Məhkəmə qərarları › İş №2(105)-1673/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1673/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1673/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(026)-219/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14145,73 manat məbləğində əsas və 1536,47 manat faiz borcu оlmaqla, cəmi 15682,2 manat borcun və 137, 45 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 may 2022-ci il tariхli, 301804-140895/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh2 arasında 19 may 2022 il tariхli, 301804- 140895/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır.Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 27 mart 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 14145,73 manat məbləğində əsas və 1536,47 manat faiz borcu оlmaqla, ümumilikdə 15682, 2 manat məbləğində kredit bоrcu yaranmışdır. Buna görə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14145,73 manat məbləğində əsas və 1536,47 manat faiz borcu оlmaqla, cəmi 15682,2 manat borcun və 137,45 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Banka olan borcunu işləmədiyi üçün ödəyə bilməmişdir. Hazırda işləyir və banka olan borcunu ödəyəcəkdir. Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(026)-219/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14145,73 manat məbləğində əsas və 1536,47 manat faiz borcu оlmaqla, cəmi 15682,2 manat borcun və 137,45 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev) . Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(026)-219/2023 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilərək, iddia tələbinin ona münasibətdə təmin olunmaması və onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, müqavilə 48 ay müddətinə bağlanılmış və bu 4 il ərzində banka olan borcun qaytarılması kreditorun üzərinə vəzifə qoyulmuşdur. Yəni həmin müqavilənin müddəti 2026-cı ildə başa çatır, lakin iddiaçı müqaviləyə xitam vermədən vermiş olduğu kreditin tam həcmdə qaytarılmasını iddia etmişdir. Məhkəmə prosesində Cavabdeh1 artıq işə düzəldiyini və bundan sonra banka olan borcunu qrafik üzrə vaxtlı-vaxtında qaytaracağını bildirmişdir, lakin məhkəmə bu halı nəzərə almayaraq borcun hər ikisindən tutulmasına qərar vermişdir. Bundan başqa iddiacı onunla zaminlik müqaviləsi bağlamamış və o, bank qarşısında öhdəlik götürməmişdir. Bu hal həmin zaminlik müqaviləsinin xitam verilməsinə əsas verdiyi halda məhkəmə onu da cavabdehliyə cəlb etmişdir. Əgər tərəflər arasında bağlanmış müqavilə vaxtından qabaq ləğv olunmursa, məhkəmə yalnız iddia verilən tarixə olan borcun tutulmasına qərar verə bilərdi, lakin məhkəmə bunu etməmiş və vəsaitin tam olaraq birdəfəlik tutulmasına qərar vermişdir ki, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən banka kreditdən 6000 manat ödəniş olmuş və hazırda da ödənişləri davam etməyə hazırdır. Lakin məhkəmə həmin ödəmələri nəzərə almamış və cavabdeh bu vəsaiti özü ödəmək iqtidarında olduğunu bildirsə də, onun iştirakı olmadan tərtib olunmuş müqavilə əsasında məhkəmə onu da cavabdehliyə cəlb etmiş, pulun hər ikisindən tutulmasına qərar vermişdir. Hətta məhkəmə ilə əlaqə saxladıqda onluq bir iş olmadıgı ona bildirilmiş, lakin xx.xx.2023-cü ildə qətnamənin surətini hərbi hissədə aldıqda ona məlum olmuşdur ki, o, da öhdəliyə cəlb olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim edərək, bankın məbləğin hesablanmağından şikayətinin olmadığını, apellyasiya şikayətində yalnız imzanın ona aid olub-olmadığını mübahisələndirdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2022-ci il tariхli, 301804-140895/3 nömrəli krеdit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 48 ay müddətinə illik 17% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2022ci il tariхli, 301804-140895/3 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin 27 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14145,73 manat əsas və 1536,47 manat faiz borcu olmaqla, cəmi 15682,21 manat borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 may 2022-ci il tariхli, 301804- 140895/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh2 arasında 19 may 2022 il tariхli, 301804-140895/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında 19 may 2022 il tariхli, 301804-140895/3 nömrəli zaminlik müqaviləsində olan imzanın ona məxsus olmadığını bildirmişdir Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən 2(105)-1673/2023 nömrəli, 21` sentyabr 2023-cü il tarixli qərardadla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2022-ci il tariхli, 301804- 140895/3 nömrəli zaminlik müqaviləsinin “imza” qrafasındakı imza Cavabdeh2, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 4/1717 nömrəli, 20 noyabr 2023-cü il tarixli rəyində ekspertizaya təqdim edilmiş mülki işin 106-cı vərəqəsində olan 19 may 2022-ci il tarixli, 301804-140895/3 nömrəli zaminlik müqaviləsinin üz vərəqinin aşağı hissəsindəki 2-ci imza və arxa vərəqinin “zamin” qrafasındakı imzanın-Cavabdeh2 tərəfindən icra olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, borcalan (cavabdeh) Cavabdeh1 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 104 (yüz dörd) manat cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(026)-219/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə 104 (yüz dörd) manat pul vəsaiti cavabdeh X1 tutularaq Məhkəmə Eksprtizasi Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar