Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1661/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müddətin bərpası, apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)-1705/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 manat və ödənilmiş dövlət rüsumuna görə 49 manat olmaqla, cəmi 2949 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 2900 manat, ödənilmiş dövlət rüsumuna görə 49 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1705/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 2900 manat pul İddiaçı xeyrinə tutulması, dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 49 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1705/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti və buraxılmış prossesual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmənin mail ünvanına xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən ünvanlanmış müraciətdə qeyd edlir ki, xx.xx.2025-ci il tarixdə sənədlərin son göndərilmə müddəti olmuş, lakin həmin gün “AsanPay” və adına olan“Asan İmza” sistemlərində yaranmış texniki nasazlıqlar səbəbindən sənədləri məhkəmənin elektron sisteminə yükləmək mümkün olmamış, sənədləri (apelyasiya şikayəti) məcbur olaraq “Gmail” vastəsilə təqdim etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)-17052025 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1705/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
7. Cavabdeh həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 1705/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Quba Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(027)-17052025 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-1705/2025 saylı qərardadından Cavabdeh verdiyi şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətini geri qaytaran məhkəmə göstərmişdir ki, guya o, apellyasiya şikayətini məhkəməyə poçt vasitəsilə göndərmiş, bundan savayı qətnamədən verdiyi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Bildirmək istəyir ki, o, apellyasiya şikayətini məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim etmiş, həmin şikayətinə müvafiq məbləğdə dövlət rüsumunu ödəmiş və müddətin bərpasına dair ərizəsini də əlavə etmişdir. Lakin məhkəmə hazırkı qərardadında qanunsuzluğa yol verməklə faktları təhrif etmiş və onun guya apellyasiya şikayətini lazımi qaydada vermədiyini qərardadında qeyd etməklə onun apellyasiya şikayətini geri qaytarmışdır. Bununla da məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Təkcə hazırkı işin elektron sisteminə baxmaq kifayətdir ki, apellyasiya şikayətimin elektron qaydada verildiyini müəyyən etmək mümkündür. Hətta qarşı tərəfin vəkili həmin apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəni elektron sistemdə görərək, müddətin bərpa edilməməsi barədə məhkəməyə ərizə ünvanlamışdır.
Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)-17052025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)- 17052025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)- 17052025 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1705/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.
15. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi şikayətin qaytarılmasına dair mövqeyini MPM-nin 363.1.5, 10-1 və 108-ci maddələrində göstərilən tələblərə uyğun olmaması ilə əsaslandırmışdır.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh apellyasiya şikayətini məhkəməyə poçt vasitəsilə göndərmiş, bundan savayı qətnamədən verdiyi apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir.
17. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq apellyasiya şikayətinin məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim edildiyini, müvafiq məbləğdə dövlət rüsumunun ödənildiyini və müddətin bərpasına dair ərizə təqdim etdiyinə istinad etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətini qismən əsaslı hesab edir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiqində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
19. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
20. Kollegiya prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
21. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur.
22. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qətnamədən bu Məcəllədə göstərilmiş hallarda apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti qətnamə tərəfə rəsmi təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra bir ay müddətində verilir.
23. Qanunla müəyyən edilmiş müddətin buraxılması, prosessual müddətin buraxılmasını nəzərdə tutur.
24. Qanunvericiliyə əsasən, posessual müddət buraxıldığı halda tərəfin müddətin bərpası haqqındakı ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəyə məhkəmə iclasında baxılır.
25. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir və ya müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
27. Qeyd olunan apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə Əlavə 2-də əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
28. MPM-nin 10-1.3-cü maddəsinin tələbinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
29. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
30. Mülki iş materiallarından görünür ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir.
31. Göründüyü kimi birinci instansiya məhkəməsi MPM-nin 361-ci maddəsinin tələblərinin yoxlanılmasında səhvə yol vermişdir.
32. Eyni zamanda cavabdeh prosessual müddətin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etsə də birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatətə baxaraq qiymət verməmişdir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)- 17052025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla prosessual müddətin bərpa edilməsinə dair ərizə müzakirə edilib baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
34. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(027)-17052025 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1705/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.