Məhkəmə qərarları › İş №2(105)-1650/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1650/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1650/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə Mirhəsən oğlunun iştirakı ilə, İddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-122/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 ilə X6 arasında xx.xx.2015ci il tarixdə bağlanmış İH/B-A(b)/0036 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili X4 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42.700 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə görə alıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış krdit hesabına 10 gün ərzində ödəməlidir.

2. xx.xx.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X1 şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzilin pay dəyərindən 15.000 (on beş min) manat ödəmişdir. Borc qalığı 27.700 (iyirmi yeddi min yeddi yüz) manat təşkil edir.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2492/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızının cavabdeh Ləğv prosesində olan “TexnikaBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borc məbləğinin müəyyən olunması” tələbinə dair ilkin iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, LPO "xxxx" ASC ilə Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə 24.642 (iyirmi dörd min altı yüz qırx iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas borc, 6414 (altı min dörd yüz on dörd) ABŞ dolları 13 (on üç) sent faiz borcu, ümumilikdə 30.783 (otuz min yeddi yüz səksən üç) ABŞ dolları 90 (doxsan) sent məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF-Park 3" yaşayış massivi, 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına LPO “TexnikaBank" ASC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və "xxxx" MMC-dən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)1532/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh LPO “TexnikaBank" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 10/48 №-li rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59.3 maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinin tələbləri nəzərə alınmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240C ünvanda inşa edilmiş yaşayış binasının 107 saylı mənzilinin ümumi sahəsi 48,5 kv.metr müəyyən edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 27 iyul 2021-ci il tarixli, 10/1759 №-li rəyindən müəyyən edilir ki, Qərardadın birinci sualı üzrə: İş materiallarına əlavə edilmiş (səh. 105) plan sxemdə qeyd olunan mənzilin texniki parametrləri ilə mənzilin faktiki vəziyyətdə olan texniki parametrləri üst-üstə düşmür. Belə ki, mənzilin faktiki vəziyyətdə olan giriş qapısının yeri ilə plan sxemdə göstərilən giriş qapısının yerinin, eyni zamanda dəhlizin və sanitar qovşağının yerləşmə yerinin faktiki vəziyyətdən fərqli olduğu, habelə plan sxemdə 3 saylı hissə kimi qeyd olunan hissənin faktiki vəziyyətdə mövcud olmadığı müəyyən olunur. Təqdim olunmuş plan sxemdən qeyd olunan mənzilin eni 6,6 metr, uzunluğu 8,6 metr təşkil etməklə, mənzilin (balkon və Losiyaya azalma əmsalı tətbiq olunmadıqda, divarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə)sahəsi 56,76 kv.m təşkil edir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin ümumi sahəsinin 48,45m2 təşkil etdiyi müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin tikintialtı (balkon və lociyaya azalma əmsalı tətbiq olunmadıqda, divarlarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsinin 58,08 m2 təşkil etdiyi müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 7000 manat məbləğində pulun və 7000 manatın illik 5 faizi, yəni 1400 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240-C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzili satın almışdır. Müqavilə üzrə mənzilin dəyəri 42700 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 42700 manat iddiaçı tərəfındən tam şəkildə AAAF-İNŞAAT» MMC-nin hesabına tam olaraq "xxxx"ASC-nin Sumqayıt filialından kredit götürərək ödənilmişdir və heç bir borc məbləği qalmamışdır. "xxxx" MMC onu aldadaraq əlavə pul almışdır. Belə ki, hazırda mənzilində təmir işləri gedir. Təmir briqadasının verdiyi məlumata görə sözü gedən mənzilin sahəsi 61 kv/m deyil 51 kv/m təşkil edir. Bu isə o deməkdir ki, mənzilin hər kv.m-nin dəyəri 700 manat dəyərindədirsə (42700 m : 61 kv/m = 700 m) "xxxx" MMC onun 7000 manatını aldadaraq ələ keçirmişdir. Yəni, iddiaçıya 7000 manat miqdarında maddi ziyan vurmuşdur.

9. Daha sonra iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı “iddianın həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8750 manat məbləğində pulun və 8750 manatın illik 5 faizini, yəni 1750 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, "xxxx" MMC (AAAF PARK 3) ilə vətəndaş X6 arasında tərtib edilmiş 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasının, sahəsi 61.0 kv.m. olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili "xxxx" ASC-nin ("xxxx" ASC) vasitəsilə kreditləşdirilməsi qaydasında almışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bank krediti şərtləri ilə alınmış bu əmlak Bankın ipotekasında (girovunda) qalacaqdır. Yəni mübahisələndirilən daşınmaz əmlak maraqlarına toxunan ipoteka saxlayan keçmiş "BANK TECHNİQUE” ASC və ya indiki Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka predmetidir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 42.700 (qırx iki min yeddi yüz) manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə görə, Alıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli İH/B-A(b)/0038-Maliyyə arayışından göründüyü kimi 107 saylı mənzilin dəyərindən 15.000 manat ödənilmiş və borc qalığı 27.700 manat təşkil edir. Halbuki mənzilin dəyərinin tam ödənilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İş materiallarına əlavə edilmiş "Bank Technique” ASC-nin Sumqayıt filialının 2015-04-07 tarixli FJB**********568 nömrəli qəbzdən də görünür ki, sözügedən mənzilin dəyərinin qalıq məbləğini təşkil edən 27700 (iyirmi yeddi min yeddi yüz) manatın - 26457 (iyirmi altı min dörd yüz əlli yeddi) ABŞ dollarının müştəri X7 hesabına mədaxil edildiyi əks olunmuşdur. X11 (VÖEN **********) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisidir. "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən 9 mərtəbəli çoxmənzilli yaşayış binalarını podratçı qismində inşa edərək "xxxx" MTK-ya təhvil vermişdir. Hazırda da, həmin yaşayış binalarına "xxxx" MTK tərəfindən xidmət göstərilir, kredit ödənişləri MTK tərəfindən həyata keçirilir və toplanır. İddiaçı iddia edir ki, aldığı mənzilin sahəsi 61 kv.metr deyil, cavabdeh tərəfindən aldadılaraq artıq vəsait ödəmişdir. Tamamilə yanlış və əsassız fikirdir. Belə ki, cavabdeh "xxxx" MMC 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilənin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq daşınmaz əmlakı iddiaçı/alıcı H.Abuşeva təhvil vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Satıcı” mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, “Alıcı” isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Məhkəmə obyektiv araşdırma apararaq mübahisəli mənzilin tikinti altı ümumi sahəsini müəyyən edərsə 107 saylı mənzilin müqavilə şərtlərinə uyğun olaraq 61 kv.metr təşkil edəcəkdir. Məhz satıcı/cavabdeh Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasını, sahəsi 61 kv.m.olan 1 otaqdan ibarət 107 saylı mənzili inşa edərək alıcı Hüsniyyə Abuşeva təhvil vermişdir. Sözügedən 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı satqısı haqqında müqavilə həmçinin podrat hüquq münasibətlərini tənzimləyir. Çünki alıcı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızının mübahisəli mənzili təhvil alaraq hazırda istifadə etməsi, sərəncam verməsi, kommunal xidmətləri həyata keçirməklə təsərrüfat aparması, həmin mənzildə təmir işlərini həyata keçirməsi həmin mənzili qəbul etməsi kimi qiymətləndirmək olar. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlaka-107 saylı mənzilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2492/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Həmin qətnamə ilə LPO "xxxx" ASC ilə Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə 24.642,77 ABŞ dolları əsas borc, 6414,13 ABŞ dolları faiz borcu, ümumilikdə 30.783,90 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və "AAAF-tnşaat” MMC-dən tutulması; tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasının, sahəsi 61 kv.m.olan 1 otaqdan ibarət 107 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına LPO "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bununla yanaşı, mülki iş materiallarında LPO "xxxx" ASC tərəfindən Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızına xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə tələb hüququnun ötürülməsinə dair hər hansı bir sübut mövcud deyildir. Çünki borclu Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı sözügedən kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliklərini icra etmədiyinə görə tələb hüququnu əldə etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

12. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-122/2021 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8750 (səkkiz min yeddi yüz əlli) manat və dövlət rüsumu üçün 15 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızına ödənilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat və Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızından 100 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. İddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulan kimi icra etməmiş, müqavilədə qeyd olunan mənzili ölçülərinə uyğun yox,12,55 kv.m az təşkil etməklə vermişdir. İddiaçı tərəfindən mənzil üçün 8750 manat məbləğində artıq pul məbləği (61 kv.m- 48,45 kv.m= 12,55 kv.m,-dir. 12,55 kv.m x 700 manat) ödənilmişdir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, maddi hüquq normalarına və işin faktiki hallarına əsasən iddia həmin hissədə əsaslı olmadığından, bu barədə sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinə iddia müddətinin tətbiqi barədə cavabdehin vəsatətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mənzilin müqavilədə nəzərdə tutulan ölçüdən az olmaqla ona təhvil verildiyini mənzildə təmir gedərkən bildiyini və təmir zamanı da məhkəməyə müraciət etdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 27 noyabr 2019-cu il tarixdə müraciət etmişdir. Göründüyü kimi, şəxs öz hüquqlarının pozulduğunu bildiyi vaxtda məhkəməyə müraciət etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 427.3, 442, 448.1, 448.2, 449.1, 157.2, 421.1, 421.2, 421.3, 424.3, 424.5, 752.1, 752.2, 372.1, 372.2, 373, 375, 776.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1. 59.2, 59.3, 59.4, 59.5, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.8.bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-565/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehdən 2.968 manat və dövlət rüsumu üçün ödənilmiş 15 manat məbləğdə pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. ... Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 07 aprel 2015-ci il tarixli, İH/B-A(b)/0038 nömrəli müqavilənin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.2.4; 4.7-ci maddələri). Tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən isə podratçı kimi "xxxx" MMC Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı qarşısında öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240- C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/mdən ibarət bir otaqlı, 107 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 42700 (qırx iki min yeddi yüz) manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan məlum ekspert rəyindən də görünür ki, mübahisəli mənzilin tikintialtı ümumi sahəsi 56,76 kv.metrdir. Başqa sözlə mübahisəli mənzilin müqavilədə nəzərdə tutulan ümumi sahəsi ilə ekspert rəyindəki qeyd olunan ümumi sahə arasındakı fərq 4.24 kv.metrdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən, yəni müqavilədə nəzərədə tutulmuş 61 kv.m ümumi sahədən çatışmayan 4,24 kv.m sahənin dəyəri hissəsində təmin edilməlidir.”

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 404.1, 404.2, 405.1, 425, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, adi məntiqi mühakimə yürütməklə də müəyyən etmək olardı ki, müqavilədə və müvafiq qanunvericilik aktlarının hər ikisində eyni termindən (ümumi sahə) istifadə edilir. Lakin məhkəmə imperativ qaydada nəzərdə tutulmuş normaların tələbinə zidd olan qətnamə qəbul etmişdir. Həmçinin, qeyd edilən normativ aktlar mənzilin sahəsinin hesablanması qaydalarını tənzimləyir. Apellyasiya instansiyası əslində qanunvericilikdə müəyyən edilən ümumi sahə anlayışına uyğun gəlməyən mənzilin cavabdeh tərəfindən iddiaçıya ümumi sahə adı altında təqdim edilməsinə hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Mənzil və tikinti qanunvericiliyinə məlum olmayan “tikintialtı sahə”, “tikintialtı ümumi sahə” anlayışlarından istifadə etmiş, ölçünün müqavilədə əks olunan ölçü 4,24 kv.m. fərqin olduğu qənaətinə gəlmişdir. Məhkəmə ekspert rəyində olan ölçünün müqavilədə olan ölçü ilə 4,24 kv.m. fərqin olduğunu bildirsə də, müqavilədə qeyd olunan ölçünün ümumi sahə anlayışının tələbinə cavab vermədiyinə diqqət etməmiş, iddiaçı tərəfindən təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmiş, bu isə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2804/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-565/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-dən 8.750 manat məbləğdə pulun tutularaq İddiaçı verilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmişdir.

22. Ali Məhkəmənin mövqeyi belə olub: - ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri əsaslıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - mübahisələndirilən daşınmaz əmlak maraqlarına toxunan ipoteka saxlayan keçmiş "BANK TECHNİQUE” ASC və ya indiki Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka predmetidir. xx.xx.2015-ci il tarixli İH/B- A(b)/0038-Maliyyə arayışından göründüyü kimi 107 saylı mənzilin dəyərindən 15.000 manat ödənilmiş və borc qalığı 27.700 manat təşkil edir. Halbuki, mənzilin dəyərinin tam ödənilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. - 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı satqısı haqqında müqavilə həmçinin podrat hüquq münasibətlərini tənzimləyir. Çünki alıcı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı mübahisəli mənzili təhvil alaraq hazırda istifadə etməsi, sərəncam verməsi, kommunal xidmətləri həyata keçirməklə təsərrüfat aparması, həmin mənzildə təmir işlərini həyata keçirməsi həmin mənzili qəbul etməsi kimi qiymətləndirmək olar. - iş üzrə məhkəmə tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəziniı xx.xx.2020-ci il tarixli 10/48 nömrəli və xx.xx.2021-ci il tarixli 10/1759 nömrəli ekspert rəylərində mübahisələndirilən mənzilin tikintialtı ümumi sahəsinin 58.08 kv.m. müəyyən edildiyi halda, 48.45 kv.m.sahə ilə qət edilmişdir. Rayon məhkəməsi tərəfindən tərəflər arasında razılaşdırılmış şərtlər, podrat münasibətləri nəzərə alınmamışdır. - mənzilin alqı-satqısı haqqında xx.xx.2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli müqavilə satıcı/podratçı "xxxx" MMC ilə alıcı-sifarişçi Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı arasında könüllü olaraq bağlanmış, şərtləri qəbul edilməklə icra edilmişdir. Lakin alıcı-sifarişçi Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı tərəfindən müqavilənin razılaşdırılmış şərtləri tam icra olunmamışdır. - sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Müqavilə münasibətləri üzrə iddia müddətinin axını müqavilənin bağlanması tarixi ilə, xx.xx.2015-ci il tarixdən başlanmış və beş ildən sonra müddəti bitmişdir. İş üzrə cavabdeh MMC tərəfindən “İddia müddətinin tətbiq edilməsi haqqında” HŞ/190, xx.xx.2021-ci il tarixli vəsatət verilməsinə baxmayaraq, iddia müddəti tətbiq edilməmişdir. Bu da maddi hüquq normasının pozuntusudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

26. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

31. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.”

“A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.”

“K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun;

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur;

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə X6 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili X4 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42.700 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstərilmiş sahədən az olduğunu, artıq pul ödədiyini iddia edərək həmin pulun geri qaytarılmasını tələb edir.

37. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

38. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, mübahisəli mənzilin ümumi sahəsi 48,5 kv.m-dir.

39. Eyni nəticə həmin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli rəyində də təkrarlanmışdır.

40. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilədə mübahisəli mənzilin ümumi sahəsi 61 kv.m. olaraq qeyd olunmuşdur.

41. Bununla da, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə əsasən hesablama aparan məhkəmə eksperti tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi, bayır və ara divarları, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, 48,5 kv.m. təşkil edir.

42. Sözügedən ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 8750 manat hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

44. Cavabdehin iddia müddətinin tətbiq edilməli olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.( 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2). 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında müqavilə 07 aprel 2015-ci il tarixdə imzalanmış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 27 noyabr 2019-cu il tarixdə müraciət etmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X12rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

47. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-122/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar