Məhkəmə qərarları › İş №2(105)-1651/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1651/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1651/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(067)-1671/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddialara sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3375.19 manat məbləğində əsas kredit borcunun, 14.17 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 3389.36 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 53.90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 013REST429527 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5319.76 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

3. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 013REST429527saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5319.76 manat məbləğində kredit verilmişdir.

4. xx.xx.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, kredit üzrə öhdəliklərin icrasının təminatı olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 üzərlərinə birgə məsuliyyət götürmüşlər.

5. Bildirişdən görünür ki, cavabdehlərə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

6. 12.04.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli kreditin kredit müqaviləsinə əsasən kredit borcunun məbləği 3375.19 AZN, faiz borcunun məbləği 14.17 AZN, borc üzrə iddia tələbinin cəmi məbləği 3389.36 AZN təşkil edir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(067)- 1671/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(067)-1671/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3375.19 manat məbləğində əsas kredit borcu, 14.17 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 3389.36 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 53.90 manat məbləğində vəsaitin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389, 390.1, 397.1, 398.1, 399.1, 399.3, 399.4, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 470.1, 472.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284.5, 119.1, 284-5.4, 14.2, 77.1, 284- 5.3, 284-6.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı 14 iyun 2023-cü il tarixli, e-2(067)-1671/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə “Bank Respublikasının Xaçmaz filialından dollarla olan kreditin Prezidentin fərmanına əsasən manata çevrilərək 5319,76 (beş min üçyüz on doqquz manat yetmişaltı qəpik) manat Restrukturizasiya olunaraq 5 illik müqavilə bağlanılıb. Kreditin ilk aylarından hər ay Bakıdan, özünü bank Respublikasının əməkdaşı adlandırılan Razi adlı şəxs onlara zəng edərək aylıq 91 manat ödəniş etməli olduğunu bildirirdi. Bank Respublikanın daxilində olan özlərinə məxsus terminalda da 91 manat ödəniş göstərirdi. Hal-hazırda sistemlərində 91 manat aylıq ödəniş göstərir. 2019-cu ildən 2023-cü ilə qədər hər ay olmaqla 2000 (iki min) manatdan çox ödəniş etmişdir. 2022-ci ilin sonlarında digər bankdan adına kredit üçün müraciət etdikdə, bankın əməkdaşı onun Bank Respublikada olan kreditinin 2020-ci il iyun ayından ödəniş olunmadığını bildirmişdir. Mərkəzi bankın sorğu bürosunda kreditin 900 gündən artıq gecikmədə olduğunu bildirdilər. Bundan sonra o, və yoldaşı Bank Respublikanın Xaçmaz filialına yaxınlaşaraq, nə üçün ödədiyi pulların mərkəzi bankın sorğu bürosunda görünmədiyini bildirmişlər. Demək olar ki, hər gün banka yaxınlaşaraq öz problemlərinin həll olunmasını tələb etmişlər. Bu tarixə kimi 2019-2022-ci il ona bir dəfə də olsun 900 gün gecikmədə olduğu bildirilməmişdir. 900 gün müddətdən də görünür ki, kreditin ilk aylarından kredit sistemlərində görünməyib. Bank əməkdaşı, onun adının ölənlərin, dünyasını dəyişənlərin siyahısında olduğunu bildirib. Mərkəzi Banka yazılı müraciət etdikdən sonra 14 fevral 2023-cü ildə göndərdikləri ödəniş cədvəlində, kreditin 2024-cü il dekabr ayına kimi qaytarılma vaxtı göstərilir. 13 mart 2023-cü ildən pretenziya məktubu göndəriblər. Məktubda kreditin qaytarılma müddətinin vaxtı bitdiyini bildirdilər. Halbuki, 2024-cü ilə kimi vaxtları var. Ödədiyikləri pullar mərkəzi bankda görünmür. 2023-cü il mart ayında ödəniş olub.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh1 nümayəndəsi X8-zadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Həmçinin bildirdi ki, cavabdehin bankdan götürdüyü kreditlə bağlı gecikmələri olub, lakin qrafik üzrə olmasa da, hər ay ödənişlər etmişdir. Borc məbləği düzgün göstərilib, həmin məbləği mübahisələndirmir. Onun şikayəti mərkəzi bankın sistemində onun adının gecikmələri olan şəxslərin siyahısından çıxarılması ilə bağlıdır. Cavabdeh qrafik üzrə ödənişlərdə pozuntuya yol versə də, hər ay kredit borcu üzrə müəyyən məbləğlərdə ödənişi həyata keçirmişdir. Cavabdehin adının gecikmələri olan şəxslər siyahısında olması ona digər bankdan kredit götürməyə maneə yaradır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir.

14. İş üzrə iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(067)- 1671/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

19. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 013REST429527 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5319.76 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

24. Apellyasiya araşdırması zamanı izahat verən apellyatorun nümayəndəsi izahatında göstərdi ki, cavabdehin şikayəti mərkəzi bankın sistemində onun adının gecikmələri olan şəxslərin siyahısından çıxarılması ilə bağlıdır. Göründüyü kimi şikayətin dəlili həll edilməsi məhkəmənin səlahiyyətinə aid olmayan məsələ olmaqla, formal mülahizə kimi qiymətləndirilməyə əsas verir.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(067)-1671/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar