Məhkəmə qərarları › İş №2(105)-1659/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1659/2025

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1659/2025 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17143 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi təxmini 7-8 il olar ki tanıyır, aralarında yaxın münasibətlər olmuş, rəfiqə olmaqla gediş-gəlişləri olmuşdur. Şəhla Sumqayıt şəhərində Lombard açdığını, ona bu işdə köməklik etməyini və Lombardı şərikli işlədə biləcəklərini demişdir. O, cavabdehə inananaraq özünə və qızına məxsus olan qızıl-zinət əşyalarını sataraq ona ümumilikdə 17000 manat pul vermişdir. Lakin bir müddət keçdikdən sonra Şəhladan heç bir xəbər çıxmadığı üçün onun mobil telefonuna zəng edərək məsələnin nə yerdə qaldığını soruşduqda onunla şərikli işləməyi ona sərf etmədiyini bildirmiş və Lombard işinin də alınmadığını bəhanə edərək, evini banka girov qoyub onun pulunu qaytaracağını bildirmişdir. O, cavabdehlə razılaşaraq cavabdehin ona pul qaytaracağını gözləmiş, lakin ondan xəbər çıxmamış, o, yenidən ona zəng vuraraq pulunu qaytarmağı bildirmiş, lakin cavabdeh ona yenə zamana ehtiyac olduğunu bildirmiş və xahiş etmişdir ki, biraz da gözləsin. Lakin buna baxmayaraq, o hər dəfə bəhanələr edərək pulunu qaytarmaqdan yayınmışdır. Daha sonra kimlərləsə lotoreya oynadığını pul toplayıb pulunu qaytaracağını bildirsə də bu günədək pulunu qaytarmamışdır. Bununla bağlı polisə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdrır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı cavabdeh xeyrinə 16000 (on altı min) manat pul və 143 (bir yüz qırx üç) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 16000 manat borc versə də tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Buna görə də etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilər. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır. Əsassız varlanma institutunun məqsədi isə varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Cavabdeh məhkəmə iclaslarında iddiaçıdan aldığı 16000 manat borcu qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2,337.1, 329.1, 1091.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında da iştirak edərək iddia tələbinə dair izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıdan anasının xəstəliyi ilə ələqədar 2011-ci ildə 16000 manat borca pul götürmüşdür. Həmin pulun müqabilində iddiaçıya illərlə faiz ödəmiş, bununla bağlı şahidləri var. O, ödənişləri 2011-ci ildən 2016-cı ilə qədər ödəmişdir. Aldığı pulu iddiaçıya qaytarsa da bununla bağlı heç bir yerdə qeydlər aparmamışdır. Onu da bildirir ki, pulu nə zaman qaytaracağı barədə iddiaçı ilə aralarında heç bir razılaşma olmayıb. Göründüyü kimi iddiaçı onun üzərindən əsassız varlanmaqla, əsassız və qanunsuz yerə əlavə və artıq pul tələb edir. Lakin bu iddia heç bir ədalətə sığmır və o, illərlə faiz ödəmişdir. Heç bir yerdən gəlir və qazancı yoxdur. Birinci instansiya məhkəməsi verdiyi izahatları və etirazını nəzərə almayaraq, əleyhinə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işdə olan, o cümlədən təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını obyektiv araşdırmamış, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. İş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, iddiaçının təqdim edtiyi sübutları qətnamədə şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisə illərdir davam edir. 2011-ci ildə anasının xəstəliyi ilə əlaqədar iddiaçıdan fazilə borc almış və illərlə ona faiz qaytarmışdır. İddiaçının ona 17000 manat borcunun olması barədə əlyazması olub, həmin əlyazmanı sənədlərin arasından yeni tapmış, birinci instansiya məhkəməsində hüquqi savadsızlığı ucbatından sübutları təqdim etməmişdir. Əsas borcdan cəmi 1000 manat ödəmiş, sonra aylarla faiz ödəmişdir. Əsas borcu qalsa da götürülmüş borcdan artıq məbləğdə faiz ödəmişdir. Bunu təsdiq edən şahidləri var. Onlar polis idarəsində də dindiriliblər. Borcu aylıq 10 faizlə götürmüşdür. 2011-ci ildən 2018-ci ilə qədər 3 ayı çıxmaq şərtilə iddiaçıya hər ay faiz ödəyib. İddiaçıdan 10000 manat bir, 7000 manat da bir borca pul götürmüşdür. 2014-2015-ci illərdə iddiaçıya borcun əvəzinə hətta qızıl da verib. Onda olan əlyazmada iddiaçının imzası var. 7 il müddətində iddiaçıya faiz ödəyib. İddiaçıdan birinci dəfə 10000 manat, ikinci dəfə 7000 manat borc götürüb, 7000 manatı götürəndə qızılların girov qoyub. Həmin qızılların dəyəri 7000 manat olub. Qızılları hazırda iddiaçıdadır. Sübut olaraq 2015-ci ilə aid əlyazma var, orada hər ikisinin qeydləri mövcuddur, əlyazmadan görünür ki, borcun qarşılığında qızıllarını girov qoyub, həmçinin iddiaçıya 1100 manat məbləğində pul vermişdir. İddiaçı qzılları qaytarmayıb. 7000 manat borc götürəndə qızıllarını iddiaçıya verib. Borcu 2011-ci ildə alıb, qızıllarını verib, onun istəyi ilə qızıllar iddiaçıda qalıb, faizlər yığıldıqca ödəyə bilməmiş, ona görə də qızıları satıb pulunu borcundan çıxmasını istəmişdir. 2017-ci ilin sonuncu üç ayının faizini ödəmədiyindən iddiaçı ondan polisə şikayət etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin də etiraf etdiyi kimi ona 17000 manat məbləğində borc pul vermişdir. Bu günə qədər götürdüyü pulu geri qaytarmamışdır. Bundan başqa oğlunun təhsili ilə əlaqədar pula ehtiyacı olduğuna görə cavabdehdən borcunun geri qaytarılmasını tələb etmiş, cavabdeh qaytarmağa imkanının olmadığını bildirərək, qızıllarını götürüb girova qoyub başqa şəxsdən pul götürməyi təklif etmiş, daha sonra həmin borcun əsas və faizini özünün ödəyəcəyini bildirmişdir. Bunu nəzərə alaraq ona olan borcundan 1100 manat çıxmış və 16000 manat borcun qalması barədə kağıza qeyd etmişdir. Əlyazmada sözügedən qızıllar özünün qızıllarıdır. Cavabdeh əlyazmada ondan hansı qızılları alıb girova qoyduğunu yazmışdır. Qızıllarını girovdan götürəndə 1400 manat verib yarısını almış, yarısı hələ də girovda qalmışdır. Şəhla birinci dəfə ondan pul götürəndə qızıl girov qoymuş, sonradan ona verilən qızılları geri qaytarmışdır. Qızılları cavabdehin əri gəlib aparmışdır. Bu illər ərzində ona heç bir məbləğdə pul qaytarılmayıb. Borcu 2014-cü ildə verib, necə ola bilər ki, 2018-ci ilə qədər 7 il pul faiz borcu ödəmiş olsun. Birinci dəfə 10000 manat, 2-3 ay sonra isə 7000 manat vermişdir. Borc məbləği ilə bağlı qarşı tərəfə hər hansı güzəştə gedə bilməz. Cavabdehə borc verməyinin səbəbi onun lombard açmaq niyyəti olmuşdur. İşdə olan sübutlar

12. İşdə olan 2014-cü il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 16000 manat borc pul götürmüşdür. 13.İşdə olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi olmadığından faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 17000 manat borca pul almış, 1000 manat pulu qaytarmış, 16000 manat pul isə geri qaytarmamışdır. Cavabdeh iddiaçıya qalıq 16000 manat borcunu ödəmədiyini, lakin qalıq borcun miqdarından daha da artıq faiz məbləğini ödədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

19. Bundan başqa məhkəmə kollegiyası cavabdehin izahatları arasında ziddiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə kollegiyasını iclasında cavabdeh 7000 manatlıq borcu götürərkən bunun müqabilində iddiaçıya girov qismində qızıl əşyalarını qoyduğunu bildirsə də iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsinə dair qərarda əks olunmuş izahatında o, iddiaçıdan aldığı 16000 manat borc müqabilində qızıllarını girov qoymadığını, sonradan da geri götürmədiyini bildirmişdir. İddiaçının isə polis orqanında və məhkəmə kollegiyasını iclasında verdiyi izahatlarında ziddiyyət mövcud olmamışdır. Belə ki, o, cavabdehin pul götürərkən qızıl əşyalarını girov qoymasını, daha sonra isə onu aldadaraq qızılları götürməsinə dair izahat vermişdir ki, bununla da iddiaçının polis orqanında verdiyi izahatla, məhkəmə iclasında verdiyi izahatın eynilik təşkil etmişdir.

20. Bundan başqa tərəflərin hər ikisi məhkəməyə xx.xx.2015-ci il tarixli əlyazma təqdim etmişdir ki, həmin əlyazmada tərəflər arasında qızıl əşyalarının verilməsi və qiymətləndirilməsinə dair məlumatlar əks olunmuşdur. Cavabdeh həmin qızılların ona məxsus olmasını iddia etsə də həmin məlumatların məzmunundan qızılların iddiaçıya məxsus olması aydın olmaqdadır. Hətta iddiaçı tərəfindən təqdim edilmiş digər bir əlyazmada cavabdehin imzası və xətti ilə “Afətin qalan qızılları” adı altında qızıl əşyalarının adları qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsinə dair qərarda əks olunmuş iddiaçının izahatından da göründüyü kimi o, cavabdehə 17000 manat verdikdən sonra özünün pula ehtiyacı olmuş, özünə məxsus 83 qram çəkidə qızılları girov qismində cavabdehə verməklə, 1100 manat məbləğində borca pul götürmüş, həmin pula görə faiz ödəmiş, qızılları geri qaytaranda isə 1500 manat pul ödəməsini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında da iddiaçı polis orqanında verdiyi izahata uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun pulunu qaytatmadığı zamanlarda, oğlunun təhsili ilə əlaqədar pula ehtiyacı yaranmış, cavabdeh isə qızılları girov qoymaq şərti ilə başqa bir şəxsdən 1100 manat pul alıb verdiyini bildirməklə, əlyazmalardakı qızıllar da məhz həmin borca görə girov qismində qoyulmuş qızıllarla əlaqəli omuşdur.

21. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə əlqədar olaraq, pul məbləğinin bağlanmış şifahi əqdin etibarsızlığının nəticələri qismində əsassız varlanma qaydalarına uyğun olaraq tutulması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması və maddi hüquq normalarının tətbiqi ilə də tam razılaşmışdır.

22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 23.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-870/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar