Məhkəmə qərarları › İş №2(105)-1688/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1688/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1688/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-171/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-171/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 1803,86 ABŞ dolları əsas, 63,91 ABŞ dolları faiz, 90 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1957,77 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Məmmədli oğlundan tutularaq iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan cəmiyyətin xeyrinə 1803,86 ABŞ dolları əsas, 63,91 ABŞ dolları faiz, 151,04 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2018,81 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 12.01.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə, illik 25% olmaqla 3900 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə borc verən həmin məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19.12.2019-cu il tarixinə “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 1803,86 USD əsas, 63,91 USD faiz, 151,04 USD cərimə, cəmi 2018,81 USD borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Qətnamədə onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 225-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi dərindən araşdırmamışdır, ona görə də qətnaməni qanunsuz və əsassız hesab edir. “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə onun arasında 12.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ona 24 ay müddətinə illik 25% olmaqla 3900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit bank tərəfindən ABŞ dolları ilə rəsmiləşdirilsə də, ona müqavilədə qeyd olunan məbləğ nağd olaraq Azərbaycan manatı ilə verilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilənədək hər ay ödənişlərini vaxtlı-vaxtında etmişdir. Həmin Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması və fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri banklara tövsiyyə olunmuşdur. Belə ki, həmin Fərmana əsasən dövlət tərəfindən “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyət ilə onun arasında bağlanmış 12.01.2015-ci il tarixli kredit müqaviləsinə görə ona 2776,41 AZN məbləğində kompensasiya verilmişdir. Həmin kompensasiya məbləği bank kartına köçürülərkən bankda ona hər hansı borcunun olduğu deyilməmişdir. Əgər onun borcu olsaydı, həmin məbləğ ona ayrılmış kompensasiyadan çıxılardı. Lakın bank həmin məbləği ümumi məbləğdən çıxmayaraq şişirdilmiş faiz və cərimə borcları ilə birlikdə məhkəməyə təqdim etmişdir. Faiz və cərimə miqdarından çox şişirdilmişdir. O, banka olan borcunu ödəməkdən heç vaxt imtina etməmişdir, lakin bankın işə məsuliyyətsiz və diqqətsiz yanaşmasının nəticəsi olaraq ona faiz və cərimə borcu hesablanmışdır. Bank ona ayrılan həmin kompensasiya məbləğindən kredit borcunu silsəydi, faiz və cərimələr yaranmaz, o da qalan kredit borcunu ödəmiş olardı. Ona görə də cərimə və faiz borcunun silinməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz və cərimə borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 166nkXRD/15 saylı, 12.01.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla, 3900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 19 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 166nkXRD/15 saylı kredit müqaviləsi üzrə 19 dekabr 2019-cu il tarixə 1803,86 ABŞ dolları əsas, 63,91 ABŞ dolları faiz, 151,04 ABŞ dolları cərimə olmaqla, cəmi 2018,81 ABŞ dolları borcu vardır. İş materiallarında olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 16 noyabr 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü müddətində tam ödəməsi təklif edilmiş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 dekabr 2020-ci il tarixli, 9/5234 saylı rəyindən görünür ki, cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 12.01.2015-ci il tarixli, 166nkXRD/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 05.05.2020-ci il tarixə “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə əsas kredit borcu 2.505,24 ABŞ dolları faiz borcu 556,72 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 avqust 2021-ci il tarixli, 9/4996 saylı rəyindən görünür ki, cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 12.01.2015-ci il tarixli, 166nkXRD/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 12 yanvar 2017-ci il tarixə “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə faiz borcu ümumilikdə 14,18 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 166nkXRD/15 saylı, 12.01.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla, 3900 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi əsas borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, tərəflər arasında 166nkXRD/15 saylı, 12.01.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsi 24 ay müddətinə bağlanmış və müqavilə üzrə sonuncu ödəniş 12 yanvar 2017-ci il tarixdə olmalı idi. “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddia ərizəsindən görünür ki, faiz borcunu 19 dekabr 2019-cu il tarixədək olan dövr üçün tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində isə kreditor hesablanmış faiz formasında zərəri-real zərəri və əldən çıxmış faydanı tələb etməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03.08.2021-ci il tarixli, 9/4996 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 12 yanvar 2017-ci il tarixə “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə faiz borcu 14,18 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 14,18 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən kredit müqaviləsinin müddəti ərzində faiz borcunun tutulması, öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı iddiaçı təşkilatın vurulmuş zərəri, yəni real zərəri və əldən çıxmış faydanı tələb etmək hüququnun olmasını istisna etmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 90 ABŞ dolları cərimə tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 151,04 ABŞ dolları məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 90 ABŞ dolları cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 20 ABŞ dolları cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillər məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz və cərimə borcuna aid hissələrdə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manatın tərəflərdən tutulması məsələsini həll etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 300 manatın 150 manatı iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətindən, 150 manatı isə Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-171/2021 saylı qətnaməsinə faiz və cərimə borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 14,18 (on dörd ABŞ dolları 18 sent) ABŞ dolları faiz və 20 (iyirmi ABŞ dolları) ABŞ dolları cərimə (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manatı iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətindən, 150 (yüz əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar