Məhkəmə qərarları › İş №2(105)-1671/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1671/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1671/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)-391/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)-391/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3578,80 manat məbləğində debitor borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. (hakim İ.Xəlilov) Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)-391/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə ekspertiza keçirilməklə ekspertiza rəyinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddi ərizəsi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istehlak etdiyi təbii qaza görə 01.11.2020-ci il tarixə 4 il üçün 3578,80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamışdır. Belə ki, o, 6 ildir ki, təbii qazdan istifadəyə görə pul ödəmir. Bunun səbəbi isə sayğacın qaz sərfiyyatını düzgün göstərməməsi olmuşdur. Qaz sayğacının artıq sərfiyyat yazması ilə əlaqədar o, Xaçmaz RQİİ-yə getmiş, lakin oradan sayğacda problem olmadığını bildirmişlər. Məhkəmə iclasında da o, sayğacın yoxlanılması üçün ekspertizaya göndərilməsini xahiş etmiş, lakin bu vəsatəti təmin edilməmişdir. İstifadə etdiyi təbii qazın dəyərinin ödəməməsinin səbəbi sayğacın artıq sərfiyyat yazmasıdır. Bütün bu halları məhkəmə araşdırmamış, iddianı əsassız olaraq təmin etmişdir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə ekspertiza keçirilməklə ekspertiza rəyinə uyğun yeni qətnamə çıxarılmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən iddiaçının nümayəndəsi məhkəmənin hazırki iclasında iştirak etməmiş, cavabdeh isə məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 03.05.2013cü il tarixli, 14957 saylı müqavilədən görünür ki, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Abonentin evində qaz plitəsi, həcmli su qızıdırıcısı və kombi avadanlıqları vardır. Qaz sərfiyyatı 05097362 saylı G4T markalı sayğac vasitəsilə aparılır. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh İddiaçı İB-yə 3578,80 manat (o cümlədən, 2018-ci ilin sonuna 2752,90 manat, 2019-cu ilin sonuna 3338,40 manat və 2020-ci ilin oktyabr ayına kimi 3578,80 manat) məbləğində debitor borcu vardır. Saldodan görünür ki, abonent tərəfindən ödəniş aparılmır. Yenə işdə olan İddiaçı İB-nin 23 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, abonent Cavabdeh 3578,80 manat məbləğində debitor borcunun olması barədə xəbərdarlıq edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)-391/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” 03 may 2013-cü il tarixli, 14957 saylı müqavilə əsasında İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Siyəzən MQKS tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G4T markalı, 05097362 saylı qaz sayğacı quraşdırılmışdır. Abonent uzun müddət ərzində qazdan istifadə etsə də, onun dəyərini qaz paylayıcısına ödəməmiş, nəticədə o, tərəflər arasında imzalanmış müqavilənin 2.3.1-ci maddəsinin tələblərini pozmuş və 3578,80 manat debitor borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmi. “Qazdan istifadə Qaydaları”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Eyni Qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. İşdən, o cümlədən cavabdehin özünün izahatından göründüyü kimi, cavabdeh xeyli müddətdir ki, təbii qazdan istifadə edərək onun dəyərini ödəməmişdir. Dəyəri ödənilməmiş və istehlak edilmiş təbii qazın dəyəri 3578,80 manat təşkil etmişdir. Bu halları işdə olan abonent saldosu təsdiq edir. Bundan əlavə, təbii qazdan istifadəyə görə cavabdehin borcunun olması barədə qaz paylayıcısı tərəfindən abonentə xəbərdarlıq edilmişdir. İddiaçıya borcunun tələb edilən məbləğdə olmaması barədə isə Cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sayğacın düzgün işləməməsi barədə onun dəlili də əsassızdır və iş materialları ilə təkzib olunur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən debitor borcu düzgün hesablanmışdır. İddiaçı tərəfindən borcun cavabdehin təbii qazı istehlak etməsi səbəbindən yaranması sübut edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin 3578,80 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, yəni iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)-391/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(067)- 391/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar