Məhkəmə qərarları › İş №2(105)-1666/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1666/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1666/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 14764,37 (on dörd min yeddi yüz altmış dörd dollar, otuz yeddi sent) ABŞ dolları, faiz borcu 5099,13 (beş min doxsan doqquz dollar on üç sent) ABŞ dolları, cəmi 19863,50 (on doqquz min səkkiz yüz altmış üç dollar, əlli sent) ABŞ dolları məbləğində borc vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus 90RV-034 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA MİNİK” markalı (buraxılış ili 2012, ban- KMHDH41CBCU232428, rəngi - Gümüşü) avtomobiliə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına 19863,50 (on doqquz min səkkiz yüz altmış üç dollar, əlli sent) ABŞ dolları məbləğində borcun «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə ümumi qaydada icra edilməsi, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu və ekspertiza tədqiqatına görə müəyyən edilmiş 120 manat ekspertiza xərcinin cavabdehə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 14764,37 (on dörd min yeddi yüz altmış dörd ABŞ dolları, 37 sent) ABŞ dolları, faiz borcu 5099,13 (beş min doxsan doqquz dollar on üç sent) ABŞ dolları, cəmi 19863,50 (on doqquz min səkkiz yüz altmış üç dollar, 50 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-RV-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA MİNİK” markalı minik avtomobilinə (buraxılış ili 2012, banKMHDH41CBCU232428, rəngi - Gümüşü) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə '.xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı” QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2291 saylı, 19.07.2018 il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 15.11.2012-ci il tarixdə, № 0762 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 19035 (on doqquz min otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. 21.02.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 90-RV034 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA MİNİK" markalı minik avtomobili (buraxılış ili 2012, ban- İNMHDH41CBCU232428, rəngi - Gümüşü) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X6 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 15.11.2012-ci il tarixli, AZ seriyalı, AA №-li 062139 «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 14764,37 (on dörd min yeddi yüz altmış dörd ABŞ dolları, 37 sent) ABŞ dolları, faiz borcu 5099,13 (beş min doxsan doqquz ABŞ dolları 13 sent), cəmi 19863,50 (on doqquz min səkkiz yüz altmış üç dollar, 50 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bankın ona bildirdiyi şərtlərlə razılaşaraq, bankla 15 noyabr 2012-ci il tarixdə 0762 saylı müqavilə bağlamışdır. Bağlanmış müqaviləyə əsasən hər ay vaxtlı-vaxtında bankın pulunu ödəyirdir. X9 filialına 9680,08 ABŞ dolları məbləğində pul ödənişi etmişdir. 2015-ci il tarixdə baş vermiş məlum devalivasiyadan sonra dolların manata olan məzənnəsi dəyişdiyinə görə bankla aralarında bağlanmış müqaviləyə əsasən ödənişləri edə bilməmişdir. Onun köhnə məzənnə ilə banka olan borcun cəmi 15.493,53 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə birtərəfli olaraq, yalnız iddiaçının izahatına əsaslanaraq, heç bir sübut araşdırmadan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(012)-1545/2020 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi S.A.Kələşova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «xxxx» ASC-nin Sənaye filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 15.11.2012-ci il tarixli, № 0762 saylı kredit müqaviləsindən (avtomobillərin alınması üçün) görünür ki, həmin müqaviləyə əsasən Bank, borcalan Cavabdeh avtomobil alınması məqsədilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 19035 (on doqquz min otuz beş) ABŞ dolları məbləğində kredit verməyi və borc alan müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 15.12.2012-ci il tarixdən başlayaraq, 15.11.2017-ci il tarixinədək, 19035 ABŞ dolları əsas, 9966.83 ABŞ dolları faiz, ümumilikdə 29001.83 ABŞ dolları borc məbləğindən, hər ay banka 483.36 ABŞ dolları (sonuncu ay 483.35 ABŞ dolları) ödəməklə qaytarmalıdır. İşə əlavə olan 30.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.01.2020-ci il tarixə iddiaçıya olan əsas borcu 14764,37 (on dörd min yeddi yüz altmış dörd ABŞ dolları, 37 sent) ABŞ dolları, faiz borcu 5099,13 (beş min doxsan doqquz dollar on üç sent) ABŞ dolları, cəmi 19863,50 (on doqquz min səkkiz yüz altmış üç dollar, 50 sent) ABŞ dolları dolları təşkil edir. İş materiallarında olan 21.02.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 19035 (on doqquz min otuz beş) ABŞ dolları məbləğində krediti 21.02.2013-cü il tarixdə «xxxx» ASC-dən imza edərək qəbul etmişdir. İşdə olan 01.01.2009-24.05.2018-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı ödənişi 03.02.2015-cı il tarixdə olmuşdur. İş materiallarında olan «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq, «xxxx» ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. İddiaçı QSC ilə «X7 Edilməsi Agentliyi» MMC («xxxx» MMC) arasında arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli Xidməti müqaviləyə əsasən, bu Müqavilə ilə «xxxx» MMC İddiaçı QSC-yə onun «xxxx» ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar «xxxx» MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyət üçün lazımi şərait yaratmağı öhdəsinə götürür. İş materiallarında olan «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli Müqaviləyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının 1-hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. İşə əlavə olan -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SAVK- 11 saylı, 06 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 06.04.2018-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, «X7 Edilməsi Agentliyi» MMC 11.08.2015-ci il tarixdən Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 24.01.2020-ci il tarixli 210 №-li bildirişdən görünür ki, «X7 Edilməsi Agentliyi» MMC tərəfindən borclu Cavabdeh tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə bildiriş göndərilərək, yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehin, borc məbləği ilə razı olmadığını, məbləğlərin artıq hesablandığını bildirməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizası üzrə alınmış 09 iyun 2020-ci il tarixli 9/1657 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli, 0762 saylı Kredit Müqaviləsinin qeyd olnan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: əsas borc üzrə: 17879,73 ABŞ dolları, faiz borcu 7454,75 ABŞ dolları. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddia tələbindəki məbləğlərin daha ağlabatan olması nəzərə alınmalı və tələb daxilində qərar qəbul edilməlidir. Belə ki, ekspert rəyində əsas borcla faiz borcu iddia tələbində göstərilən əsas və faiz məbləğindən çox göstərildiyindən məhkəmə hesab edir ki, əsas və faiz borcu iddia tələbi həcmində qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, borclu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə Bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Kredit müqaviləsinin 4.1-ci bəndindən, həmçinin 15.11.2012-ci il tarixli 762 №-li ipoteka müqaviləsindən, həmin tarixli AA 062139 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında kredit öhdəliklərinin icrası ipoteka ilə təmin olunaraq ona məxsus **-RV-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA MİNİK” markalı (buraxılış ili 2012, ban- KMHDH41CBCU232428, rəngi - Gümüşü) avtomobili «xxxx» ASC qarşısında yüklü edilmiş və həmin ipotekanın rəsmi qeydiyyatı aparılmışdır. İpoteka müqaviləsinin 4.2.2. bəndindən görünür ki, ipoteka saxlayan ipoteka ilə təmin olunmuş öhdəlik vaxtında və lazımi qaydada icra edilmədikdə, ipoteka predmetinə tələb yönəldə bilər. Məhkəmə hesab edir ki, müqavilənin qeyd edilən şərti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə tam uyğun gəlir. Belə ki, qeyd edilən Qanunun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4-cü maddəsində göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbindən isə görünür ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etməzsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməli və əgər onun tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 23 sentyabr 2020-ci il tarixli 2(012)- 1545/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar