Məhkəmə qərarları › İş №2(105)-1677/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1677/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1677/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1161/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2014-cü il tarixli, 668/14ik saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6630 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. xx.xx.2014-cü il tarixli, ZM-668/14ik saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 668/14ik saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur.

3. xx.xx.2014-cü il tarixli, 668/14ik saylı kredit müqaviləsinə 20 iyun 2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 5661,69 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Əlavə Sazişə əsasən 20 iyun 2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır.

4. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 668/14ik saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixə 1332,39 ABŞ dolları əsas, 510,12 ABŞ dolları faiz, 2048,96 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz 198,36 ABŞ dolları faiz, cəmi 4089,83 ABŞ dolları borcu vardır.

5. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.332,39 (bir min üç yüz otuz iki ABŞ dolları 39 sent) ABŞ dolları əsas, 510,12 (beş yüz on ABŞ dolları 12 sent) ABŞ dolları faiz, 2.048,96 (iki min qırx səkkiz ABŞ dolları 96 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198,36 (bir yüz doxsan səkkiz ABŞ dolları 36 sent) ABŞ dolları faiz borcu, cəmi 4.089,83 (dörd min səksən doqquz ABŞ dolları 83 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 89,53 (səksən doqquz manat 53 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 668/14ik saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6.630 (altı min altı yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-668/14ik nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə 20 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.661,69 (beş min altı yüz altmış bir ABŞ dolları 69 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3.732,87 (üç min yeddi yüz otuz iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 1.358,45 (bir min üç yüz əlli səkkiz ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu və 570,37 (beş yüz yetmiş ABŞ dolları 37 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-6301/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

8. Şamaxı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 1332,39 ABŞ dolları əsas, 510,12 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 198,36 ABŞ dolları olmaqla, cəmi 2340,87 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 89,53 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 743.1, 462.1, 467.1, 470, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddianın qismən yəni kompensasiya məbləğində 2265 manat məbləğində təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sistemə əlavə etdiyi 20 iyun 2017-ci il tarixli restruktrizasiya müqaviləsinin əslindən də görünür ki, 668/14ik saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi restruktrizasiya olunaraq 3732.87 ABŞ dolları məbləğ 1.40 manat məzənnəsi ilə hesablanmaqla ödənilməsi aralarında müqavilə bağlanmışdır. Məhkəmə tərəfindən ekspertiza təmin olunmamaqla onun hüquqları pozulmuşdur. Problemli kreditlərin kompensasiyası haqqında məlumatlara əsasən 1332.39 (bir min üç yüz otuz iki) ABŞ dolları 2265.06 (iki min iki yüz altmış beş manat 06 qəpik) manat olmaqla göstərilmişdir. Belə ki, 01 mart 2019-cu il tarixə müddəti keçmiş əsas kredit borcu (manat ekvivalentində) 5989.25 manat olmuşdur. Borcun azaldılmasına yönəldilən məbləğ 3724.19 (üç min yeddi yüz iyirmi dörd manat 19 qəpik) manat təşkil etmişdir. Əsas borc kimi 2265.06 (iki min iki yüz altmış beş manat 06 qəpik) qalmışdır. Eyni zamanda bildirir ki, Dəmirbankın elə səhv işləməyinin nəticəsidir ki, həmin bank artıq ləğv olunmuşdur. Minlərlə iddialar var ki, həmin işlər üzrə ekspertiza təyin olunur və müəyyən olunur ki, nəinki vətəndaşın əksinə Dəmirbanka vətəndaş daha çox pul ödəmişdir. Ekspertiza təyin olunarsa onun ödəyəcəyi məbləğ xeyli aşağı olacaqdır. Bu günə kimi 9000 manat ödəniş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 19 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

28. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

29. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

30. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

31. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

35. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən görünür ki, iddia tələbi kredit borcunun qaytarılması barədədir.

38. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı ASC LPO ilə Cavabdeh1 arasında 668/14ik saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6.630 (altı min altı yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. 668/14ik saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 20 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.661,69 (beş min altı yüz altmış bir ABŞ dolları 69 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3.732,87 (üç min yeddi yüz otuz iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 1.358,45 (bir min üç yüz əlli səkkiz ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu və 570,37 (beş yüz yetmiş ABŞ dolları 37 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

39. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.

40. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 743, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşməsi və bankın həmin fərmanı ona aid kredit müqaviləsinə şamil etməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin krediti ilə bağlı sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adı qeyd edilən fərmanı cavabdehin kredit borcuna da tətbiq edilmiş, onun iddiaçıya olan borcu azaldılmış, qalan borc məbləği üzrə ödənişlərin icra edilməsi müddəti isə bağlanmış sazişlər əsasında iki dəfə uzadılmışdır.

43. Məhkəmə kollegiyası həmçinin cavabdehin ekspertiza təyin edilməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdeh şikayətində borcun restruktrizasiya olunduğunu güman edərək banka olan borcunu tam qaytarmadığını etiraf etmişdir. Bu baxımdan şikayətin bu dəlilini də əsassız hesab edir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

45. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar