Məhkəmə qərarları › İş №2(105)-1684/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1684/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1684/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi, sübutetmə vəzifəsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11479 manat məbləğində pul və 125 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun plastik ödəniş kartından 11479 manat məbləğində pulu çıxararaq mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Belə ki, Şahin onun bacısı oğludur. O, gözlərindən birinci qrup əlildir. Buna görə təqaüd alır. 2017-ci ilin oktyabr ayında sol gözündə cərrahi əməliyyat aparılması üçün Şahin onu Bakı şəhərində yerləşən Diaqnostika Mərkəzinə müayinəyə aparmış və 2017-ci ilin noyabr ayında həmin Mərkəzdə onun sol gözünü əməliyyat etmişlər. Həmin vaxt Diaqnostika Mərkəzinə müayinəyə gedib-gəlmək və cərrahi əməliyyat olunmağı üçün Şahin 2000 manat məbləğində pul xərcləmişdir. O, Şahinlə aralarında razılığa gəlmişdir ki, əməliyyatdan sonra ona 2000 manat və əlavə olaraq 500 manat pul verəcəkdir. Bu məqsədlə plastik ödəniş kartını Şahinə vermiş və həmin vaxt onun kartında 210 manat məbləğində pul olmuşdur. Beləliklə, onun plastik ödəniş kartı Şahində qalmış, özü isə 2018-ci ilin iyun ayında Rusiya Federasiyasının Moskva Şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikasına qayıtmışdır. Şahin, qardaşı oğlu X5 vasitəsi ilə ona 1000 manat məbləğində yol pulu göndərmişdir. Onun Şahinlə danışığı belə olmuşdur ki, onun plastik ödəniş kartından 2500 manat pul çıxarsın, qalan pula əl dəyməsin. O, evə qayıdanda Şahinlə əlaqə saxlamış və plastik kartını özünə qaytarmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şahin onun bacısı X1 vasitəsi ilə ona həm plastik kartını, həm də 1150 manat məbləğində pul göndərmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Quba Şəhər filialına müraciət etmiş və müəyyən olunmuşdur ki, Şahin onun plastik kartından 16379 manat məbləğində pul çıxarmışdır. Həmin puldan 2500+2150+250 manat çıxdıqda hesab edir ki, Şahin onun 11479 manat məbləğində pulunu mənimsəmişdir. Şahin onun pullarını qaytarmaq istəmədiyinə görə ərizə ilə polisə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsində onun iştirakı olmadan araşdırma aparılmış və xx.xx.2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh Ağasi oğlu Polis Bölməsində verdiyi izahatında bildirmişdir ki, onun plastik kartını və eyni zamanda hər ay onun kartından çıxardıbı pulları mərhum anasına vermişdir. Həmçinin, qardaşı X2 və bacısı X6 da izahat verərək bu faktı təsdiq etmişlər. Bundan sonra, öz izahatlarında onun psixoloji problemlərinin olması, bir neçə dəfə RF-da məcburi müalicə almağı, həbsxanada olmağı barədə bildirmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, göstərilənlər real həqiqətə uyğun deyildir. Heç bir fakta söykənmir. Anası həyatda olmadığına görə polisdə belə bir izahat vermişlər. Əgər anası sağ olsaydı, təbii ki, belə izahat verə bilməzdilər.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şahid qismində iştirak edən X3 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı onlara daim problem yaratmışdır. 2018-ci ildə gözündən əməliyyat olmuşdur. Şahin sürücü qismində iştirak etmişdir. Onu da anasına görə etmişdir. Əməliyyat uğurlu keçmişdir. Bütün xərcləri o, çəkmişdir. Kartı anasına vermişdir. Anası da onların borclarını qaytarmışdır. Kartdan pulu Şahin çıxartmış və anasına vermişdir. 2022-ci ilin may ayının 22-də anası rəhmətə getmişdir.

5. Şahid qismində iştirak edən X6 izahatında bildirdi ki, Məmməd Rusiya Federasiyasından gəldikdə kor olmuşdur. Kartı anasına vermişdir. Borcları qaytarmaq üçün vermişdir. Şahin onun bacısı oğludur. Kartı Şahinə vermiş, Şahində kartdan pulları çıxardıb gətirib vermişdir. 2018-ci ildən 2022-ci ilin may ayında qədər pulları çıxardıb vermişdir. 1000 manat göndərilmişdir. Kart ilə bərabər 1150 manat pul verilmişdir. 1 aylıq pensiyası da qalmışdır.

6. Şahid qismində iştirak edən X2 izahatında bildirdi ki, kartı anasına vermişdir. Onun külli miqdarda borcu olmuşdur. Sonra söz vermişdir ki, bütün borcları verəcəkdir. Kartı anasına vermişdir ki, borcları bağlasın. 3 nəfərin pulunu mənimsəmişdir. 3 gün vaxt verilmiş, anası Bakı şəhərinə pul göndərmişdir. Ona həmişə sahib çıxmışlar. Anası iki dəfə insult keçirmişdir. Bacısı da əlil arabasındadır. Bütün işləri Şahinə tapşırmışlar. Kartı anasına verəndən sonra pul istəməyə başlamışdır.

7. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı adına Maestro Sosial növündə kart olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər dövr üzrə mədaxil 16379 manat, dövr üzrə məxaric isə 15945 manat olmuşdur.

8. "xxxx" ASC tərəfindən 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab olaraq bildirilmişdir ki, qərarda qeyd edilən dövrdə İddiaçı Məşəd oğlunun istifadəsində olan plastik kartla bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər göndərilmiş və iş materiallarına əlavə olunmuşdur.

9. Sumqayıt, ŞPİ-nin 2-ci PB-nin 31 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh qarşı aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istər məhkəmə iclasında verdiyi izahatlardan, istərsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, öz istəyi ilə kartı verməsini, özünün əməliyyatı üçün borclu olduğunu, pulun bir qisminin çıxardılıb ona verildiyini etiraf etmiş, həmçinin onların arasında digər öhdəliklərin olub-olmaması, yəni kartı verməsinin digər səbəblərinin nədən ibarət olması, sonradan öz razılığı ilə verdiyi kartdan çıxarılan pulları cavabdehdən tələb etməsinin hüquqi əsaslarının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddia tələbinin əsasları MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmadığı üçün məhkəmə işin tədqiq olunan hallarına əsasən məhkəmə iclasında iştirak edən şahidlərin izahatlarını, iş materiallarında olan sübutlar əsasında qiymətləndirərkən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsinə əsas vermişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 425, 442-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 76, 77, 88, 89, 14.2, 124.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ona məxsus olan plastik kartın o, Rusiyaya gedən vaxtdan qayıdan günə kimi cavabdehdə olması işin mübahisə olunmayan tərəfidir və həmin kartdan özü olmadığı vaxtlarda pul vəsaitinin çıxarılması və onun məbləği barədə Kapital Bank ASC-dən alınmış çıxarış məhkəməyə təqdim olunmuşdur. Həmin çıxarışda qeyd olunan məbləğdən cavabdehin ona verdiyi məbləği, ona olan 2500 manat borcu çıxdıqda yerdə qalan məbləğ onun iddia etdiyi məbləğdir. Cavabdeh özü də pulu onun kartından çıxardığını etiraf edir. Halbuki, o, cavabdehin üzərinə həmin kartdan ona olan borcundan əlavə pul vəsaitini çıxarmaq və həmin pulu kiməsə vermək öhdəliyini qoymamışdır, ümumiyyətlə onunla cavabdeh arasında belə bir razılaşma olmamışdır. Kartın onda olmasının səbəbi cavabdehə onun müalicəsi ilə bağlı borclu olduğu pulu həmin kartdan çıxarması, qalan pula isə dəyməməsi olmuşdur, yəni o, həmin pulun kartında toplandığını və Azərbaycana qayıtdıqdan sonra həmin vəsaitdən istifadə edəcəyini düşünərək gözləmiş, lakin gəldikdə isə ona məlum olmuşdur ki, həmin vəsaitin hamısını cavabdeh çıxararaq mənimsəmişdir. Onun kartından pul vəsaitini çıxarması məhkəmə tərəfindən tələb olunan kamera görüntüləri ilə də sübuta yetmişdir. Bütün bu hallar cavabdehin ona məxsus olan pulu mənimsəməsi faktını təsdiqləsə də məhkəmə düzgün olmayan yanaşma ilə mübahisəyə qiymət vermiş, əsaslı olan iddia tələbini rədd etmişdir. Belə ki, məhkəmə işdə olan bütün sübutları qarşı tərəfin xeyrinə təhrif etməklə hətta pulun cavabdeh tərəfindən çıxarılmasına dair görüntüləri belə nəzərə almadan onunla qərəzli və ədavətli olan şəxslərin yalan ifadələrini əsas götürmüşdür. O, cavabdehdən kartında olan pulların hamısını çıxararaq mərhum anasına verməsini tapşırmamış, buna ehtiyac da olmamışdır. Belə ki, o, özü 1-ci qrup gözdən əlil olmaqla özünün yardıma, köməyə ehtiyacı vardır. Bundan başqa onun heç kimə borcu olmamışdır. Kartı Şahində qoymağının səbəbi ona müalicə ilə bağlı yaranan 2500 manat borcunu ödəmək olmuşdur. Dindirilən şahidlər cavabdehə yaxın insanlardır, buradan belə aydın olur ki, onun külli miqdarda pulunun mənimsənilməsində bu şəxslər də maraqlı olmuşlar, belə olmasaydı, onlar məhkəmədə yalan ifadə verməklə guya onun bütün pensiya pullarının anasında olması barədə yalan izahat verməzdilər və onu guya hamıya pul borcu olan, həbsxanalarda yatan, mənfi xarakterizə olunan, hətta psixoloji problemlər yaşayan bir şəxs kimi qələmə verməzdilər. Artıq onların bu izahatları bu şəxslərin onunla qərəzli və ədavətli olmalarına sübutudur. Hətta cavabdeh onun kartında olan pulları çıxararaq digər bir şəxsə vermişsə, buna görə məsuliyyət onun üzərində qalır, çünki həmin pul ona məxsusdur, onun əmlakıdır, ona da çatmalı idi. Pulun onun tərəfindən çıxarılması təsdiq olunduğu kimi, cavabdeh də pulun anasına verilməsini və bu hərəkətini də məhz onun tapşırığı əsasında icra etməsini sübut etməlidir. Lakin o, cavabdehə belə bir tapşırıq və icazə verməmişdir. Bundan başqa onun pullarının mərhum anasına verilməsi və anasının da bu pulları onun kimlərəsə olan borcuna görə müxtəlif şəxslərə qaytarması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, bu hal isə onun bu işdə zərər çəkdiyini sübuta yetirməklə yanaşı iddia tələbində haqlı olduğunu bir daha sübuta yetirir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Məhkəmə işdə olan mötəbər sübutları-ödəmə qəbzlərini nəzərə almamış və o, haqlı olduğu halda onu haqsız çıxarmışdır. Halbuki o, 1-ci qrup gözdən əlildir, əmək qabiliyyətsiz olmaqla heç yerdə işləmir, mənimsənilən pul onun bir neçə ilinin haqqıdır və bu haqqı da cavabdeh və ətrafına topladığı, onu görmək istəməyən, nifrət hissi ilə yanaşan qohumları bu qaydada mənimsəməyə qərar vermiş və məhkəmə də işdə olan mötəbər sübutlara deyil,1-2 yalan ifadə verən onunla qərəzli şahidlərin izahatlarına istinadən bu qanunsuz və ədalətsiz qətnaməni çıxarmış, onun əsaslı olan iddiasını rədd etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

17. İddiaçı həmçinin bildirdi ki, o, kartı Cavabdeh vermişdir, o, mərhum anasına kart verməmişdir, elcə də onun heç kimə borcu olmamışdır. İddia ərizəsində vəkil tərəfindən texniki səhvə yol verilərək onun Rusiyaya getmə tarixi səhv göstərilmişdir. O, 2017-ci ilin dekabr ayında Rusiyaya getmiş və həmin vaxt da kartı Şahinə vermişdir. Kartı Şahinə verərkən kartda 210 manat pulu olmuşdur. O, Şahinə tapşırmışdır ki, ona borclu olduğu 2500 manatı kartdan götürsün, qalan pulu götürməsin, kartda qalsın. Sonra ona 1000, 1150 manat göndərilmişdir. O, həmin məbləbləğləri- 1000, 1150, 2500 və ona paltar almaq üçün xərclənmiş 250 manatı çıxdıqdan sonra hesab edir ki, Şahin ona məxsus 11479 manat pul məbləğini qaytarmalıdır. Həmin məbləği Şahin onun razılığı olmadan pensiya kartından götürüb.

18. Cabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, iddiaçıya gözündən əməliyyat olduğu üçün pul verməyib, yalnız özünə məxsus avtomaşını ilə xəstəxanaya aparıbgətirmişdir. İddiaçı ona kart verməyib, 2017-ci ilin dekabrında Rusiyaya gedərkən kartı mərhum anasına verib. O, nənəsinə yardım məqsədi ilə kartı hər ay ondan götürərək pulu çıxarıb pul ilə birlikdə kartı yenə də nənəsinə qaytarmışdır. Nənəsi yaşlı, xəstə qadın olduğundan o, həmişə nənəsinə yardım etmiş, həm iddiaçıya məxsus kartdan, həm də nənəsinə məxsus kartdan pensiya məbləğlərini çıxarıb vermişdir. İddiaçının ayrı-ayrı şəxslərə borcu olmuş, nənəsi həmin pul məbləğindən borcları ödəmişdir. Eləcə də qeyd edir ki, məhkəmə iclasında dindirilən şahidlər kartın nənəsində olduğunu təsdiq etdilər. Bundan başqa məhkəməyə təqdim etdiyi səs yazısından görünür ki, kart iddiaçının anasında olmuşdur, iddiaçı özü kartı anasına vermişdir.

19. Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

24. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

25. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

26. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

27. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla həqiqətin müəyyən edilməsi prinsipinin realizəsini təmin etməmiş, iddianı düzgün olmayaraq təmin etməmişdir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

30. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən edildi ki, iddiaçı 2017-ci ilin dekabr ayında Rusiyaya gedərkən pensiya kartını ona olan borcunun əvəzində 2500 manat pulun kartdan götürməsi məqsədi ilə cavabdehə verdiyini, 2022-ci ilin dekabr ayında Rusiyadan qayıtdığını və həmin vaxt kartın ona qaytarıldığını, bu müddət ərzində pensiya kartının cavabdehin saxlancında qaldığını, göstərilən müddətdə kartına 16379 mədaxil olduğunu, həmin puldan 1000, 1150 manat ona göndərildiyini, onun razılığı ilə 2500 manat və 250 manat cavabdeh tərəfindən götürüldüyünü, qalan 11479 manatın isə heç bir əsas və onun razılığı olmadan cavabdeh tərəfindən kartan götürüldüyünü iddia edir və həmin məbləğin cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir. Cavabdeh iddiaya etiraz edərək 2017-ci ilin dekabr ayında iddiaçı Rusiyaya gedərkən pensiya kartını anasına verdiyini, ona kart vermədiyini, lakin nənəsinin xahişi ilə iddiaçıya məxsus pensiya kartından pul vəsaitinin hər ay onun tərəfindən bankomatdan çıxarıldığını və nənəsinə verdiyini, iddiaçıya məxsus heç bir məbləğdə pul vəsaitini özü üçün götürmədiyini bildirmişdir.

31. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının 2017-ci ilin dekabr ayında Rusiyaya getməsi və 2022-ci ilin dekabr ayında Rusiyadan qayıtması, bu müddət ərzində pensiya kartının iddiaçının istifadəsində olmaması tərəflərin də mübahisələndirmədiyi, işin mübahisəsiz halıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

34. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

35. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

36. İddiaçı iddia tələbinin əsası olaraq pensiya kartından pul vəsaitinin çıxarılmasının cavabdehin özü tərəfindən də etiraf olunmasını, həmçinin "xxxx" ASC tərəfindən təqdim olunan İddiaçı Məşəd oğlunun istifadəsində olan plastik kartla bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərə istinad etmişdir.

37. Göründüyü kimi iddiaçıya məxsus kartdan pul vəsaitinin cavabdeh tərəfindən çıxırılması işin mübahisəsiz halıdır.

38. Məhkəmə qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etirazını əsaslandığı halları – kartın nənəsində olması, kartdan nağdılaşdırılan vəsaiti nənəsinə verməsi və həmin pul vəsaiti ilə iddiaçının borclarının ödənilməsi barədə göstərdiklərini- pulu kartadan nağdılaşdıran şəxs olaraq sübut etmə vəzifəsi daşıyır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh nə birinci instansiyada, nə də apellyasiya icraatı zamanı etiraz etdiyi hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin şahidlər tərəflərin hər ikisi ilə yaxın qohumluq münasibətdə olan şəxslər olmaqla, həmçinin iddiaçı ilə münasibətlərinin gərgin olması halı olduğundan əsaslı şübhədən kənar mötəbər sübut növu olaraq qəbul edilə bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının pensiya kartını sonuncunun anasına verdiyini və bu müddət ərzində kartın anada olduğunu göstərsə də bu faktı təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.

44. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin səs yazısı iddianın rədd edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, səs yazısında əks olunan danışıq mətnləri tam olmamaqla, danışıqların bütövlüyünü, ardıcılığını və ifadə olunan fikirlərin tamlığını, hansı fikrin ifadə edildiyini müəyyən etmək mümkün deyidir.

45. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kartın iddiaçının anasında olduğu ehtimal olunsa belə bu fakt da iddianın rədd edilməsi qənaətinə gəlməyə yetərli əsas vermir. Belə ki, müəyyən edildiyi və cavabdehin özünün də etiraf etdiyi kimi pul vəsaiti davamlı olaraq hər ay cavabdeh tərəfindən kartdan nağdlaşdırılaraq götürülmüşdür. Bu halda həmin vəsaitin nənəsinə (iddiaçının anasına) verilməsini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır, bununla bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

46. Eyni zamanda cavabdeh kartdan çıxarılan vəsaitin iddiaçının ayrı-ayrı şəxslərə olan borcunun ödənilməsinə sərf edildiyini bildirsə də bununla bağlı da heç bir sübut təqdim etməmiş, borc verən şəxslər barədə məlumat verməmiş, həmin şəxslərin dindirilməsi ilə bağlı vəsatətlə çıxış etməmişdir. Qeyd etmək lazımdır ki, sadalanan bu hallar isə cavabdehin etirazının dəlillərini şübhə altına alan xüsusat kimi qiyətləndirməyə əsas verir.

47. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, sübutetmə yükünün bölgüsünə düzgün qiymət verilməmiş, sübutların düzgün qiymətləndirilməsi aparılmamış, iddia rədd edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

49. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

50. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarlarla iddianın qismən əsaslı olması öz təsdiqini tapmışdır. Odur ki, apellyasiya şikayəti qismən əsaslı hesab edilməli, iddia qismən təmin edilməlidir.

52. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, 2017-ci ilin 01 dekabr tarixindən xx.xx.2022-ci il tarixə İddiaçı Məşəd oğluna məxsus plastik karta 16379 manat mədaxil olunub, 15945 manat məxaric olunub, balans məbələği 430,40 manat təşkil edir. Həmçinin kart üzrə çıxarış məlumatlardan görünür ki, 2017-ci ilin dekabr ayında kartın balansında iddiaçının göstərdiyi kimi 210 manat olmuşdur.

53. Göründüyü kimi məxaric olunan vəsait 15945 manat təşkil edir, 430 manat isə balansda qalmışdır.

54. İddiaçı 2500 manat, 1000 manat, 1150 manat və 250 manat pulun çıxıldıqdan sonra qalan vəsait olaraq 11479 manat qaytarılmasını tələb edir. Lakin qeyd olunan məbləğlər (cəmi 4900 manat) məxaric olunan məbləğdən (15945-4900) çıxıldığı halda qalıq məbləğ 11045 manat təşkil edir. Odur ki, kollegiya 11.045 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı və işin faktiki hallarına uyğun hesab edir.

55. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

56. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 05 manat iddiaçıya aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1865/2023 nömrəli qətnaməsi qismən ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 11045 (on bir min qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar