Məhkəmə qərarları › İş №2(105)-1660/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1660/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1660/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Сumayev Samir Sabir oğluna qarşı mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlunun və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Сumayev Samir Sabir oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(060)-4392/2024 nömrəli qətnaməsindən cavabdeh Сumayev Samir Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları

1. "xxxx" Kommersiya Bankı ASC ilə cavabdeh Сumayev Samir Sabir oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X3”dən görünür ki, Bank tərəfindən cavabdeh Сumayev Samir Sabir oğlu üçün 35 ay müddətinə, illik 27,60% dərəcəsi ilə 1000 (min) manat məbləğində kredit xətti açılmışdır.

2. "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Сumayev Samir Sabir oğlunun "xxxx" Kommersiya Bankı ASC-yə kredit müqaviləsinə görə 1000 (min) manat əsas, 121 (yüz iyirmi) manat 50 (əlli) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1121 (min yüz iyirmi bir) manat 50 (əlli) qəpik borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Сumayev Samir Sabir oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1000 (min) manat əsas, 121 (yüz iyirmi) manat 50 (əlli) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1121 (min yüz iyirmi bir) manat 50 (əlli) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.62 (otuz bir manat altmış iki qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X3ə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış X3ə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 may 2024-cü il cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 1000 (min) manat əsas, 121 (yüz iyirmi) manat 50 (əlli) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1121 (min yüz iyirmi bir) manat 50 (əlli) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(060)-4392/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim G.Tağızadə).

6. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edib ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X4 üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 35 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və ödəmənin yenidən hesablanaraq hər ay 50 manat olmaqla ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh səhhətində yaranan problemlər səbəbindən əməliyyat olunmuş və heç bir yerdən gəliri olmadığı üçün ödənişlərdə gecikmə yarandı. Hazırda bankın bildirdikləri ilə tam razıdır və ödənişləri ödəməkdən imtina etmir. Lakin ödənişi tam etməyə maddi imkanı olmadığından ödəmənin hissə hissə hər ay 50 manat olmaqla ödəyə biləcəyini bildirir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun cavabdehdən alınması barədədir

18. İşin faktiki hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tədqiq edən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli X3ə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılması, həmin kreditin cavabdeh tərəfindən əldə edilməsi işin mübahisəsiz halını təşkil edir.

19. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər cavabdeh tərəfidən qrafik üzrə düzgün icra edilməmiş, bu səbəbədən sonuncunun banka borcu yaranmışdır.

20. Yenə işin hallarından bəlli olur ki, cavabdeh qeyd olunan borc münasibətini qəbul etmiş, iddia tələbində qeyd olunan məbləğdə borcu olmasını etiraf etmiş, onun yeganə xahişi isə borcun aylıq qrafik üzrə hər ay 50 manat məbləğində ödənilməsinə ona imkan yaradılmasından ibarətdir.

21. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir.

22. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, həmin dəlillər əsasında qanuni və əsaslı məhkəmə qətnaməsi ləğv edilə bilməz.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar