Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1684/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(029)-103/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(029)-103/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1947,49 ABŞ dolları əsas, 2456,79 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295,11 ABŞ dolları borc olmaqla, cəmi 4999,39 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 1947,49 ABŞ dolları əsas, 2456,79 ABŞ dolları faiz, 3093,83 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295,11 ABŞ dolları borc olmaqla, ümumilikdə 7793,22 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 16.07.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 cəmiyyətdən illik 25%-lə, 24 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 16.07.2015-ci il tarixli, ZM-240009253 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bitmə tarixi 16.07.2017-ci ildir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 13.07.2020-ci il tarixinədək Cavabdeh1 cəmiyyətə 1947,49 ABŞ dolları əsas, 2456,79 ABŞ dolları faiz, 3093,83 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295,11 ABŞ dolları borc olmaqla, ümumilikdə 7793,22 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, işə onun iştirakı olmadan baxılmışdır. Bundan başqa, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun vaxtı keçmiş kredit borcları restrukturizasiya məqsədi ilə illik faiz dərəcəsi 0,1 faiz olmaqla beş il müddətinə verilməli idi. Bununla əlaqədar o, dəfələrlə iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə müraciət etmişdir. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti onun müraciətlərinə baxmamışdır. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun krediti restrukturizasiya etməmiş və məhkəmədə ona və Cavabdeh2 qarşı iddia qaldırmış, məhkəmə də iddianı qismən təmin etmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 16.05.2021-ci il tarixli, LM052100313 saylı restrukturizasiya müqaviləsi bağlandığını göstərdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Qusar filialı ilə bağlanmış 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz ödənilməklə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 16.07.2015-ci il tarixli, 240009253/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün zamin kimi Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 iyul 2020-ci il tarixə əsas borcu 1947,49 ABŞ dolları, faiz borcu 2456,79 ABŞ dolları, cərimə borcu 3093,83 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295,11 ABŞ dolları, ümumilikdə 7793,22 ABŞ dolları təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 01 iyul 2020-ci il tarixli bildirişlərdən görünür ki, borcun 3 gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına olan əlavə olunmuş ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış 16.05.2021-ci il tarixli, LM052100313 saylı restrukturizasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3310 manat 73 qəpik məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində 1% olmaqla hesablanmış, restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Qusar filialı ilə bağlanmış 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz ödənilməklə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmişdir. Qeyd edilən kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşmüş və ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında 16.05.2021-ci il tarixli, LM052100313 saylı restrukturizasiya müqaviləsi bağlanmış, 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3310 manat 73 qəpik məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində 1% olmaqla hesablanmış, restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən əmələ gəlmişdir. Lakin həmin müqavilə restrukturizasiya olunmuş və ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında 16.05.2021-ci il tarixli, LM052100313 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə tələb etmə hüququnun əsaslandığı kredit müqaviləsi artıq qüvvəsini itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi qüvvəsini itirdiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(029)-103/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1684/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1684/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver