Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1668/2022 08.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Abasov və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat pulun və iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2 ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nağd şəkildə vermiş olduğu 3000 (üç min) manat pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində tələb etdiyi məbləğ həyat yoldaşı İddiaçı2 tərəfindən cavabdehə verildiyi üçün sonuncunu işə cəlb cəlb edilməsinə, yəni əsl iddiaçı olaraq onunla əvəz olunmasını xahiş etmiş və İddiaçı1 əsl iddiaçı ilə yəni İddiaçı2 ilə əvəzlənmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, keçmiş kürəkəni Cavabdeh ilə qızı X2 2019-ci ilin dekbar ayında el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. 1 ay davam edən bu evlilik ərzində cavabdeh tərəf qızını ac-yalavac saxlamaqla onu küçə söyüşləri ilə təhqir etmişlər. Milli dəyərlərinə və adət ənənələrinə uyğun olaraq qızı bütün bu əzablara dözməyi, ata evinə qayıtmaqdan üstün tutmuşdur. Bundan məharətlə istifadə edən cavabdehin atası və anası demək olar ki, hər gün qızının şərəf və ləyaqətini alçaldaraq, fiziki və mənəvi işgəncələrə verməklə yanaşı qızını günlərlə ac-yalavac saxlamışdır. Cavabdeh tərəf bu müddət ərzində evlərinin təmir- bərpasından ötrü ondan 3000 manat pul istəmişdir. Cavabdeh tərəf eyni zamanda onu da bildirmişdir ki, 3000 manat pulu onlara verəcəkləri təqdirdə qızı ilə cavabdehin yaşadığı mənzildə təmirbərpa işləri aparılacaq və bununla da qızına olan işgəncələrə və təziqlərə son qoyulacaqdır. O, həyat yoldaşı ilə birgə “təki övladımın gələcək məişət problemləri həll olunsun” deyə cavabdeh tərəfə 2019-cu ilin dekabr ayında 3 dəfəyə 3000 (üç min) manat vermişdir. 3000 (üç min) manat pulu verəndə yanlarında kifayət qədər şahidlər də olmuşdur. 1 aydan sonra cavadehin atası hal hazırda Sumqayıt şəhərində yaşayan V.İddiaçı2 onun mobil nömrəsinə zəng vuraraq qızı ilə oğlunun münasibətlərinin pozulduğunu və bu evliliyin baş tutmayacağını bəhanə edərək ondan qızlarının geri aparmaqlarını istəmişdir.Qızı məcbur qalaraq bacısının (qızının bibisi) evinə geri qayıtmışdır. Sonradan məlum oldu ki, onlar 3-cü ailədirlər ki, sözügedən Məmmədovlar ailəsi tərəfindən başlarına bu cür müsübətlər gətirilib. Hal-hazırda dəfələrlə cavabdehdən ona vermiş olduqları 3000 (üç min) manat pulu geri qaytarmaqlarını istədikdə cavabdeh tərəf bu pulu geri qaytarmaqdan imtina edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. 2019-cu ilin dekabr ayında həmkəndlisi N.İddiaçı2 ilə ailə qurmuş və Nəzrin onun valideynlərinin yaşadığı ünvana gəlin gəldikdən sonra Nəzrinin sifətində irinli səpkilərin olmasını görmüşlər, buna təəcüblənmişlər. O, və ailə üzvləri Nəzrini heç bir zaman ac saxlamamışlar, valideynləri Nəzrini heç bir zaman söyməmiş, Nəzrinə mənəvi və ya fiziki işgəncələr verməmişdir. Bundan başqa o, iddiaçıdan 3000 manat deyil, 1000 manat pul almış, həmin puluda iddiaçının qızının gəlin gəldiyi evin təmiri üçün almışdır. İddiaçı özü, təmir üçün evə lazım olan qapıların alınmasında 2000 manat vermişdir. O, hazırda iddiaçının qızı ilə evlilik ərəfisində aldığı qızılları və toy üçün çəkilən xərclərin iddiaçı tərəfindən ödənildiyi halda həmin 2000 manatı qaytarmağa razıdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(060)-1932/2022 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı B.B,Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıya borclu oldugunu sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin rədd edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı1 şikayəti əsasında toplanmış materialda cinayət tərtkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı2 isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı2 qaytarmalıdır. Məhkəmədə cavabdeh iddiaçıdan ev təmiri üçün 1000 manat aldığını qeyd etsə də, bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 may 2022-ci il tarixli 2(060)-1932/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1668/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1668/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver