Məhkəmə qərarları › İş №2(105)-1667/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1667/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1667/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 Cavabdeh vəkili X3, hüquq və vəzifələrinə toxunan şəxs X7 (sonuncu iclasda iştirak etmir), onun nümyəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1396/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. 7 saylı Mənzil Kommunal Sahəsinin 55 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yaşayır.

2. 10 saylı Mənzil Kommunal Sahəsinin 62 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yaşayır.

3. İşə əlavə edilmiş yazılı iltizamda göstərilmişdir ki “Mən Cavabdeh Sumqayıt şəhər sakini dostum İddiaçı 63500 (altmış üç min beş yüz) manat pulu borc aldım. Dostum İlqara aldığım 63500 man xx.xx.2022-ci ildə qaytarmağa söz verirəm”. Qəbz cavabdehin adından imzalanmış və tarixi xx.xx.2022-ci il kimi göstərilmişdir.

4. İş materiallarında (34-cü i.v) xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddianı etiraf etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 63500 manat pulun və ödənilmiş 285 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının dostudur. xx.xx.2022- ci il tarixində cavabdeh iddiaçıdan 63500 manat borc pul almış, həmin məbləği xx.xx.2022-ci il tarixinədək qaytaracağına söz vermişdir. Lakin, cavabdeh bu günə kimi həmin məbləği iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 2(060)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 63500 (altmış üç min beş yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MPM-də göstərilmişdir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizədə iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıya borclu olduğunu etiraf etdiyi üçün həmin iltizama borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. İşdən göründüyü kimi iddiaçı cavabdehə 63500 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 63500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 882.1, 882.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 52.2,52.5, 119, 216, 220 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs X7 apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hazırkı iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X7 ilə Cavabdeh xx.xx.1998-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2013-cüil təvəllüdlü X13 oğlu dünyaya gəlmişdir. Ailə münasibətlərində anlaşmazlıqlar səbəbindən X6 nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3101/2022 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Daha sonra X7 cavabdehə qarşı birgə nikah dövründə əldə olunan əmlakların bölgüsünə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və halhazırda həmin mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Cavabdeh qarşı İddiaçı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və cavabdehin ondan 63500 manat borc pul aldığını və qaytarmadığını bildirmişdir. Məhkəmənin hazırlıq iclasında isə cavabdeh təqdim etdiyi ərizədə borcunu etiraf etmişdir. Məhkəmə iddianı təmin etmişdir. Əslində sözügedən borc heç vaxt mövcud olmamışdır. Yəni iddiaçı cavabdehə belə bir borc pul verməmişdir. Cavabdehin əsas məqsədi məhz birgə nikah dövründə əldə edilən əmlakların X7 tərəfindən əldə olunmasına müxtəlif maneələr yaradılmasıdır. Bu səbəbdən də hazırda sözügedən iş üzrə qəbul edilmiş 2(060)- 1396/2023 saylı qətnamə nəticəsində yaranmış borc öhdəliyi birgə nikah dövründə bağlanmış kimi göstərilən borc müqaviləsindən yarandığı və birgə nikah dövründə əldə edilmiş əmlaklara yönəldiyi üçün birbaşa X4 mülkiyyət hüquq və maraqlarına da toxunmaqdadır. İşin gerçək tərəfi budur ki, iddiaçı və cavabdeh arasında hər hansı borc müqaviləsinin müvcudluğundan söhbət gedə bilməz. Belə ki, iradəvi akt olan əqdin mövcudluğu üçün psixoloji amillərlə bağlı olan daxili iradə, yəni tərəfin buna arzu və istəyi, eləcə də onun elan edilməsi və bildirilməsi ilə bağlı olaraq ifadə edilməsi zəruridir. Demək ki, subyektiv və obyektiv elementlərdən birinin qüsurlu olması əqdin heç bir hüquqi nəticə yaratmamasına səbəb olacaqdır. X1 həyat yoldaşı, eyni zamanda bu iş üzrə Cavabdeh uydurma borc müqaviləsi bağlamasında əsas məqsədi birgə nikah dövründə əldə etdikləri əmlakların X7 tərəfindən əldə olunmasına maneə yaradılmasıdır. Məhz bu məqsədlə cavabdeh süni surətdə özü üçün belə bir borc münasibəti yaratmışdır ki, gələcəkdə həmin borcun ailə ehtiyacları üçün sərf edildiyinə əsaslanaraq, borc məbləğinin bölünməsi barədə iddia qaldırması mümkün olsun. Buna görədir ki, cavabdeh məhkəmədə iddiaçının tələbini heç bir etiraz etmədən etiraf etmişdir. İddiaçı pulunu bu günə kimi heç bir şəkildə tələb etməmiş, yalnız 2(060)-330/2023 saylı mülki iş üzrə X7 tərəfindən iddia qaldırıldıqdan sonra belə bir borc müqaviləsi meydana gəlmişdir. Həmçinin əgər cavabdeh həmin borcu ödəmək niyyətində olsa idi, bu iş məhkəmədə mübahisələndirilməz və iddiaçı ilə razılığa gəlinərək həll edilə bilərdi. Bu isə cavabdehin uydurma borc müqaviləsi bağladığını sübut edir. Qətnamə nəticəsində yaranmış borc öhdəliyi birgə nikah dövründə bağlanmış kimi göstərilən borc müqaviləsindən yarandığı və birgə nikah dövründə əldə edilmiş əmlaklara yönəldiyi üçün birbaşa X4 mülkiyyət hüquq və maraqlarına toxunmaqdadır. Belə ki, Cavabdeh gələcəkdə borc tələbinin bölünməsi ilə bağlı iddia qaldıracağı təqdirdə X7 birgə nikah dövründə əldə edilən əmlaklardan haqqı çatan hissəni tələb etmə imkanından məhrum olacaqdır. Bu isə qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin öz hüquqlarını həyata keçirməsinə qəsdən və qərəzli şəkildə mane olunmasıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmənin iclasında iştirak etmiş hüquq və vəzifələrinə toxunan şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırkı mülki iş ümumiyyətlə planlı şəkildə təşkil edilmişdir. Yəni gerçək borc münasibətlərindən söhbət gedə bilməz. İddia formal şəkildə irəli sürülmüşdür. İş materiallarında olan borca dair yazılı qəbz əhəmiyyətsiz əqddir. Cavabdehin maddi maraqlarına xidmət etdiyi üçün iddia onun tərəfindən etiraf edilmişdir. Cavabdehin məqsədi məhz bu qətnamə ilə yaranan borc öhdəliyini gələcəkdə bərabər bölünməsi barədə iddianın təmininə nail olmaqla, birgə nikah dövründə əldə edilmiş əmlakın Gülnarə Ağayevaya çatan hissəsindən sonuncunu məhrum etməkdir. Hüquqlarını təmsil etdiyi şəxs Gülnarə Ağayeva ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmə mübahisəsi mövcuddur. Həmin mübahisə zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdehin başqa bir şəxsə də 65000 min manat məbləğində notarial qaydada borcu vardır. Bütün bu “borclar” cavabdeh tərəfindən qərəzli şəkildə və formal olaraq yaradılmışdır. Çünki cavabdehin maddi vəziyyəti kifayət qədər yüksəkdir. Məlumatlarına görə onun bir neçə yeni tikililərdə mənzili, habelə Sumqayıt şəhərində dəyəri təxminən 300000 min manat olan fərdi yaşayış evi vardır. Belə maddi imkanı olan şəxsin iddiaçıya 63000 məbləğində borcunun olması real deyildir. Həmçinin bu borcun yaranma əsası və s kimi hallar mövcud deyildir. Digər tərəfdən iddia tələbini irəli sürən iddiaçı məhkəmə proseslərində iştirak etmir. Sadə məntiqlə yanaşdıqda bu tip iddia tələbini məhkəmədə irəli sürən tərəfin apellyasiya icraatında dəfələrlə təxirə salınan məhkəmə iclaslarından heç birində iştirak etməməsi özlüyündə şübhəli haldır. Göstərilən hallar onu deməyə əsas verir ki, hazırkı qətnamənin qəbul edilməsində məhz cavabdeh maraqlı olduğundan, iddiaya etiraz etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

14. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında hüquq və vəzifələrinə toxunan şəxs X7 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırkı iddia tələbi məhz cavabdehin maraqlarına xidmət etdiyi üçün onun tərəfindən planlı şəkildə hazırlanmışdır. Onun keçmiş ərinin yəni Cavabdeh iddiaçıya hər hansı borcu olmasından məlumatı olmamışdır. Ümumiyyətlə ailə münasibətləri pozulduqdan və tərəflər arasında qeyd edilən məhkəmə mübahisələri yarandıqdan sonra cavabdehin bir neçə şəxsə yüksək məbləğlərdə “borcu” olması müəyyən edilmişdir. Hesab edir ki, həmin borclar hamısı süni şəkildə cavabdeh tərəfindən yaradılmışdır. O bu borcların heç birindən məlumatlı olmamışdır. İddiaçını tanımır. Cavabdehin heç vaxt maddi vəziyyəti çətin olmamışdır ki, bu qədər borc alası vəziyyətə düşsün. Tərəflər arasında ailə münasibətləri 2022-ci ilin yaz aylarından faktiki pozulmuşdur. Bu müddət ərzində cavabdehlə bir evdə yaşasalar da, ailə münasibətləri kəsilmişdir və evin bütün zəruri ehtiyaclarını Gülnarə Ağayeva şəxsən qarşılamışdır. Hesab edir ki, hazırkı qətnamə icraya yönələrsə birgə nikah dövründə əldə edilmiş əmlaka tutma yönəldilə bilər. Məhz cavabdehin istəyi də bundan ibarətdir. İddiaçıya cavabdehin gerçəkdən belə bir borcu olsaydı, iddiaçı məhkəmə iclaslarında iştirak edər, haqqı olanı tələb edərdi. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməkdən boyun qaçırır. Çünki borc münasibəti reallığı əks etdirmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Tərəflər arasında borc münasibəti olmuş və bu borcu təstiq edən yazılı qəbz vardır. Cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir və bu gün də həmin borcun mövcudluğunu etiraf edir. İddiaçı tərəfin məhkəməyə gəlməməsini belə bir borcun olmaması ilə əlaqələndirən apellyant yalnız öz mülahizələrinə əsasən bu fikri bildirir. Digər tərəfdən borcun olduğu təqdirdə hansı səbəbdən ödənilməməsi ilə bağlı bildirir ki, cavabdeh borcunu etiraf edir, lakin hazırkı halda həmin borcu ödəməyə imkanı yoxdur. İmkanı olduğu təqdirdə borcunu ödəyəcəkdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini bütövlükdə mübahisələndirərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

20. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni hesab edilə bilməz. Yuxarıda qeyd edilənləri əlaqəli şəkildə təhlil edən kollegiya yaranmış mübahisəni aşağıdakı şəkildə qısa formada şərh edir.

23. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, apellyator Gülnarə Ağayeva ilə hazırki iş üzrə Cavabdeh əvvəllər ər-arvad olmuş, lakin sonradan münasibətləri uyğun gəlmədiyindən boşanmaq qərarına gəlmişlər. Sonda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikah pozulmuşdur.

24. Bundan sonra Gülnarə Ağayeva xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünərək ½ hissədə payının müəyyən edilməsini” xahiş etmiş və hazırda həmin mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır (iş vərəqi-149).

25. Hazırkı iş üzrə iddiaçı tələbinin hüquqi əsası kimi cavabdeh tərəfindən imzalanmış 15 may 2022-ci il tarixli sadə yazılı qəbzə istinad etmişdir ki, həmin qəbzin mətnində cavabdehin iddiaçıdan 63500 manat pulun alınması və 15 oktyabr 2022-ci il tarixədək həmin borcu qaytaracağı qeyd edilmişdir (i/m səh. 24).

26. Yuxarıda qeyd edildiyi kimi borc məbləği könüllü ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh məhkəmə prosesində iştirak etmiş, yazılı ərizə ilə məhkəməyə müraciət edərək mövcud borcu etiraf etmiş və o, heç bir əks arqument gətirmədən ərizəsində iddiaya mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmış (i/m səh.34 və 35 məhkəmə iclas protokolu), son nəticədə isə iddia təmin edilmişdir.

27. Bundan sonra Gülnarə Ağayeva (iş üzrə cavabdehin keçmiş həyat yoldaşı) sözügedən qətnamənin mövcudluğundan xəbər tutmuş və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaya dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə X5 hüquq və vəzifələrinə toxunulan şəxs qismində tanıyaraq, onun tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

28. İşin sadalanan hallarından çıxış edərək kollegiya qeyd edir ki, Gülnarə Ağayevanın mübahisəli qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair vəsatətin əsası ondan ibarətdir ki, ümumiyyətlə tərəflər arasında hər hansı borc münasibəti mövcud olmamışdır. Sadəcə ər-arvad kimi onların ailə münasibətləri kəsildiyindən, nikahları rəsmi qaydada pozulduğundan, ən əsası onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi mövcud olduğundan, iş üzrə cavabdeh hazırkı “məhkəmə işini” süni və məqsədli şəkildə yaratmış, sonda da borcu etiraf etməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qəbul edilməsinə nail olmuşdur.

29. Apellyasiya kollegiyası bu hissədə qeyd edir ki, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, iş üzrə tərəflər arasında borc münasibətinin mövcud olmasını təsdiq edən 15 may 2022-ci il tarixli qəbz tərtib edildiyi vaxtdan, cavabdeh ilə onun arvadı Gülnarə Ağayeva arasında münasibətlərin faktiki olaraq pozulması, təxminən həmin müddətdə artıq tərəflər arasında bağlanmış nikahın pozulması, həmçinin birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair məhkəmə mübahisələrinin mövcud olması, işin mübahisəsiz halını təşkil edir.

30. Belə ki, araşdırılan işdən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulmasına dair qətnamə xx.xx.2022-ci il tarixdə qəbul olunsa da, əslində bununla bağlı iddia xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarının 144- 148-ci səhifəsində olan qətnamədən görünür ki, müəyyən olunmuş alimentin tutulmasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu da onu deməyə əsas verir ki, nikahın pozulmasına dair iddia məhz həmin tarixdə məhkəməyə daxil olmuş və tərəflər arasında ər-arvad münasibəti də həmin tarixdən faktiki olaraq pozulmuşdur.

31. Bundan əlavə iş materiallarına əlavə edilmiş yazılı qəbzin tarixinə nəzər saldıqda görünür ki, həmin qəbzin imzalanma tarixi kimi xx.xx.2022-ci il göstərilmişdir (i/m səh.24).

32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya apellyator Gülnarə Ağayeva tərəfindən “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair” verilmiş iddia tələbinin məhkəməyə daxil olma tarixi ilə hazırki iddianın məhkəməyə verilməsi tarixlərini də müqayisəli təhlil etmişdir. Bu zaman müəyyən edilmişdir ki, hazırki “borc” tələbinə dair iddia ərizəsi məhkəməyə “əmlakın bölünməsinə dair” iddia tələbi üzrə məhkəmə araşdırması gedən ərəfədə verilmiş, sadəcə hazırki iddia üzrə cavabdeh iddianı “etiraf” etdiyindən proses daha tez yekunlaşmışdır.

33. Belə olan halda sözügedən qətnamənin gələcəkdə Gülnarə Ağayevanın hüquq və vəzifələrinə toxunması halı istisna edilmir. Başqa sözlə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yalnız Cavabdeh münasibətdə deyil, həmçinin gələcəkdə Gülnarə Ağayevaya münasibətdə də müəyyən öhdəliklər yaratmaq ehtimalı böyükdür. Belə ki, ən azından həmin qətnamə əsasında gələcək icra sənədi üzrə tələbin təmin edilməsi üçün hər hansı məcburi icra tədbirləri yalnız Cavabdeh mülkiyyətinə deyil, birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilə bilər və ya Cavabdeh tərəfindən yeni bir iddia tələbi ilə məhkəməyə bölünə bilər.

34. Apellyasiya instansiya məhkəməsi işin tam və obyektiv həllinə nail olmaq məqsədilə iddiaçı və cavabdeh tərəfi müxtəlif vasitələrdən istifadə edərək məhkəmə iclasına dəvət etmiş, lakin tərəflər hər dəfə heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarından yayınmaqla işin obyektiv həllində maraqlı olmamalarını nümayiş etdirmişlər.

35. Yalnız sonuncu iclas zamanı cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Borcun cavabdeh tərəfindən inkar edilmədiyi halda nə üçün könüllü ödəməməsi barədə suala isə nümayəndə hazırda cavabdehin borcu ödəmək imkanının olmaması kimi formal, səthi cavab vermişdir.

36. Digər bir tərəfdən kollegiya onu da qeyd edir ki, əgər iddiaçı doğrudan da cavabdehə bu qədər borc pul vermişdirsə və sonuncu bu pulu qaytarmaqdan imtina edirdisə, nəyə görə məhkəmə çağırışlarına məhəl qoymur və məhkəmə iclaslarından yayınır. Belə olan vəziyyətdə bu qədər alacağı olan şəxsin doğrudan da “narahat” olmaması inandırıcı və ağlabatan görünmür. Yaxud iş materiallarında olan sadə yazılı qəbzin əsaslı sübut kimi qəbul edilərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmənin mövqeyinin qanuni və əsaslılığına inanaraq, apellyasiya icraatında iddiaçının məhkəmə iclaslarına gəlməməsi kimi mövqe sərgilməsi bu cür mürəkkəb xarakterli iş üçün xeyli sadəlövh yanaşma hesab edilməlidir.

37. Hazırki halda, tərəflər arasında məhkəmədə baxılmalı və həll edilməli olan mübahisənin olması, habelə iddiaçının həqiqətən qanunla qorunan öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək zərurətinin yaranması mülki iş materialları ilə istisna edilir.

38. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında təşkil olunmuş hazırki “mübahisənin” mahiyyətinə varmadan, iddiaçının iddia etdiyi borc məbləğini cavabdehin ümumiyyətlə hər hansı bir əks arqument gətirmədən etiraf etməsini, “mübahisəli” məbləğin kifayət qədər yüksək olmasına baxmayaraq yalnız bir məhkəmə iclasında iştirak etməklə bu barədə məhkəməyə yazılı ərizə verməsini, başqa sözlə iddianın predmetinə dair tərəflər arasında əslində hər hansı mübahisənin olmamasını nəzərə almadan, sonda hazırki apellyatoru üçüncü şəxs kimi məhkəməyə cəlb etmədən mahiyyəti üzrə işə baxaraq qətnamə qəbul etmişdir.

39. Qeyd olunmalıdır ki, Mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir

40. Halbuki, mülki prosessual qanunvericiliyə görə, mülki iş üzrə məhkəmə icraatının vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir (MPM-nin 2.1-ci maddəsi)

41. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 4.1 və 5.1-ci maddələrinin mənasına görə, fiziki və hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda əmələ gəlmiş olur ki, onların qanunla qorunan öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək zərurəti yaranmış olsun; məhkəmədə isə iş o, halda başlanılır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs məhz pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etsin.

42. Məhkəmə kollegiyası iş üzrə cavabdehin etirafının da iddianın təmin edilməsi istiqamətində həlledici arqmenti kimi qəbul etmir.

43. Əvvəla ona görə ki, MPM-in 52.2 maddəsində nəzərdə tutulmuş iddianın etiraf edilməsi cavabdehin ona qarşı iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməsində ifadə olunur. İddianı etiraf etməklə cavabdeh iddiaçı ilə məhz onun göstərdiyi hüquq münasibətlərində olmasını təsdiq edir və könüllü olaraq prosessual müdafiədən imtina edir.

44. MPM-in 191.2-ci maddəsinə əsasən hakim cavabdehə iddianın etiraf edilməsinin mahiyyətini izah etməli və bu hərəkətin nəticələrini ona bildirməlidir.

45. Lakin qanunvericilik bu halda da məhdudiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə iddianın tam etiraf edilməsinin könüllü, qanuna uyğun olduğunu və kənar şəxslərin mənafeyini pozmadığını müəyyən etdikdə qəbul edir, əks halda məhkəmə belə hərəkətləri qəbul etmir.

46. Hazırki işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin keçmiş arvadını, yəni hazırki apellyatoru işə cəlb etmədən verilmiş qəbz və etiraf əsasında işə baxmaqla 3-cü şəxsin hüquq və vəzifələrinə toxunan qətnamə qəbul etmişdir.

47. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni yazılı qəbzin əhəmiyyətsiz əqd olması dəlili ilə bağlı aşağıdakıları qeyd edir.

48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)

49. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

50. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

52. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

53. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslıdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.

54. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir

55. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir.

56. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

57. Sadalanan tələbləri hazırkı işin tədqiq olunan faktiki halları ilə əlaqəli şəkildə bir daha təhlil edərək kollegiya yekun olaraq qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış 15 may 2022-ci il tarixli sadə yazılı əqd, həmin əqdin mətnində qeyd olunan tərəflərin gerçək iradə ifadəsinin nəticəsi olmadığından, bu fakt məhkəmə araşdırması zamanı inkar edilməz dəlillərlə öz təstiqini tapdığından sözügedən əqd özlüyündə əhəmiyyətsiz əqddir.

58. Kollegiya sonda onu da qeyd edir ki, hazırkı iddia tələbinin rədd edilməsi barədə məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə yaranmış mübahisənin ən ədalətli həlli hesab edilməlidir. Belə ki, əgər şərti olaraq hesab etsək ki doğrudan da tərəflər arasında borc münasibəti mövcuddur və bu münasibəti cavabdeh “səmimi etirafı” edir, imkanı olacağı təqdirdə borcu könüllü ödəyəcəyini bəyan edir, bu halda sonuncunun məhkəmə qərarı olmadan da məhkəmədən kənar qaydada borcunu ödəməsi istisna edilmir.

59. Beləliklə şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Hüquq və vəzifələrinə toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1396/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehdən 63500 manat pulun və ödənilmiş 285 manat dövlət rüsumunun tutularaq ona verilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar