Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1657/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Qusar Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(029)-436/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı «X3» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3526,70 AZN əsas, 898,25 AZN faiz, 68,88 AZN cərimə, cəmi 4493,83 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 65,34 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 833nkNAR/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı “pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5355 manat əsas, 899,52 manat faiz borcu, 24,46 manat cərimə borcu olmaqla, cəmi 6278,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,24 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Qusar Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(029)-436/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3526,7 manat məbləğində əsas, 898,25 manat məbləğində faiz, 68,88 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4493,83 (dörd min dörd yüz doxsan üç manat səksən üç qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 65.34 (altmış beş manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq «X3» ASC-nin hesabına keçirilməsi qərara alınmışdır (hakim Anar Qasımov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcalan Cavabdeh 833nkNAR/21 nömrəli krediti müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(029)-436/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməyib, işə yalnız bankın təqdim etdiyi sübutlar əsasında baxılıb. Məhkəmə qətnamə qəbul edərkən qərəzli olub, sübutlara tətbiq edilməli hüquq normalarını tətbiq etməyib. Borclu olaraq onun üçün əsas borc daha ağır tələbdir, çünki borc qaldıqca üzərinə faiz gəlir. Ona görə də bankın ondan ilk növbədə cəriməni tutması qanunsuzdur. Bankın müəyyən etdiyi 68,88 manat cərimə (dəbbə pulu) borcu əsas borc və faiz borcu ilə birgə onun üçün çox böyük məbləğdir. Artıq bir kredit borcu var, öhdəsində ailəsi var, məhkəmənin müəyyən etdiyi kredit borcunu ödəməyə imkanı yetmir, ən azından qeyd edilən maddi hüquq normasını tətbiq etməklə məhkəmə dəbbə pulunu azaltmalı, hətta bankın tələbinin cərimə ilə bağlı hissəsini təmin etməməli idi. Məhkəmə bu qədər yüksək olan faiz məbləğinin düzgün olub-olmadığını aydınlaşdırmayıb, hesablamanın düzgün olub-olmadığını müəyyənləşdirmək üçün mühasibatlıq ekspertizası təyin etməyib. Halbuki, məhkəmə ekspertiza təyin etməli idi, çünki aydın məsələdir ki, hakim kredit üzrə mütəxəssis deyil, xüsusi bilik tələb edən sualları, xüsusilə 898,25 manat məbləğində faiz borcunu yalnız həmin sahə üzrə mütəxəssis, ekspert aydınlaşdıra bilər. Lakin məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmadan qətnamə qəbul edib. Məhkəmə qətnaməsində guya bank tərəfindən ona borcun ödənilməsi barədə xəbərdarlıq olunduğu qeyd edilsə də belə bir bildiriş-xəbərdarlıq almamışdır. Həmin bildirişdən xəbəri yoxdur. Bildirişdə qeyd edilən ünvanda yaşamır. Bildirişi guya qəbul etməyi barədə poçt qəbzində adından qoyulmuş imza saxtadır, onun imzası deyil. Bank məhkəməyə saxta “sübut”lar təqdim edib. Qəbzdəki imzanın saxta olduğunu ekspertiza təyin etməklə də müəyyən etmək olar.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işlədiyi müəssisəsdən icazə ala bilməməsi əsası ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasında iştirak etmək, izahat vermək və dəlillər təqdim etmək istədiyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 11.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarında olan 11 mart 2021-ci il tarixli 833nkNAR/21 nömrəli kredit müqaviləsindən görünür ki, “X3» Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Cavabdeh arasında olan razılığa əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir.
18. Həmin kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.
19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 833nkNAR/21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu əsas məbləğ üzrə 3526,7 manat, faiz üzrə 898,25 manat, cərimə üzrə 68,88 manat, cəmi 4493,83 manat təşkil edir.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcalan Cavabdeh 833nkNAR/21 nömrəli krediti müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, 11 mart 2021-ci il tarixli 833nkNAR/21 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmiş, müqavilə şərtləri borcalan tərəfindən icra edilməmiş və nəticədə borcalanın banka 3526,7 manat, faiz üzrə 898,25 manat, cərimə üzrə 68,88 manat, cəmi 4493,83 manat borcu yaranmışdır.
22. Göründüyü kimi iddiaçı ilə apellyant arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə üzrə cavabdehin 3526,7 manat, faiz üzrə 898,25 manat, cərimə üzrə 68,88 manat, cəmi 4493,83 manat borcu yaranmışdır.
23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin şərtinə görə illik 28 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.
26. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması, eləcə də borcun şişirdilməsi, faiz, cərimə hesablanması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1, 284-5.1, 284-5.2-ci maddələrinin tələblərinə uyğun sadələşdirilmiş icraat qaydasında baxmış, məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş, eləcə də iddia tələbinə etiraz edilməsi barədə məlumat göndərmişdir.
28. Məhkəmə kollegiyası apelyantın borcun artıq hesablanması, eləcə də faiz hesablanması və cərimə borcunun çox hesablanması dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilən halı təkzib edəcək sübutları, hər hansı ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kreditin 28 faizlə verilməsini sonradan bildiyinə dair dəlilini inandırıcı hesab etmir. Belə ki, kreditin llik 28 faiz həcmində faizin hesablanması müqavilədə nəzərdə tutulmuşdur.
29. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə yüksək cərimə borcunun azaldılması nəzərdə tutulsa da cərimə borcunun silinməsi nəzərədə tutulmamışdır. 3526,7 manat məbləğində əsas borca görə 68,88 manat cərimə borcunun yüksək hesablanması ağlabatan hesab edilə bilməz.
31. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdəön tutulmalıdır.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
33. Bundan başqa yaşayış yerinin dəyişdirməsi səbəbindən məhkəmə iclasları barədə məlumatlı olmamasına gəlincə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdırr.
34. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
35. Qanunvericilik yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədini müəyyən edərkən məhz hər hansı şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaradılmasını rəhbər tutmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yer onun yaşayış yeri kimi qəbul edilməlidir.
36. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, sənədlər cavabdehin rəsmi qeydiyyat ünvanı olan Qusar rayonu, Ləgər qışlaq kəndinə göndərilmişdir.
37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin adına elektron məhkəmə informasiya sistemində xx.xx.2023-cü il tarixdən elektron kabinet aktivdir. Belə olan halda cavabdehin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasları barədə məlumat almaq imkanı olmuşdur.
38. Bundan başqa borcun hesablanması barədə ekspertiza təyin edilməli olması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etiraz verərək qeyd edilən halı məhkəmədən xahiş edə bilmək imkanına sahib olsa da bunu etməmişdir.
39. Həmçinin işə apellyasiya qaydasında baxılan zaman cavabdeh borcun şişidrdilərək hesablanması səbəbindən ekspertiza təyin edilməsini xahiş etməmiş, yalnız məhkəmə iclasında iştirak etmək istədiyini, əlavə sübutlar təqdim etmək istəyini bildirsə də hər hansı sübutları təqdim etməmiş, məhkəmə iclasında da iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakının təmin edilməsi ilə\ əlaqədar məhkəmə iclasını təxirə salmış, lakin cavabdeh sönbəti məhkəmə iclasında da iştirak etməmişdir.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(029)-436/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Qusar Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(029)-436/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.