Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1685/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X1 və Xəlilov Veysəl Mürsəl oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(029)-652/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(029)-652/2018 saylı qətnaməsi ilə (hakim R.Kazımov) iddia təmin edilmiş, Cavabdeh, X3 və Xəlilov Veysəl Mürsəl oğlundan müştərək qaydada 2000 ABŞ dolları əsas, 1099,90 ABŞ dolları faiz borcu, 195,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3295,15 ABŞ dolları pulun (manat məzənnəsilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh, X1 və Xəlilov Veysəl Mürsəl oğluna qarşı kredit müqaviləsi üzrə ümumilikdə 3295,15 ABŞ dolları borcun müştərək qaydada ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Asıq Səhmdar Cəmiyyətinin “Bakı” filialına müraciət edərək ona kredit verilməsini xahiş etmiş və tərəflər arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik faiz dərəcəsi 27 faiz ödənilmək şərti ilə 2000 ABŞ dolları məbləğində mənzil təmiri məqsədilə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi X3 və Xəlilov Veysəl Mürsəl oğlu ilə bank arasında 08.12.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış, onlar borclu ilə birlikdə maddi məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin bu bəndini pozaraq, krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, o, əvvəllər müqavilə üzrə bir sıra ödənişləri etmiş, lakin sonradan manatın devalvasiyası nəticəsində maddi vəziyyəti pisləşmişdir. Ödədiyi ödənişlərin bir qismi əsas borcdan, bir qismi isə faiz borcundan silinməli olmasına baxmayaraq, onun yenidən 2000 ABŞ dolları borclu olması mümkün deyildir. Bundan başqa, müqavilə üzrə yaranmış borc ümumiyyətlə qətnamədəki məbləğdə ola bilməzdi. Çünki bank, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əməl etmədən hazırkı iddianı qaldırmışdır. Onun borcu yalnız bu Fərmana görə hesablana və tələb edilə bilərdi. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh oğlu apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda, o, bildirdi ki, qətnamə çıxarılandan sonra borcdan bir sıra silinmələr olmuşdur. Sonda nümayəndə məhkəmə kollegiyasına bankın yeni maliyyə arayışını və hesabdan çıxarış sənədlərini təqdim edərək qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İş üzrə digər cavabdehlər Azadə Uğurlu qızı və Xəlilov Veysəl Mürsəl oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı ASC-nin “Bakı” filialı ilə Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 27 faiz ödənilmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 08.12.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, X3 və Xəlilov Veysəl Mürsəl oğlu zamin kimi bankla Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinin təminatı kimi borclu ilə birlikdə bank qarşısında öhdəlik götürmüşlər. Yenə işdə olan 08 dekabr 2015-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Bakı” filialından 2000 ABŞ dolları pulu imza edərək qəbul etmişdir. İşə əlavə edilmiş 26.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən onun banka 22.12.2017-ci il tarixinə 2000 ABŞ dolları əsas, 1099,90 ABŞ dolları faiz və 195,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3295,15 ABŞ dolları məbləğində borcu vardır. Yenə işə əlavə edilmiş 10.11.2017-ci il tarixli məktubdan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə və eyni tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlərin borclu olmaları və bu borcu 5 iş günü ərzində ödəmələri barədə xəbərdar etmişdir. İşdə olan 17.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən onun banka 10.06.2021-ci il tarixinə 1264,71 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 842,53 ABŞ dolları faiz və 1026,99 ABŞ dolları cərimə borcu, 245,14 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 3379,37 ABŞ dolları məbləğində borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, bu hissələrdə qətnamə apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(029)-652/2018 saylı qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 27 % kreditdən istifadəyə görə haqq ödəməklə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı kimi digər cavabdehlər zamin durmuşlar. Kredit vaxtında qaytarılmadığına görə borc yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı Cavabdeh İddiaçı ASC-yə olan borcunun 705,88 ABŞ dolları hissəsi kompensasiya edilmişdir. Hazırda isə İddiaçı ASC-nin ləğvedicisi kredit müqaviləsi üzrə qalan məbləği həm borcludan, həm də zaminlərdən tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə borc 17.06.2021-ci il tarixli maliyyə arayışına uyğun hesablanmalıdır. Bu arayışa görə bankla Cavabdeh arasında bağlanmış 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsinə əsasən onun banka 10.06.2021-ci il tarixinə 1264,71 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 842,53 ABŞ dolları faiz və 1026,99 ABŞ dolları cərimə borcu, həmçinin 245,14 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 3379,37 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə əsas və faiz borcunun məbləği qeyd edilən maliyyə arayışındakı müvafiq borclara uyğun müəyyən edilməlidir. Hazırkı iddia üzrə yalnız müqavilə müddətində yaranmış faiz borcu tələb edildiyindən gecikdirilmiş vaxt üçün cavabdehlərə faiz borcu tətbiq edilə bilməz. Cərimə borcuna gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu borc da azaldılmalıdır. Belə ki, iddiaçı cavabdehlərdən öhdəliklərini vaxtında icra etmədiyinə görə 08.12.2015-ci il tarixli, 1141 saylı kredit müqaviləsi üzrə 195,25 ABŞ dolları cərimə borcu tələb etmiş, məhkəmə həmin məbləği əsas borca mütənasib hesab edərək təmin etmiş, Cavabdeh isə bu hissədə də qətnaməni mübahisələndirmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borclulara kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 195,25 ABŞ dolları məbləğində cərimə borcu hesablanmış, məhkəmə isə bu məbləği eynilə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ yenə də tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən cərimə borcunun maddi durumu pis olan cavabdehlərin vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, həmin kredit müqaviləsi üzrə dəbbə borcunun 50 ABŞ dollarına endirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, digər cavabdehlər X3 və Xəlilov Veysəl Mürsəl oğlu kredit öhdəliklərinə təminatçı kimi zamin durduqlarından yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlərin 08.12.2015-ci il tarixli, 1141 saylı kredit və zaminlik müqaviləsi üzrə iddiaçıya 1264,71 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 842,53 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2157,24 ABŞ dolları borları vardır və bu borc onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(029)-652/2018 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh, X3 və Xəlilov Veysəl Mürsəl oğlundan müştərək qaydada 1264,71ABŞ dolları əsas, 842,53 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2157,24 ABŞ dolları pul (ödəniş günü manat məzənnəsilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəvzi tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1685/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1685/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver