Məhkəmə qərarları › İş №2(105)-1652/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1652/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1652/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1885/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)-75/2025 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh 21 iyun 2024-cü il tarixdə, saat 17 radələrində quru hava şəraitində idarə etdiyi özünə məxsus “Tufan M50” markalı moped ilə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti istiqamətindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi istiqamətinə doğru hərəkətdə olarkən avtomobil yolunun ünvan 1 ünvanından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı” kimi tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq yolu soldan sağa keçmək istəyən İddiaçı vurub ehtiyatsızlıqdan sonuncuya “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol almacıq-əngin, sol almacıq gicgah qövsünün, soldan alın-almacıq birləşməsi nahiyəsinin və burun sümüyünün sınıqları, sol körpücük, sol tərəfdən ll-V qabırğaların sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol göz yuvası, hər iki əl, hər iki bud və sol topuq nahiyələrinin qançırları, boyun, sol qulaqarxası, sol bud, sol baldır, sol kürək və bel nahiyələrinin sıyrıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bununla da o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan İddiaçı sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan hökmə əsasən Cavabdeh təqsirli bilinərək barəsində 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

2. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli epikrizdən müəyyən olunur ki, xəstədə xx.xx.2024-ci il tarixində endotraxeal anesteziyası altında “Maxsillanın və almacıq sümüyünün açıq üsulla reduksiyası” cərrahi əməliyyatı aparılmışdır. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, əməliyyat yarası l-li sağalmışdır. Xəstəyə rejimə, pəhrizə dair müvafiq məsləhətlər verilməklə müalicəni ambulator vəziyyətdə yaşadığı rayon poliklinikasında həkim müşahidə və müalicəsi üçün xx.xx.2024cü il tarixində evə yazılmışdır.

3. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMCyə (VÖEN:**********) 3200 manat məbləğində ödəniş edilmişdir.

4. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə olunmuş kassa çeklərindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh onu mopedlə vurmasından sonra dərmanlara və müalicə prosedurlarına ümumilikdə 756,21 manat pul xərclənmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh törətmiş olduğu cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanın əvəzi olaraq 10450 manat pulun, habelə ödənilmiş 122 manat dövlət rüsumunun, cəmi 10572 (on min beş yüz yetmiş iki) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təqsirkar əməlləri nəticəsində sağlamlığına ciddi zərər vurulmuş, bu günə kimi səhhətində ağır problemlər yaşanır, əməliyyata məruz qalmış və hal-hazırda da müalicə tədbirlərini davam etdirir. Cavabdeh sağlamlığına yetirdiyi zərərə görə ona bu günə kimi heç bir maddi yardım göstərməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, hadisənin baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə o, ağır əziyyətdə Xaçmaz rayon X2 Şöbəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixədək həmin şöbədə stasionar qaydada müalicə olunmuşdur. Həmin şöbədə ona əsasən medikamentoz müalicə aparılmış və xx.xx.2024cü il tarixdə evə ambulator müalicəyə buraxılarkən həkim tərəfindən izah edilmişdir ki, sol almacıq sümüyünün və sol körpücük sümüyünün planlı cərrahi əməliyyat olunmağı mütləqdir, əks halda xoşa gəlməz fəsadlar baş verəcəkdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək o, Bakı şəhərində yerləşən Loğman Klinikasında stasionar qaydada müalicədə olmuş və xx.xx.2024-cü il tarixdə həmin klinikada “almacıq sümüyünün və əngin sınığı” diaqnozu ilə əməliyyata məruz qalmışdır. Bundan sonra həkimlərin məsləhəti ilə dəfələrlə prafılin şam masajları və idman kursları qəbul etmişdir. Müayinə və müalicə olunmaq üçün dəfələrlə Qusar rayonunda yerləşən OKİ xəstəxanasına gedib gəlmişdir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən 21 iyun 2024-cü il tarixdə mopedlə vurulana qədər sağlamlığı normal olmuş, fərdi qaydada vətəndaşların evlərində iş görüb qazanc əldə edirdi. Orta hesabla aylıq qazancı 400-450 manat civarında olmuşdur. Cavabdehin ona qarşı törətmiş olduğu cinayət nəticəsində həm sağlamlığına ciddi zərər vurulmuş, həm də maddi ziyana məruz qalmışdır. Cavabdehin idarə etdiyi mopedlə onu vurması nəticəsində ona dəymiş maddi ziyanı minimal ölçülərlə 10450 manat hesablayır. Ona dəymiş mənəvi ziyanı (şiddətli ağrılar, iztirablar və s.) və güclü yeməklərə xərclədiyi pulları hesablamır. Belə ki, Loğman klinikasında stasionar qaydada müalicəyə (gündəlik 50 manat) 200 manat və əməliyyat olunmağına 4000 (dörd min) manat pul xərcləmişdir. Dəfələrlə Bakı şəhərinə müayinəyə və müalicəyə taksi ilə gedib gəlməyinə 700 manat pul xərcləmişdir. Qusar şəhərinə OKİ klinikaya 8 dəfə taksi ilə gedib gəlməyinə 400 manat pul xərcləmişdir. Bu müddət ərzində dərmanlara 500 manat pul xərcləmişdir. Prafılin şam qol üçün masaja 350 manat və qol idman üçün 300 manat mütəxəssisə ödəmişdir. Hadisədən əvvəl o, vətəndaşların evlərində fərdi işlərdə işləyib hər aya təxminən 400-450 manat qazanc əldə edirdi. Hadisənin baş verdiyi 21 iyun 2024-cü il tarixdən keçdiyi 10 ay ərzində o, heç bir fiziki iş görə bilmir və ona görə də, bu müddət ərzində fərdi işlərdə işləyib əldə edə biləcəyi qazancından (10 ay x 400 manat - 4000 manat) məhrum olunmuşdur.

7. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh onu mopedlə vurmasından sonra dərmanlara və müalicə prosedurlarına ümumilikdə 756,21 manat pul xərcləməsini təsdiq edən ərizə və kassa çeklərini məhkəməyə təqdim etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil izahatında bildirmişdir ki, aptek qəbzləri və masaj xərclərinin çekləri var. Loğman Klinikası isə sorğuya cavab verməyib. Tələbin digər hissəsi isə taksi xərcləridir. Məlum məsələdir ki, taksilər ödəniş barədə çek təqdim etmir. Bundan əlavə, iddiaçı qəzadan öncə fərdi işlər görməklə pul qazanıb. Hazırda isə işləyə bilmir. Bu da ona maddi ziyan vurub.

9. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında qeyd etmişdir ki, iddianı qəbul etmir. O, özü də əməliyyat olmuşdur. Ona da maddi ziyan dəyib. İddiaçının rəsmi qəbzlə təsdiq olunan əməliyyat xərclərini ödəməyə etiraz etmir, sənədlərlə təsdiq olunmayan başqa xərcləri qəbul etmir.

10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1885/2025 nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 3956,21 manat və ödənilmiş dövlət rüsumu kimi 59,56 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 62.44 manat məbləğinin iddiaçıya aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh törətdiyi cinayət nəticəsində İddiaçı sağlamlığına az ağır zərər vurulmuş və iddiaçı hadisədən sonra aldığı xəsarətlərlə bağlı müalicə və müayinələrdə olmuş, müalicəsi ilə bağlı təqdim etdiyi qəbzlərdə göstərilmiş məbləğlərdə pul vəsaiti xərcləmişdir. İddiaçı tərəfindən taksi və digər xərclərə dair, eləcə də əldən çıxmış fayda ilə bağlı iddiaçının iş yerinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88.1, 119.1, 217.4-cü maddələrinin tələbləri barədə Praktiki Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəməyə həm Bakı şəhərində, həm Qusar şəhərində yerləşən müalicə müəssisələrində dəfələrlə ambulator və stosianar qaydada müalicə və müayinə olunması barədə rəsmi sənədləri təqdim etmişdir. Sözsüz ki, nə Bakı şəhərinə, nə də ki, Qusar şəhərinə piayada getməmişdir. Yalnız ailə üzvlərinin müşayiətilə taksi ilə Bakı və Qusar şəhərlərinə gedib-gəlmişdir. Məhkəmə iclasında izahatında qeyd etmişdir ki, hər hansı taksi sürücüsü sərnişinə aldığı gediş haqqına dair rəsmi qəbz vermir. Bu hal hamıya məlum olan bir haldır. Bundan da əlavə iddia ərizəsində qeyd etmişdir ki, hadisədən əvvəl o, vətəndaşların evlərində müxtəlif təmizlik işləri görüb ayda təxminən 400-450 manat civarında pul qazanırdı. Hadisədən sonra o, hətta öz evində bir iş görə bilmir və əvvəlki qazancından məhrum olunmuşdur. Qətnamədə qeyd olunur ki, iddiaçının iş yerinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sual olunur, o, müxtəlif evlərdə təmizlik işləri görməsi və bununla “iş yeri”nin olmasını təsdiq edən hansı sübutu məhkəməyə təqdim etməlidir? Belə ki, onun dəqiq yadındada qalmamışdır ki, konkret olaraq kimə məxsus və hansı ünvanda yerləşən evdə təmizlik işləri görmüşdür. İş prinsipi belə olmuşdur ki, tanış-biliş onun təmizlik işlərilə məşğul olduğunu bilir və lazım olanda vətəndaşlara calayırlar. Telefon vasitəsi ilə əlaqə saxlayıb deyilən ünvana gedərək işini görüb pulunu almışdır. O, təmizlik işləri gördüyü evlərin siyahısını tutmamışdır. Rəsmi iş yeri tapa bilmədiyi üçün bu üsulla işləyib qazanc əldə etmişdir. Cavabdeh ehtiyatsızlıqdan ona qarşı cinayət törədərək sağlamlığına ciddi zərər vurmuş və o, iş qabiliyyətini itirmişdir. Məhkəmənin iddianın qalan hissədə rədd edilməsi qənaətindən belə çıxır ki, hər hansı sürücü rəsmi iş yeri olmayan piyadanı vurarsa, arxayın ola bilər ki, vurduğu şəxsin sağlamlığına və əldən çıxmış faydaya görə hər hansı kompensasiya ödəməyəcəkdir. Cavabdeh məhkəmə iclasında özünü ona qarşı çox kobud aparmış, törətmiş olduğu cinayətə görə peşmançılıq çəkərək ondan üzr istəmək əvəzinə, az qala açıq şəkildə demək istəyirdi ki, hadisəni düz eləmiş və yalnız rəsmi qəbzlərdə əks olunmuş ziyanı ödəyəcəkdir, özü də imkanı olanda. O, 1 manat da olsa cavabdehdən artıq pul istəmir. İddia ərizəsində göstərilən məbləğ sırf ondan müalicə ilə əlaqədar çıxmış pullardır. O istəsəydi cavabdehdən maddi ziyanla yanaşı mənəvi ziyana görə də pul tələb edə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

22. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (...)

23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

28. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 21 iyun 2024-cü il tarixdə ehtiyyatsızlıqdan törətdiyi cinayət nəticəsində İddiaçı sağlamlığına az ağır zərər vurulmuş və iddiaçı hadisədən sonra aldığı xəsarətlərlə bağlı müalicə və müayinələrdə olmuş, müalicəsi ilə bağlı pul vəsaiti xərcləmişdir.

35. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən cavabdehdən maddi ziyanın əvəzi olaraq 3956,21 manatın alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. İddiaçı iddiasının təmin edilməyən hissəsini mübahisələndirir.

36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı ərizəsində alığı xəsarət nəticəsində əmək qabiliyyətini itirdiyini, hadisədən əvvəl hər ay təxminən 400-500 manat civarında pul qazandığını, lakin hadisədən sonra 10 ay ərzində heç bir fiziki iş görə bilmədiyinə görə bu müddət ərzində işləyib əldə edə biləcəyi 4000 manatın ona ödənilməsini, həmçinin nəqliyyat və digər əlavə xərclər çəkməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşır, həmçinin hesab edir ki, iddiaçının itirdiyi qazancın (gəlirin) hesablanaraq cavabdehdən tutulması üçün onun əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan hər hansı növünə dair sənəd məhkəməyə təqdim edilməmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1885/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1885/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar