Məhkəmə qərarları › İş №2(105)-166/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-166/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-166/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə vəzifəsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(028)-372/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkil Cavabdeh vəzifə borcuna vicdansız yanaşmasını, bilərəkdən ona verdiyi yalan vədlər hesabına maliyyə vəsaitini mənimsəməsini nəzərə alıb, ondan aldığı 1000 (min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" kiçik müəssisəsi ilə xeyli müddətdir arasında yaranan və mübahisə doğuran əmlak məsələsinin qanun çərçivəsində həllini tezləşdirmək üçün, həm də hüquqi savadının olmaması səbəbindən, vəkil xidmətinə ehtiyacı yaranmışdır. Bu məqsədlə də vəkil Cavabdehla müqavilə bağlamışdır. O, məhkəmədə bu işin qanun çərçivəsində maraqlarına uyğun həllinə nail olacağına onu tam əmin etmişdir. Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə əlaqədar 500 manat verməsini bildirmişdir. Şirin vədlərinə inanıb, özündə onun dediyi həmin məbləğdə maliyyə vəsaiti olmadığından, qohumundan 500 manat borc alıb, Cavabdeh verməyə məcbur olmuşdu. Bakı Apellyasiya Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclasında, vəkil onun hüquqlarının müdafiəçisi kimi çıxış etsə də, lakin o, bu prosesdə hüquqlarının müdafiəsi ilə əlaqədar bir söz deməmişdi. Daha doğrusu buna bir vəkil olaraq ehtiyac yaratmamışdı. Üstəlik məhkəmə iclasına sədrlik edən hakim bildirmişdi ki, iş üzrə hər iki tərəfin - iddiaçının və cavabdehin VÖEN-ləri olduğundan, bu iş aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilir. Elə də olmuşdu. Bundan sonra da vəkil Cavabdeh yenə bildirmişdi ki, Kommersiya Məhkəməsində hüquqlarını müdafiə etmək üçün elektron sistem vasitəsi ilə iddia ərizəsi yazmalıdır. Buna görə də əlavə olaraq ona 500 manat maliyyə vəsaiti də ödəməlidir. O, bir daha iddia tələbinin müsbət həll ediləcəyi ilə bağlı vəkilin verdiyi şirin vədinə inanmış, ikinci dəfə ona borca tapıb, 500 manat vermək qərarına gəlmişdir. Kommersiya Məhkəməsində ötən ilin oktyabr ayında keçirilən prosesdə yenə bu vəkil hüquqların müdafiəsi ilə bağlı bir cümlə işlətməmişdi. Qarşı tərəfin vəkili isə onun hüquqlarını müdafiə etmək üçün necə deyərlər "min oyundan çıxdımışdı". Nəticədə həmin məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə məhkəmə qərarı qəbul edilmişdi. Vəkil Cavabdeh ona göstərəcəyi hüquqi yardım nəticəsində, iddia tələbinin təmin ediləcəyini birmənalı vəd etmiş, ümumilikdə ondan 1000 manat alsa da, onunla bağladığı nə yazılı müqavilə, nə də şifahi razılıq əsasında iddia tələbinin tam təmin ediləcəyi barədə üzərinə götürdüyü heç bir öhdəliyə, Mülki Məcəllənin 385, 386-cı maddələrinin tələbinə uyğun olaraq vicdanla əməl etməmişdi. Ona 1000 manat məbləğində ziyan vurmuşdu. Bir dəfə də olsun məhkəmə prosesinin vaxtını deyib, onu bir prosesə də çağırmamışdı. Ondan pulu geri istəməyə məcbur olmuş, lakin o, buna əməl etməmişdi. Heç nəyi vecinə almadığını demişdi. Vəkilin ona qarşı qeyd etdiyi qanun və vicdan çərçivəsinə sığmayan əməlləri barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ünvanladığı müraciətinə əsasən ünvanına göndərilən cavab məktubunda, vəkil Cavabdeh onunla bağladığı müqavilə əsasında guya ondan göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində maliyyə vəsaiti aldığı qeyd olunmuşdur. Həm də qeyd olunmuşdur ki, guya Apellyasiya Məhkəməsində hüququnu müdafiə etməsi ilə əlaqədar onunla müqavilə bağlanmayıb və ondan müqavilədən kənar pul almayıb, peşə borcunu vicdanla yerinə yetirib. Belə olan halda vəkil Cavabdeh mütləq soruşulmalıdır: "Əgər vəkil doğrudan da İddiaçı müqavilədən kənar pul almayıbsa, onda müqavilə bağlamadan, nə məqsədlə onun apellyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasında iştirak edib? Əgər bu vəkil doğrudan da peşə borcuna vicdanla yanaşıbsa, nədən anası yaşında olan ağbirçək bir xanıma iddia tələbinin tam təmin ediləcəyini vəd edərək, zorla borca tapdığı 1000 manat maliyyə vəsaitini mənimsəyib, üzərinə götürdüyü öhdəliyə əməl etməyib? Vəzifə borcuna belə vicdansız yanaşmaq, müdafiə etdiyi şəxsi aldatmaq, bu qədər maliyyə vəsaitini mənimsəmək nə vaxtdan vəkilin peşə borcuna vicdanla yanaşması kimi qiymətləndirilir?". Bütün bunlar azmış kimi vəkil sənədlərini geri qaytaran zaman da başına oyun açmışdı. Xeyli müddət sənədlərini alanadək, Bakı - Sumqayıt yolunda qalmışdı. Onu yerində tapmaq mümkün olmurdu. Telefonda ona söz deyəndə isə təhqirlərə keçməkdən çəkinmirdi. Otağında sənədləri götürən zaman daha aqressiv olmuşdu. Cavabdeh vəkil onu çox aldatmışdı. Ərizə yazdığı qurumlardan da, ona cavab gəldi ki, bu məsələ mülki xarakterlidir. Mülki Məcəllənin müvafiq maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Cavabdeh arada olan razılaşmanı pozaraq, öhdəliklərinə əməl etməyib, buna görə də ödədiyi 1000 manat məbləğində pulu geri qaytarmalıdır.

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı iddia tələbini qəbul etmir. O, ona şər və böhtan atır və işgüzar nüfuzuna xələl gətirmək üçün belə bir iddia qaldırır. Bununla bağlı o, iddiaçıya qarşı iddia tələbi ilə də məhkəməyə müraciət edəcək. Çünki iddiaçı iddia tələbində onun işgüzar nüfuzuna xələl gətirən sözlər işlədib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddası təmin edilməmişdir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən "xxxx" Kiçik Müəssisəsi və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 nömrəsi ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il-xx.xx.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqı İddiaçı tutularaq"xxxx" Kiçik Müəssisəsinə ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına "xxxx" Kiçik Müəssisəsinə məxsus icarə obyektindən çıxarılması qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə aid edilmişdir. Həmin iş üzrə o, İddiaçı vəkili olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı ona müraciət edib və onunla müqavilə bağlamış, həmin müqavilə üzrə İddiaçı 100 manat ödəniş etmişdir. O, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. O, aidiyyatı üzrə məhkəmədə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Bundan sonra iddiaçı ona bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti versin. Ona bunun üçün müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Lakin o, buna etiraz etmiş, apellyasiya məhkəməsi üçün müqavilə bağlamamışdır. Bundan sonra barəsində aidiyyatı qurumlara və sonda da məhkəməyə müraciət etmişdir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. Vəzifə borcunu vicdanla yerinə yetirmişdir. Aralarında olan müqaviləyə əsasən ona İddiaçı 100 manat ödəniş etmişdir. Hazırda guya ona 1000 manat ödəniş etdiyini iddia edir. Bu tamamilə əsassızdır və heç bir həqiqəti əks etdirmir. Aralarında olan müqavilənin 2.1-ci bəndinə görə hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Həmin müqavilənin 2.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq ödəniləndən sonra vəkilə order verilir və haqq ödənilməyənə qədər vəkil tapşırığın icrasına başlamaya bilər. Əgər haqq ödənilmədən vəkil tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır. Orderin rəsmiləşdirilməsi ilə bağlı xərclər qaytarılmır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunmalıdır.

5. Azərbaycan Reapublikası Vəkillər X2 2115 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh verdiyi izahatında İddiaçı müraciətində qeyd edilən xüsusatları təsdiq etməmiş, onunla 100 (yüz) manat məbləğində bağladığı müqavilə əsasında ona məhkəmədə hüquqi yardım göstərdiyini, apellyasiya məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün onunla müqavilə bağlamadığını, ondan müqavilədənkənar pul almadığını, peşə borcunu vicdanla yerinə yetirdiyini və şikayətin həqiqəti əks etdirmədiyini bildirmişdir. Belə vəziyyətdə ərizədə qeyd edilən məlumatları təstiq edən mötəbər sübut təqdim etmədiyindən müraciət üzrə Rəyasət Heyəti tərəfindən intizam icraatının başlanması üçün əsas yoxdur.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3710/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Cavabdeh təmsil etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1245/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Cavabdeh təmsil etmişdir.

8. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun Hüquqi yardımın göstərilməsi haqqında 461/22 saylı xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkil Cavabdeh hüquqi yardımına görə 100 manat haqq ödənilməsinə razılıq vermişdir. (Nəticə: İş aidiyyatı üzrə göndərildi, yekun akt qəbul olundu, iddia qismən təmin olundu.)

9. E-Manat ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosuna müqavilə № 461/2022/Salman üçün 100 manat ödəniş edilmişdir.

10. AR-İİ № 632201 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Cavabdeh etibarnamə üzrə onu məhkəmələrdə təmsil etmək səlahiyyətlər verir.

11. 0230490 saylı xx.xx.2022-ci il tarixli Vəkil orderinin surətindən görünür ki, 461/22 saylı xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə Cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsini təşkil edəcəkdir.

12. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun 228/24 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün vəkil Salman Qasəmova müraciət etmiş, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə o, 100 manat ödəniş etmişdir. Vəkil Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyatı üzrə bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Vəkil Cavabdeh Bakı Apellyasiya Məhkəməsidə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Yəni iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildiyindən vəkil məhkəmədə iştirak etmiş və bunun üçün ayrıca müqavilə bağlamamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Qubadlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(028)-372/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı cavabdeh vəkil Cavabdeh vəzifə borcuna vicdansız yanaşmasını, bilərəkdən ona verdiyi yalan vədlər hesabına maliyyə vəsaitini mənimsəməsini nəzərə alıb, ondan aldığı 1000 (min) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 777.1 və 777.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(028)-372/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməklə 100 manat müqavilə üzrə və 900 manat müqavilədən kənar ödənilmiş pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etmədən, onun şahidini dinləmədən, işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə iş üzrə səhv nəticəyə gəlmiş, işə birtərəfli baxaraq, 1000 (min) manat onun xeyrinə tutmalı olduğu halda bunu etməməklə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Məhkəmə onun məhkəmədə verdiyi izahatını qətnamədə göstəməməklə işi sadəcə cavabdehin xeyrinə etmişdir. Belə ki, o, pulu X3 yanında verdiyini bildirmiş və oun məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə buna məhəl qoymamışdır. Göründüyü kimi məhkəmə iş üzrə zəruri araşdırma aparmadan qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İş materiallarından da aydın olur ki, iddiaçı "xxxx" kiçik müəssisəsi ilə xeyli müddətdir arasında yaranan və mübahisə doğuran əmlak məsələsinin qanun çərçivəsində həllini tezləşdirmək üçün, həm də hüquqi savadının olmaması səbəbindən, vəkil xidmətinə ehtiyacı yaranmışdır. Bu məqsədlə də vəkil Cavabdehla müqavilə bağlamışdır. Vəkil ümumilikdə 1000 manat pul alsa da, müqavilədə yalnız 100 manat qeyd etmiş yerdə qalan pulu isə məhkəmədə danmışdır. Cavabdeh məhkəmədə bu işin qanun çərçivəsində maraqlarına uyğun həllinə nail olacağına onu tam əmin edərək, Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə əlaqədar 500 manat istəmiş, iddiaçı qohumundan 500 manat borc alıb, Cavabdeh verməyə məcbur olmuşdur. Cavabdeh vediyi izahatında da təsdiq edərək göstərmişdir ki, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı ona müraciət edib və onunla müqavilə bağlamış, həmin müqavilə üzrə İddiaçı 100 manat ödəniş etmişdir. O, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. O, aidiyyəti üzrə məhkəmədə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Bundan sonra iddiaçı ona bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti versin. Ona bunun üçün müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Lakin o, buna etiraz etmiş, apellyasiya məhkəməsi üçün müqavilə bağlamamışdır.” Göründüyü kimi cavabdehin kommersiya məhkəməsinə iddiaçı ilə müqaviləsi olmadığı halda o, həmin məhkəmədə iştirak etmişdir ki, bu da onun yalnız 100 manat aldığına dair dediklərinin həqiqətə uyğun olmadığı, bundan başqa əgər müqavilə apellyasiya şikayəti vermək və apellyasiya instansiyasında iştirak üçün bağlanmışdırsa, sonradan bunun üçün ondan yeni müqavilə bağlanmasını tələb etmək də qanunsuz və əsassızdır. O, haqlı olaraq, pulunu geri tələb etmişdir. Cavabdeh özü izahatında təsdiq edir ki, o, kommersiya məhkəməsinə deyil apellyasiya məhkəməsi üçün müqavilə bağlamışdır. Buna baxmayaraq, iş aidiyyatla göndərildiyinə görə kommersiyada iştirak etmək məcburiyyətində qalmışdır ki, bu da yalan və uydurmadır. Kommersiya məhkəməsində iştirak üçün o, məhz kommersiya məhkəməsinə görə müqavilə bağlamalı və həmin məhkəməyə aid vəkil orderi əldə etməli və iştirak etməli idi. Belə ki, təyinatı apellyasiya məhkəməsi nəzərdə tutulan orderlə birinci instansiya məhkəməsində iştirak edilməsi qanunsuzdur. Cavabdehin bu hərəkəti sübut edir ki, o, 100 manat deyil iddiaçıdan 1000 manat aldığından kommersiya məhkəməsində iştirak etmək məcburiyyətində qalmış, əlavə xərc çəkməmək üçün məhkəməni də aldadaraq apellyasiya məhkəməsinə nəzərdə tutulmuş orderlə kommerisiya məhkəməsində iştirak etmişdir. Kommersiya məhkəməsində də lazımi nəticəni əldə edə bilməmiş, o, apellyasiya şikayəti verilməsini tələb etdikdə isə bundan qanunsuz imtina etmişdir. Halbuki, iddiaçı onunla məhz apellyasiya məhkəməsinə görə müqavilə bağlamışdır (apellyasiya mahiyyəti üzrə işə baxmadığına görə həmin order istifadəsiz qalmışdır). Birinci instansiya məhkəməsi isə hazırkı işə düzgün baxmamış, iş üzrə zəruri araşdırma aparmadan işi sadəcə cavabdehin xeyrinə aparmışdır. Məhkəmə vəkilin kommersiya məhkəməsində deyil məhz müqavilə üzrə apellyasiya məhkəməsində iştirak etməli olduğu halda bundan qanunsuz imtina etməsinə, ödəniş olmadığı halda kommersiya məhkəməsində nəyə görə iştirak etdiyinə səhv qiymət vermişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun 228/24 saylı xx.xx.2024-cü i tarixli sorğuya cavab məktubundan görünür ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün vəkil Salman Qasəmova müraciət etmiş, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə o, 100 manat ödəniş etmişdir. Vəkil Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş aidiyyatı üzrə bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Vəkil Cavabdeh Bakı Apellyasiya Məhkəməsidə iştirak etmiş və iddia tələbi qismən təmin olunmuşdur. Yəni iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildiyindən vəkil məhkəmədə iştirak etmiş və bunun üçün ayrıca müqavilə bağlamamışdır. Qeyd olunanlar onu göstərir ki, cavabdehin kommersiya məhkəməsində iştirakı əvəzli olduğu üçün mümkün olmuş, yəni o, apellyasiya instansiyası üçün iddiaçıdan 100 manatdan əlavə də pul aldığı üçün həmin məhkəmədə iştirak etmiş və iş materiallarında apellyasiya məhkəməsi üçün orderi olduğu halda qanunsuz olaraq, apellyasiya şikayəti verilməsindən imtina etmiş, ondan yeni müqavilə tələb etmişdir. Halbuki, cavabdeh 500 manat apellyasiya və 500 manat kommersiya məhkəməsi üçün pul almışdır. Lakin bir orderlə hər iki məhkəmədə iştirak etmiş və bu azmış kimi apellyasiya verməkdən də imtina etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vəkil apellyasiya üçün bağlanmış müqaviə əsasında birinci instansiyada iştirak edə bilməz. Məsələnin digər tərəfi isə cavabadehin həmin hərəkərləri ağbirçək qadına qarşı etməsidir. Əgər vəkil doğrudan da ondan müqavilədən kənar pul almayıbsa, onda müqavilə bağlamadan, nə məqsədlə bir orderlə onun iki müxtəlif instansiya məhkəmə iclaslarında iştirak edib? Əgər bu vəkil doğrudan da peşə borcuna vicdanla yanaşıbsa, nədən anası yaşında olan ağbirçək bir xanıma iddia tələbinin tam təmin ediləcəyini vəd edərək, borc aldığı 1000 manat maliyyə vəsaitini mənimsəyib, üzərinə götürdüyü öhdəliyə əməl etməyib? Beləliklə, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı hüquq münasibətlərinə uyğun olmadığından ləğv edilməli və ən azından apellyasiya üçün ödənilmiş lakin işin mahiyyəti üzrə baxılmasında iştirakdan imtina etdiyi üçün vəkilə müqavilə üzrə ödənilmiş 100 manat iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin müqavilədən kənar ödənilmiş 900 manat da iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qanunun tələbinə deyil cavabdehin gətirdiyi əsassız dəlillər əsasında işi sadəcə qərəzli olaraq, cavabdehin xeyrinə həll etmiş, ona dəymiş maddi zərəri, əldən çıxmış faydanı cavabdehdən tutmamışdır. Məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, işi sadəcə cavabehin xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvlərə yol vermişdir. Beləliklə, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı hüquq münasibətlərinə uyğun olmadığından ləğv edilməli və ən azından apellyasiya üçün ödənilmiş, lakin işin mahiyyəti üzrə baxılmasında iştirakdan imtina etdiyi üçün vəkilə müqavilə üzrə ödənilmiş 100 manat, həmçinin müqavilədən kənar ödənilmiş 900 manat da onun xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

19. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkil Cavabdeh vəzifə borcuna vicdansız yanaşmasını, bilərəkdən ona verdiyi yalan vədlər hesabına maliyyə vəsaitini mənimsəməsini nəzərə alıb, ondan aldığı 1000 (min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 1000 manat hüquqi xidmətə görə ödəniş etməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi rədd edilməlidir.

28. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(028)-372/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Şikayətin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini mübahisələndirmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

32. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Avropa Məhkəməsinin Qərarlarında irəli sürülümş mövqeyə əsasən sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipindən çıxış edərək kollegiya hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

38. İddiaçı tərəfindən iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətlərə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

40. Qeyd olunmalıdır ki, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

41. Kollegiya xususilə vurğulamağı zəruri hesab edir ki, Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi).

42. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(028)-372/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar