Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1653/2022 29.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: emissiya prospektinin, icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada təqdim edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 nömrəli qətnaməsindən İddiaçı2 İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin emissiya prospektinin, 2010-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada onlara təqdim edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin səhmdarı olaraq cəmiyyətə müraciət edib, "xxxx" ASC-nin Emisiya prospektinin, 2010-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlar maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokolla təsdiq edilmiş formada onlara təqdim edilməsini xahiş etmişlər. Lakin cəmiyyət 05.07.19 tarixli teleqramı 08.07.19 tarixində almasına baxmayaraq bu günə qədər həmin sənədləri onlara təqdim etməmişdir. Özəlləşdirmə şərtlərini əks etdirən və cəmiyyətin təsis sənədlərindən biri sayılan Emissiya Prospekti, nə də icra orqanın görülmüş işlər haqqında hesabatlar, maliyyə hesabatları və auditor aktları, nə ümumi yığıncaqların protokolları kommersiya sirri sayılmır və səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Cavadehin iddia tələbinə qarşı yazılı etirazı daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilib, cavabdeh "xxxx" ASC tərəfindən 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iş materiallarında olan Azərbaycan Respubliksı Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən 2010-2015-ci illəri əhatə edən maliyyəmühasibat sənədləri məhv edilmişdir. Bundan əlavə emissiya prospektinin verilməsi nə "xxxx" ASC-nin nizamnaməsində, nə də Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmamışdır. İddia tələbi Continental Construction and İndustrial» ASC tərəfindən 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 107-6.3-cü maddələri, “Mühasibat Uçotu haqqında Qanununun” 12.3.3-cü maddəsi və “Kommersiya Sirri haqqında Qanunun” 4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 İldırım oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 nömrəli qətnaməsinin qismən ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı2 İldırım oğluna aid hissədə araşdırılır və yoxlanılır. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səhmdarların məlumat almaq hüququ var, amma yalnız 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarını, maliyyə hesabatlarını, auditor aktlarını, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş surətlərinin onlara təqdim edilməsini qət etmişdir. 2010-2014cü ilə dair sənədlərin təqdim edilməməsi üçün əsas kimi həmin illərə dair sənədlərin arxiv fondu tərəfindən ləğv edildiyi göstərilmişdi. Lakin iş materiallarında olan sənədlə yalnız ilkin mühasibat sənədlərin ləğv edildiyi öz əksini tapmışdır. İllik maliyyə sənədlərin ləğv edildiyi həmin aktda öz əksini tapmamışdır. Bundan əlavə 2010-2014-cü illərə dair səhmdarların ümumi yığıncaqlarının protokollarının da ləğv edildiyi sübuta yetirilməmişdir. Məhkəmə emissiya prospektinin təqdim edilməsini də təmin etməyib və bu qanunun tələblərini inkar edən heç bir maddi bir norma qətnamədə göstərilməmişdir. “Qiymətli kağızlar bazarı” haqqında Qanunun 7.1-ci maddəsində göstərilib ki, “İnvestisiya qiymətli kağızlarının emissiya prospekti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiqləndikdən sonra bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır.” 7.2-ci maddəsində əks olunub ki, “İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.” Məhkəmə bu maddi hüquq normasının inkar edilməsinə dair heç bir arqument gətirmədən həmin normanı tətbiq etməkdən imtina edərək emissiya prospektinin təqdim edilməməsini qət etmişdi, halbuki həmin normaya istinad edərək emissiya prospektinin verilməsini qət etməli idi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüqu Mülki Məcəllə Maddə 98.7. Səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyənləşdirilir. Maddə 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Maddə 102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Maddə. 106-1.3.2-ci maddəsinə əsasən “Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüquqları vardır. Maddə 107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbinin İddiaçı2 İldırım oğluna aid hissəsində qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" ASC-nin Nizamnaməsi 04 avqust 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Depo hesabından çıxarışlardan görünür ki, İddiaçı1 "xxxx" ASC-də 200 ədəd, İddiaçı2 İldırım oğlu 184 ədəd qiymətli kağızın sahibidir. "xxxx" ASC-nin saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə 11 mart 2021-ci il arixli aktdan görünür ki, 01 mart 2021-ci il tarixli, 02 nömrəli əmrlə komissiya Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri Azərbaycan Respublikası "xxxx" ASC-də saxlama müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş aktda qeyd olunan sənədlər məhv edilmişdir. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formada məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən 2010-2015-ci illəri əhatə edən maliyyə-mühasibat sənədləri məhv edilmişdir. “Kommersiya Sirri haqqında Qanunun” 4-cü maddəsinə əsasən, təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquq təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məluma olmaqla), qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, qiymətli kağızlar bazarı haqqında Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar, özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar istisna olmaqla, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir. “Mühasibat Uçotu haqqında Qanununun” 12.3.3-cü maddəsinə əsasən “İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kirik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması tələb olunur. “Qiymətli kağızlar bazarı” haqqında Qanunun 7.1-ci maddəsinə əsasən “İnvestisiya qiymətli kağızlarının emissiya prospekti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiqləndikdən sonra bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır.” Həmin Qanunun 7.2-ci maddəsinə əsasən “İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.” Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin "xxxx" ASCnin emissiya prospektinin təsdiq edilmiş formada İddiaçı2 təqdim edilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, səhv nəticəyə gəlmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayəti qeyd olunan hissədə qismən əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qismən ləğv edilməli və iddia tələbi İddiaçı2 İldırım oğluna aid hissəsində qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı2 İldırım oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-848/2021 nömrəli qətnaməsi İddiaçı2 İldırım oğluna aid hissədə qismən – «cavabdeh "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin emissiya prospektinin təsdiq edilmiş formada İddiaçı2 təqdim edilməsi barədə iddiası təmin edilməsin» hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən "xxxx" ASC-nin 2015-2019-cu illərə dair emissiya prospekti təsdiq edilmiş formada İddiaçı2 təqdim edilsin. Qətnamə - «cavabdeh "xxxx" ASC tərəfindən 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatları, maliyyə hesabatları və auditor aktları, səhmdarların ümumi yığıncaqlarının protokolları təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1653/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1653/2022
29.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver