Məhkəmə qərarları › İş №2(105)-1681/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1681/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1681/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin (hazırda ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)-1196/2016 saylı tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)-1196/2016 saylı qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7422,36 (yeddi min dörd yüz iyirmi iki dollar otuz altı sent) ABŞ dolları əsas borcu, 2639,36 (iki min altı yüz otuz doqquz dollar otuz altı sent) ABŞ dolları faiz və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10111,72 (on min yüz on bir dollar yetmiş iki sent) ABŞ dolları məbləğində (Azərbaycan Respublikası Milli pul vahidi məzənnəsi ilə) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 Nurəddin oğlu arasında bağlanmış 26 may 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)-1196/2016 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7422,36 ABŞ dolları məbləğində əsas, 2639,36 ABŞ dalları faiz, 271,61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10333,33 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması, habelə tərəflər arasında imzalanmış 26 may 2014-cü il tarixli kredit müqaviləsininə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 30 faizlə 36 ay müddətinə 9000 ABŞ dolları kredit almışdır. Borcun geri qaytarılmasını təmin etmək məqsədilə bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bu səbəbdən də, məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçının tələbini əsas götürərək qərar qəbul etmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, prosessual hüququ pozulmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və aylıq gəlirləri manatla olmuşdur. O, kredit götürərkən aylıq ödəməsinin manatla qarşılığı 302 manat idi, hər ay 400 manat gəliri olduğu üçün bu cür kreditin götürülməsinə razı olmuşdur. Lakin manatın devalvasiyası nəticəsində ödəmələrdə problemlər yaranmışdır, belə ki, hazırda manatın dollar qarşısında məzənnəsi 1,70 nisbətindədir. Bu isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deməkdir və nəzərə alınmalıdır. Qüvvədə olan qanunvericiliyə görə mülki iş tam, hərtərəfli, obyektiv araşdırılmalı idi. Belə ki, kredit müqaviləsi üzrə hesablanmış borc şişirdilmişdir. Problemli kreditlərin kompensasiyasına görə ona 6250 manat pul ödənilmişdir. Bundan öncə bankdan ona bildirmişlər ki, qalıq borcu 7000 ABŞ dolları edir. Lakin qətnamə ilə məlum olur ki, müqavilə üzrə cəmi borc 10111,72 ABŞ dollarıdır. Bu isə cavabdeh olaraq onun hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, kredit müqaviləsi üzrə ödənişləri ABŞ dollarının məzənnəsi qalxanadək aybaay həyata keçirmişdir. Axır vaxtlar krediti ödəməkdə çətinlik çəkmiş, ona görə də ödəmələri dayandırmış, bunun nəticəsində banka borcu yaranmışdır. Hal-hazırda bankın tələb etdiyi əsas məbləği hissə-hissə ödəyə bilər. Maddi vəziyyəti olduqca pisdir, sonda cavabdeh şikayətinin təmin edilməsini xahiş etdi. Lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO İddiaçı ASC, o cümlədən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 səbəbini bildirmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “İddiaçı" ASC tərəfindən illik 30 faizlə 36 ay müddətinə 9000ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə işdə olan 26.05.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 9000 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-dən götürmüşdür. Yenə də işdə olan ZM/1064 saylı, 26.05.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icarasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 1064 saylı, 31.03.2015-ci il tarixli Əlavə sazişdən və ZM/1064 saylı, 26.05.2014-cü il tarixli zaminlik müqaviləsinə edilmiş 1064 saylı, 31.03.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, “İddiaçı" ASC-nin Cavabdeh1 verdiyi kreditin məbləği 7540,53 ABŞ dolları təşkil etmiş və kreditin müddəti 29 iyun 2018-ci ilədək uzadılmaqla yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin saziş üzrə zamin şəxslər sazişdən irəli gələn öhdəliyi icra etməyi qəbul etmişlər. Yenə işə əlavə edilmiş 09.06.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 7422,36 ABŞ dolları əsas, 2639,36 ABŞ dolları faiz, 271,61 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 10333,33 ABŞ dolları borcu vardır. Mülki işdə olan bildirişdən görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)- 1196/2016 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 1064 saylı, 26.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 30 % olmaqla, 36 ay müddətinə 9000 ABŞ dolları kredit götürmüşdür. Həmçinin, öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında ZM/1064 saylı, 26.05.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə 1064 saylı, 31.03.2015-ci il tarixli Əlavə saziş üzrə müqavilə ilə müəyyən edilmiş kreditin geri qaytarılma müddəti 29 iyun 2018-ci ilədək uzadılmış və ödənilmədən qalmış 7540,53 ABŞ dollar borc üzrə yeni ödəniş qrafiki tərtib edilmişdir. Saziş üzrə borcun icrasının gələcəkdə icra etməyi zaminlər də qəbul etmişlər. Cavabdeh kredit və ona edilmiş saziş üzrə müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 442, 445.2.1, 448.1, 448.2, 467, 470.1, 472.2-ci maddələrinə istinad edərək yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün zaminlərlə birlikdə cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə 7422,36 əsas və 2639,36 ABŞ dolları faiz borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla və maliyyə arayışı ilə təsdiq olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın tələb etdiyi 271,61 ABŞ dolları məbləğində dəbbə pulunun 50 ABŞ dolları məbləğinə qədər azaldılmasında birinci instansiya məhkəməsi haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalanan hallardan da görünrdüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında onun borcu yaranmışdır və buna görə də İddiaçı ASC-nin yaranmış borcun qaytarılması, habelə tərəflər arasındakı kredit müqviləsinə xitam verilməsi barədə iddia tələbi əsaslıdır. Bunları nəzərə alan birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək iddianı cərimə borcu hissəsində azaltmaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız iddiaçının tələbini əsas götürərək qətnamə qəbul etməsi barədə göstərdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası cavabdehin manatın devalvasiyasına istinad edərək şikayətini əsaslandırmaq cəhdini də əsassız hesab edir. Belə ki, işdən, o cümlədən onun özünün izahatından da görünür ki, ona bu məqsədlə 6250 manat kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh1 isə apelyasiya şikayətinin əsaslarına, habelə bu halı təkzib etməsinə dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)- 1196/2016 saylı tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar