Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-169/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4694/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4694/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğluna aid edilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun İddiaçı1 xeyrinə 10000 ABŞ dolları və İddiaçı2 Ziyadxan oğlunun xeyrinə 10000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı1 Abşeron rayon, Hökməli qəsəbəsində torpaq sahəsi almaq üçün Cavabdeh adlı şəxslə tanış olmuş və kənd arasında Hacı Quli kimi tanınan Qulinin köməkliyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, panel yolun sonunda, sol tərəfdə 0,06 ha torpaq sahəsini bəyənmiş və 2007-ci il tarixdə göstərilən ünvanda 10000 ABŞ dolları məbləğində pul müqabilində torpaq sahəsini almışdır. Digər İddiaçı2 Ziyadxan oğlu da eyni qaydada Abşeron rayon Hökməli qəsəbəsində torpaq sahəsi almaq üçün Cavabdeh adlı şəxslə tanış olmuş vəı kənd arasında Hacı Quli kimi tanınan Qulinin köməkliyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, panel yolun sonunda, sol tərəfdə 0,06 ha torpaq sahəsini bəyənmiş və 2007-ci il tarixdə göstərilən ünvanda 10000 ABŞ dolları məbləğində pul müqabilində İddiaçı1 məxsus torpaq sahəsinin yanında torpaq sahəsini almışdır. İddiaçılar pulun geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsələrdə məhkəmə iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qanuni səhv tətbiq etmişdir. Məhkəmə iddia müddətinin ötürülməsinə istinad etsə də, iş materiallarında olan sənədlərə səthi yanaşmışdır. Məhkəmə iddiaçıların hüquqlarının 2007-ci il tarixdən pozulmalarını bilmələrini qeyd etmişdir, lakin torpağın hasarlanması ilə əlaqədar təkrar olaraq 2018-ci ildə 3000 manat və 2019-cu ildə 1300 manat pulun verilməsi ilə bağlı münasibətlər davam etmişdir ki, bu da iddia müddətinin ötürülməsi barədə fikirləri inkar edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4694/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasını iclasında İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4694/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı2 Ziyadxan oğlu və cavabdehin hüquqi varisi X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(10%0-1542/2020 saylı, 28 iyul 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır, belə ki, apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 04.07.2020-ci il tarixli, 05/2-3052/13 saylı məktubundan görünür ki, Cavabdeh 28.03.2020-ci il tarixdə vəfat etmiş və 11.04.2020-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası tərəfindən Cavabdeh oğlu X2 hüquqi varis kimi tanınmışdır. İş materiallarında olan Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin 25.09.2019-cu il tarixli qərarından müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması 2007-ci ilin yayında Cavabdeh torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun hər birindən 10000 ABŞ dolları pulunu ələ keçirərək dələduzluq etməsi öz təsdiqini tapmadığından, təsdiq olunduğu halda belə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar rədd edilmişdir. Qeyd edilən qərarda olan izahatından görünür ki, Cavabdeh, İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlundan 2007-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində öz ofisində 20000 ABŞ dolları aldığını qeyd etmişdir. Həmin qərarda İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun izahatlarından müəyyən edilir ki, Cavabdeh 2007-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində öz ofisində İddiaçı1 10000 ABŞ dolları, İddiaçı2 Ziyadxan oğlundan 10000 ABŞ dolları onlara torpaq sahəsi satmasına görə pul almış, bundan sonra həmin torpaq sahəsində daş hasar çəkdirmişlər Müəyyən edilmişdir ki, Cavabdeh 2007-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində öz ofisində İddiaçı1 10000 ABŞ dolları, İddiaçı2 Ziyadxan oğlundan 10000 ABŞ dolları onlara torpaq sahəsi satmasına görə pul almış, bundan sonra iddiaçılar həmin torpaq sahəsində daş hasar çəkdirmiş, lakin həmin vaxt torpaq sahəsinin sənədləri olmamışdır. İddiaçıların izahatlarına görə cavabdeh qısa müddətdə torpaq sahəsinin sənədlərini düzəldib onlara verəcəyinə söz versə də sənədləri düzəltmək mümkün olmamışdır. İş materiallarından göründüyü kimi iddiaçılar 2007-ci ildə hər hansı sənədi olmadan torpaq sahəsi almaq üçün iddiaçıya pul verdikləri andan öz hüquqlarının pozulduğunu bildiyi halda həmin vaxtdan qanunda nəzərdə tutulan 3 illik müddətdə deyil, müddətin bitmə tarixindən 9 ildən artıq vaxt keçəndən sonra məhkəməyə müraciət etmişlər, bununla da iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından görünür ki, iş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu pulun qaytarılması ilə bağlı iddia tələbi üzrə iddia müddətini ötürdüklərindən onların iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğluna aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Bu səbəbdən də iddiaçının polis orqanlarına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Eyni zamanda torpağın hasarlanması ilə əlaqədar təkrar olaraq 2018-ci ildə 3000 manat və 2019-cu ildə 1300 manat pulun verilməsi səbəbindən iddia müddətinin axımının davaç etməsinə dair dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar qeyd edilən faktı təsdiq edəcək hər hansı sübutu təqdim etməmişlər. Eyni zamanda iddiaçılar iddia tələbində yalnız 2007-ci il tarixdə hər biri tərəfindən 10000 ABŞ dolları olmaqla ümumilikdə verilmiş 20000 ABŞ dollarını tələb etmiş, iddia tələbində hasarın tikintisi üçün verilmiş 3000 manat və 1300 manatı da tələb etməmişlər. Həmçinin polis orqanına müraciət edərkən də yalnız 20000 ABŞ dolları pulun verilməsini bildirmişlər. Bu səbəbdən də qeyd edilən dəlil iddia ərizəsi və polis orqanına edilmiş şikayət ərizəsi ilə təkzib edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4694/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-169/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-169/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver