzifəsində işləmiş və 2024-ci ilin avqust ayına kimi həmin şirkətin məhsullarını respublikanın şimal rayonlarında, yəni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında, onun tabeliyində işləyən cavabdeh olan Cavabdeh paylamışdır. Yəni cavabdeh “Siren MMC-də mal paylayıcı işləmişdir, Rzaya nəzarət etmək isə onun vəzifəsi olmuşdur. Rza şirkətə məxsus olan malları mağazalara payladıqdan sonra malları alan mağazalar həmin malların pulunu rəsmi qaydada şirkətin hesabına ödəməli olmuşlar. Lakin Rza mal paylayan zaman mal alan mağaza sahibləri ilə danışaraq 2024-ci ilin yanvar ayından 2024-cü ilin avqust ayına kimi olan müddət ərzində şirkətə məxsus 12800 manat pulu mağaza sahiblərindən alaraq öz şəxsi məqsədləri üçün mənimsəmişdir. O, 2024-cü ilin avqust ayında hesabat aparan zaman məlum olmuşdur ki, cavabdeh olan Rza həmin müddət ərzində şirkətin malını mağazalara paylasa da, malların pulu Şirkətin hesabına daxil olmamışdır. Bu məqsədlə işlər dərindən araşdırılan zaman tam aydın olmuşdur ki, qeyd olunan müddət ərzində mağazalar malları Rzadan alsa da, malın pulunu Şirkətin hesabına yox, nağd şəkilində Rzanın istəyinə uyğun olaraq ona vermişlər. Rza isə həmin pulu Şirkətin hesabına ödəmək əvəzinə, öz şəxsi məqsədləri üçün xərcləmişdir. Yəni Şirkətin malını mənimsəmişdir. Bu haqda Rza ilə söhbət eləyəndə Rza öz etdiyi əməli etiraf etmiş, ümumilikdə 12800 manat pulu, malın pulu kimi mağazalardan alaraq öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Pulun təcili şirkətin hesabına ödənilməli olduğunu Rzaya bildirildikdə Rza ondan xahiş etmişdir ki, həmin vaxt pulu şirkətə ödəməyə imkanı yoxdur, o, borc kimi onun yerinə ödəsin, daha sonra az vaxt ərzində borcunu ona qaytaracaqdır. O, Rzaya inanaraq onun şirkətə məxsus mənimsədiyi 12800 manat pulu üç-dörd dəfəyə olmaqla şirkətin hesabına ödəmişdir. Rza həmin onun yerinə ödədiyi 12800 manat pulu az vaxt ərzində qaytaracağını bildirsə də, sonradan müxtəlif bəhanələrlə pulu (borcu) qaytarmaqdan imtina etmişdir. 2024-cü ilin axırlarında o, məcbur olaraq Xaçmaz RPŞ-nə şikayət ərizəsi yazaraq Cavabdeh şikayət etmişdir. Xaçmaz RPŞdə ərizəsi üzrə araşdırılma aparılan zaman Cavabdeh faktı etiraf etsə də, yalandan həmin borcun bir hissəsini qaytardığını söyləmiş və ona 8000 manat borcunun qaldığını bildirmişdir. Araşdırılma zamanı etiraf etdiyi 8000 manat borcu ona qaytaracağını bildirsə də, Cavabdeh bu günə kimi etiraf etdiyi 8000 manatdan bir manat olsa da, borcu qaytarmamışdır. Cavabdeh ona olan borcu 12800 manat olsa da, əlində bunu sübut edən dəlillər olmadığı üçün məcbur olmuşdur ki, onun Xaçmaz RPŞ-də etiraf etdiyi pulu ondan tələb etsin. Amma yuxarıda qeyd etdiyi kimi yenə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırdığı üçün məcbur olmuşdur ki, borc tələbi ilə məhkəməyə müraciət etsin.

8. Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(067)-2159/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Aynur Əliyeva).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı, iddiaçının təqdim etdiyi sübutlar və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh birlikdə "xxxx" Şirkətində işləmişlər. İddiaçı rəsmi olaraq qeyd olunan şirkətin bölgə müdiri vəzifəsində işləmiş, Cavabdeh isə 2024-cü ilin avqust ayına kimi həmin şirkətin məhsullarını respublikanın şimal rayonlarına paylamışdır. 2024-cü ilin avqust ayında hesabat aparılan zaman məlum olmuşdur ki, cavabdeh həmin müddət ərzində şirkətin malını mağazalara paylasa da, malların pulu Şirkətin hesabına daxil olmamışdır. Cavabdeh maddi imkanı olmadığı üçün iddiaçıdan həmin pulu borc kimi onun yerinə ödəməsini xahiş etmiş, qısa zaman ərzində borcunu ona qaytaracağını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin birlikdə işləmələri və iddiaçının cavabdehin əvəzinə şirkətin hesabına pul ödəməsi tərəflərin izahatı və digər sübutlarla mülki işin mübahisəsiz halına çevrilmişdir. Mülki işin mübahisəli halları borc pulun məbləği və cavabdehin həmin puldan iddiaçıya ödənişlər etməsi ilə bağlı olduğundan, məhkəmə borc pulun məbləğinə münasibətdə cavabdehin istintaq orqanına verdiyi izahata əsaslanır və hesab edir ki, tərəflər arasında 8000 manat məbləğdə pul (borc) münasibəti yaranmışdır. Cavabdeh həmin izahatı təzyiq altında yazdığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh 8000 manat pulun yarı hissəsinin əslində iddiaçının öz borcu olduğunu (onun payına düşdüyünü) bildirsə də, məhkəməyə bu faktı da təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehin həmin pulun müəyyən hissəsinin iddiaçıya qaytarılması barədə məhkəməyə təqdim etdiyi qəbzələrə münasibətə məhkəmə qeyd edir ki, həmin ödəniş qəbzləri cavabdehin 8000 manat məbləğdə borcunun olduğunu etiraf etdiyi xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan əvvəlki tarixlərə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024) aid olduğundan o cümlədən, cavabdeh istintaq orqanına izahat verərək 8000 manat məbləğdə olan borcundan ödənişlər etməsi barədə hər hansı məlumat qeyd etmədiyindən, həmin ödəniş qəbzləri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 739.1, 739.2, 739.3, 742.1, 742.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(067)-2159/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hazırda iddiaçıya 2000 manat borcu olsa da, borclu olmadığı 8000 manatla bağlı qətnamə qəbul edilmişdir. Birlikdə eyni iddiaçı ilə çalışmışdır. İddiaçı ona verilən malları aşağı qiymətə satmağı, həmin pulu ona verməyi təklif etmiş, sonra qalıq hissəni öz aralarında həll edəcəklərini bildirmişdir. Məhkəmə qərar qəbul edərkən onun Xaçmaz rayon polis şöbəsində verdiyi izahatı əsas götürmüşdür. Bildirir ki, həmin izahatı verən zaman ona Polis şöbəsində bildirdilər ki, əgər göstərilən məbləği etiraf etməsə ona dələduzluqla cinayət işi başlayacaqlar. O da məcbur olub göstərilən izahatı verdi. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırk işdə onunla iddiaçı arasında heç bir yazılı müqavilə yoxdur.

Apellyasiya şikayətinə etiraz

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv eilməli, iş ürə yeni qətnamə çıxarılmaqla, idia təmin edilməlidir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşsa da qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq edilməsində səhv buraxdığından ləğv edilməlidir.

20. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin borc müqaviləsinə aid normalarını tətbiq edərək iddia tələbini təmin etmişdir. Halbuki işin araşdırılmış hallarına əsasən müəyyən etmək olur ki, tərəflər arasında borc münasibətləri yaranmamış, iddiaçı cavabdehin əvəzindən öhdəlikləri yerinə yetirdiyindən yerinə yetirdiyi öhdəliyi reqres qaydada tələb hüquq yaranmışdır.

21. Belə ki, işin hallarına əsasən müəyyən edilir ki, birgə öhdəlik çərçivəsində öhdəlik həm iddiaçı, həm cavabdeh tərəfindən birgə şəkildə ödənilməli olduğu halda, cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə görə iddiaçı tərəfindən tam şəkildə icra edilmişdir.

22. Qüvvədə olan Mülki Məcəllənin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabadeh "xxxx" MMC-nin malını mağazalara paylasa da, malların pulunu MMC-nin hesabına sonradan daxil etməmişdir, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə aid həmin məbləğ qeyd olunan MMC-nin hesabına ödənilmiş, cavabdeh isə həmin məbləğin hazırda 8000 manat təşkil etdiyini Xaçmaz RPŞ-ndə verdiyi izahatında təsdiq etmişdir. Cavabdeh həmin izahatın təzyiq altında verildiyi qeyd etsə də, bunu sübut edə bilməmişdir.

23. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(067)-2159/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar