Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-169/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)- 546/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-546/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 10 manat cərimə olmaqla, ümumilikdə cəmi 15075,64 manat borcun tutulması və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-546/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək əsas və faiz borcunun yenidən hesablanaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14062 manat əsas borc, 182,07 manat faiz borcu, 9,77 manat cərimə olmaqla, ümumilikdə cəmi 1453,84 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 612,25 manat cərimə olmaqla, ümumilikdə cəmi 15677,89 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə razı deyil. Təmsil etdiyi şəxs 08.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat kredit götürüb digər banka olan borcunun bağlamış, kredit müqaviləsi üzrə cavabdeh hər ay 540 manat ödəniş etməli idi. Pandemiya başlayandan ödənişlər azalmış, 3 ay ödəniş edə bilməmişdir. Borcunu qəbul edir. Lakin borcu bir dəfəyə bağlamaq imkanı yoxdur. İddiaçıya 2780 manat ödəniş edib. Pandemiya dövründə dövlət səviyyəsində bank faizləri 3 ay müddətinə dayandırıldı. Lakin iddiaçı faizləri hesablayıb. Hətta məhkəmə gedişatında iddia tələbinə əlavə verilərək faiz borcu artırılıb. Bankdan 15000 manat kredit götürülüb, 2780 manat ödəniş edilib, lakin hazırda da 15075,64 manat tələb edilir. Bank tərəfindən şişirdilmiş borc tələb edilir. birinci ekspert rəyi ilə razıdır, ikinci ekspert rəyində faiz borcu artıq hesablanıb. Odur ki, birinci ekspert rəyi nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsinin izahatını müdafiə etdiyini, ekspert rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, borc məbləği şişirdilməmişdir. Cavadbeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka borcu yaranmışdır, əsas borca görə faiz, cərimə, əldən çıxmış faydaya görə pul tələb etməkdə bankın qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-546/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İş materiallarında olan 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İş materiallarında olan 19.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08 yanvar 2020ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 612,25 manat cərimə olmaqla, cəmi 15677,89 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi tərəflər arasında 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0- 48-20 nömrəli kredit müqaviləsi imzalanmasını, müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanması, onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 442, 443.1, 445.1,448, 462, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 10 manat cərimə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olsa da, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas borc və faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki iş materiallarından görünür ki, 19.02.2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 612,25 manat cərimə olmaqla, ümumilikdə cəmi 15677,89 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 29.11.2021-ci il tarixli, 9/7850 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 28.07.2020-ci il tarixinə olan borcu əsas borc üzrə 14144,57 manat, faiz borcu üzrə 40,08 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci ekspert rəyindən cavabdehin borcu 28.07.2020-ci il tarixinədək olan dövr üçün hesablanmışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı 19.02.2021-ci il tarixdə iddia ərizəsinə əlavə vermişdir. Bu səbəbdən iş üzrə təkrar ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli, 9/834 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 19.02.2021 -ci il tarixinə borcu, əsas borc üzrə 13858,50 manat, faiz borcu üzrə 1047,09 manat müəyyən edilir. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu üzrə borcu 13858,50 manat, faiz borcu üzrə borcu 1047,09 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcundan fərqlənir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, cavabdehdən əsas və faiz borcuna görə tutulan məbləğ dəyişdirilməli, cavabdehdən əsas borca görə 13858,50 manat, faiz borcuna görə 1047,09 manat tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən cərimə borcunun tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 612,25 manat cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq hesab edir ki, əsas borca görə 10 manat dəbbə pulu yüksək hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət dövlət rüsumu olaraq 30 manatın cavabdehdən tutulmasını müəyyən etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, dəlilləri qismən əsaslı olduğundan borc məbləği hissəsində qətnamə dəyişdirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin qətnamədən sonra 600 manat ödəniş etməsinə qiymət verərək qeyd edir ki, qeyd edilən məbləğ ekspert rəyində nəzərə alınmışdır. Bundan başqa müqavilə üzrə borcun müqavilə müddətinin sonuna hesablanması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat iddia tələbinin artırılması barədə ərizə ilə müraciət etmiş, iş üzrə ekspertiza təyin edilən zaman həmin tarixə olan borcun hesablanmasına tərəflər etiraz etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əsas və faiz borcunun, dövlət rüsumunun tutulması hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-546/2021 nömrəli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 23-Y-1- 0-48-20 nömrəli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsi üzrə 13858,50 manat əsas borc, 1047,09 manat faiz borcu, 20 manat dövlət rüsumunun tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-546/2021 nömrəli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 nömrəli kredit müqaviləsi üzrə 13858,50 manat əsas borc, 1047,09 manat faiz borcu, 20 manat dövlət rüsumunun tutulması müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (150+150) manatın 150 (yüz əlli) manatı İddiaçı ASC-dən, 150 (yüz əlli) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-169/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-169/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver