Məhkəmə qərarları › İş №2(105)-1686/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1686/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1686/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 3.392.90 ABŞ dolları əsas, 443,52 ABŞ dolları faiz borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 3.392,90 ABŞ dolları əsas və 443,52 ABŞ dolları faiz borcu (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılan zaman İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Ramin Rəhimov ərizə ilə məhkəməyə müraiciət edərək göstərmişdir ki, Cavabdeh1 borcunu ödəmişdir. Ona görə də iddiadan imtina edərək işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçı təşkilat ərizəsində mübahisənin həll edildiyini, cavabdeh tərəfindən borcun ödənildiyini göstərərək iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar