Məhkəmə qərarları › İş №2(105)-1667/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1667/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1667/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4385/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: “X3” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6000 manat əsas, 950,09 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 6975,09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 90,16 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4385/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh 6000 manat əsas borc, 950,09 manat faiz borcu, 25 manat cərimə borcu olmaqla, cəmi 6975,09 manat borc və ödənilmiş 90,16 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, iş materiallarında olan Cavabdeh apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə 30 sentyabr 2024-cü il tarixli kassa mədaxil qəbzindən müəyyən edilir ki, cavabdeh tərəfindən 45 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı apellyasiya şikayətinin verilməsi üçün və xidmətin istifadəçisi kimi Sumqayıt Şəhər Məhkəməsi qeyd edilmişdir. (i/v-57) Göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun təyinatı apellyasiya şikayətinin verilməsi üçün olsa da, ödənişin təyinatı Sumqayıt Apellyasiya Məhkəməsi üçün deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ödədiyi 45 manat dövlət rüsumu hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayəti üçün dövlət rüsumunun təyinatı üzrə ödənib-ödənilmədiyini aydınlaşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4385/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar