Məhkəmə qərarları › İş №2(105)-1672/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1672/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1672/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas pul 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabrında cavabdeh kəndlilərdən fındıq alışında ona kömək edə biləcəyini bildirmiş və ona qabaqcadan pul versə 2020-ci ilin avqust ayında ona 1 kq fındığı 2 manatdan yığıb təhvil verəcəyi, əldə edəcəkləri gəlirin isə aralarında bərabər bölünəcəyi barədə söz vermişdir. O, da cavabdehə inanıb 2019-cu ilin dekabr ayı-2020-ci ilin yanvar ayı ərzində 10160 manat pulu nağd şəklində vermişdir. 2020-ci ilin avqust ayının sonuna kimi cavabdeh ona cəmi 340 kq fındıq təhvil vermiş və fındığın 1kqnı 3 manatdan hesablamışdır. Cavabdehin ona verdiyi pulla fındıq alıb sataraq əldə etdiyi gəlir hesabına 2020-ci ildə özünə 9 baş cöngə alıb, bir müddət saxlayıb kökəltməklə satmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək ondan aldığı pul ilə fındıq tədarük edib və onu təkbaşına satmaqla gəlir əldə edib. Həmin gəlirin 50%-i ona çatmalıdır. Belə ki, cavabdeh ondan aldığı 10160 manat pula 5080 kq fındıq tədarük etməliydi. Amma cavabdeh ona cəmi 340 kq fındıq təhvil verib. O, hesab edir ki, cavabdeh ona 2200 kq fındıq təhvil verməlidir. Cavabdeh onun pulundan istifadə edərək fındıq alışverişindən əldə etdiyi gəlir hesabına özü üçün 2000 kq fındıq alıb sataraq 6160 manat gəlir əldə edib. O, cavabdehdən pulunu qaytarmasını tələb etdikdən sonra 2020-ci ilin dekabr ayının axırlarına kimi cavabdeh tədarük etdiyi 340 kq fındığın qiyməti də nəzərə almaqla ona cəmi 8960 manat pul qaytarıb. Yerdə qalan 1200 manat pulu və ondan nisyə aldığı dəmir boruların qiyməti olan 200 manat pulu cavabdeh bu günə kimi qaytarmayıb, Ümumilikdə cavabdeh ona 4480 manat pul ödəməlidir. Cavabdeh ondan əldə etdiyi təmiz gəlir olan 6160 manatın yarısı olan 3080 manat məbləğdə pulu və 1400 manat borclu qaldığı pulu, cəmi 4480 manat pulu ödəməlidir. Onu da qeyd etmişdir ki, o, cavabdehə 10160 manat pulu 7-8 dəfəyə hissə-hissə vermişdir. Həmçinin, qeyd etmişdir ki, pulu cavabdehə ailə üzvlərinin yanında vermişdir. Lakin pulu cavabdehə verməyi barədə yazılı qəbzi yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh nümayəndəsi və vəkii Ş.R.Mütəllimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçının cavabdehə borc verməsini təsdiq edən mötəbər sübutları yoxdur. Cavabdeh Quba rayon X1 stasionar tibb kartasından çıxarışını sübut kimi məhkəməyə təqdim edərək, qeyd olunan sənədlə cavabdeh şizofren xəstəsi olduğunun, öz hərəkətlərini dərk etmək qabiliyyətinin sübut olunduğunu göstərərək, onun kiməsə pul borclu olmasının absurd olduğunu bildirmişdir. Cavabdeh xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsə də, onun şizofren xəstəsi olması təsdiq olunur. Məhkəmə iddianı təmin edərkən iddiaçının pul tələbi kimi əsaslandırdıgı iddiasını əsassız varlanma kimi qiymətləndirilmişdir. Cavabdeh əsassız varlanmadıgı mübahisənin predmetindən də aydındır. Bu mübahisə pul tələbinin və ya nisyə alqı-satqı müqaviləsinin hüquq normaları tətbiq edilməlidir. Cavabdeh Xaçmaz RPŞ-də verdiyi izahatında 10160 manat pulun 8960 manat pulu 2020-ci ilin sentyabr ayında, 1040 manatını isə 332 kq fındıq alaraq ona verdiyini bildirmiş, ona yalnız 160 manat borcunun oldugunu qeyd etmişdir. Lakin bunları məhkəmə nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-782/2021 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin 160 manat məbləğində qismən təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Ş.R.Mütəllimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıya borclu olduğunun iş materialları ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ş.Mütəllimovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Xaçmaz RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatında iddiaçıdan 2019-cu ilin dekabr ayında 10160 (on min yüz altmış) manat məbləğində pul aldığını etiraf etmişdir. Həmin puldan 8960 manat cavabdeh tərəfindən ona qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən, cavabdehin İddiaçı 4510 manat pulun qaytarılmasını qət etməklə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları sübutlardır. Məhkəmə iddianı təmin edərkən iddianı təmin edərkən iddiaçının pul tələbi kimi əsaslandırdığı iddiasını əsassız varlanma kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu mübahisəyə pul tələbinin və ya nisyə alqı-satqı müqaviləsinin hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 04 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı şahid qismində dəvət etdiyi X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh 7-8 dəfə atasının yanına gəlib fındıq məhsulu gətirmək üçün atasından ümumilikdə təqribən 10 min manat pul götürüb. Qeyd etmişdir ki, cavabdehin onun atasına nə qədər pul qaytarmasını bilmir. Atası ilə onun mübahisəsi olub ki, cavabdehə daha pul verməsin. Təxminən 2019-cu ilin payız aylarında cavabdehə pul verilib. 04 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı şahid qismində dəvət etdiyi X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh Həmdulla 2019-cu ilin payız aylarında onların evə gəlib atasından 10160 manat pul alıb. Pulu hissə-hissə 7-8 dəfəyə götürüb. Cavabdeh pulu atasından alanda evdə o, qardaşı Bəxtiyar və anası iştirak etmişdir. Cavabdehin onun atasına 1400 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. İddia ərizəsindən və məhkəmə kollegiyası iclası zamanı İddiaçı izahatından müəyyən olunur ki, Cavabdeh hissə-hissə 10.160 manat pulu nəgd şəklində vermişdir, ona 8960 manat pul qaytarmışdır. Yerdə qalan 1200 manat pulu və 2020-ci ildə ondan nisyə aldığı dəmir boruların qiyməti olan 200 manat pulu cavabdeh bu günə kimi ona qaytarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi cavabdehə dəmir borularının 200 manat verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, odur ki, kollegiyası bu hissədə iddianın təmin olunmasını düzgün hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli 2(067)-782/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar