Məhkəmə qərarları › İş №2(105)-1690/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1690/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1690/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1312/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1312/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6055/2019 saylı, 08.07.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1312/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları 11.11.2007-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahdan 19.11.2007-ci ildə X6 və 16.06.2009-cu ildə X7 adlı iki uşaqları anadan olmuşdur. Yardımlı Rayon Məhkəməsinin 2(038)-11/2012 saylı, 17.04.2012-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2781/2012 saylı, 17 iyul 2012-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi qismən təmin edilmiş, 12 iyun 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və 50 manat məbləğində əlavə xərc tutularaq 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2781/2012 saylı, 17 iyul 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2781/2012 saylı, 17 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmiş, onun iddia tələbi qismən təmin edilmiş, 12 iyun 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər bir uşağa 87 manat olmaqla, cəmi 174 manat məbləğində aliment tutulub 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. 2019-cu ildə o, alimentin miqdarının artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla ümumilikdə iki uşağa görə 260 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 02.10.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmışdır. O, müəyyən edilmiş 260 manat alimentlə uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq ona heç bir maddi köməklik göstərmir. Uşaqların böyüməsi ilə əlaqədar onların tələbatı da gündən-günə artır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. O, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon şöbəsində işləyir. Aylıq əmək haqqı 657 manat təşkil edir, heç bir başqa gəliri yoxdur, əvvəlki məhkəmə qətnaməsi ilə ondan tutulası alimentin məbləğin müəyyən edərkən onun əmək haqqı (qazancı) sabit deyildi. Hal-hazırda aylıq vəzifə maaşına işləyir, əmək haqqı sabitditr və tez-tez dəyişmir. Belə olan halda ondan hər ay 320 manat sabit məbləğdə alimentin tutulması qanunsuzdur. Bundan başqa, iddiaçıdan ayrıldıqdan sonra o, ikinci dəfə evlənmiş və hazırda həmin nikahdan da iki uşağı vardır. İnsan Hüquqlarının və X2 haqqında Komissiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75 və 78ci maddələrinə istinad edərkən iddiaçı nəzərə almalıdır ki, həmin maddələrdə nəzərdə tutulan normalar təkcə onun himayəsində olan uşaqlara deyil, həm də onun yanında olan, ikinci nikahdan doğulmuş uşaqlara da aiddir. Aldığı 657 manatın 320 manatını iddiaçıdan olan uşaqlara verəcəyi halda yerdə qalan 337 manatla yanında olan 2 uşağı, arvadı və özünü necə dolandırmalıdır? Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmadıqdan sonra tərəflərdən birini ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aiment ödəməkdən azad edə bilər. İddiaçı da bu maddəyə istinad etmişdir. Amma, nədənsə bu maddənin yalnız alimentin artırılmasını zənn edir. Əslində, burada təkcə alimentin artırılması deyil, daha çox azaldıla bilməsi və aliment ödəməkdən azad edilmə ehtimalı nəzərdə tutulur. Çünki, bir qayda olaraq, alimeti atalar verir. Atalar boşanmadan sonra təkrar nikaha daxil olurlar və təkrar nikahdan yeni uşaqlar doğulur və aliment ödəyən atanın maddi vəziyyəti ağırlaşır və ödəniş qabiliyyəti zəifləyir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra onun yeni nikahdan olan uşaqlarını da dolandırmaq ehtiyacı yarandığı üçün maddi vəziyyəti pisləşmişdir və hətta hazırki alimenti ödəmək imkanı yoxdur. Onun alimentin miqdarının azaldılmasını tələb etməyə ixtiyarı vardır. Amma o, bunu sadəcə özünə rəva bilmir. Nə qədər çətin olsa da, əvvəlki nikahdan olan iki uşağına görə hər ay 260 manat aliment ödəməkdə davam edir. Bundan artığına maddi gücü çatmır. Belə bir vəziyyətdə iddia tələbinin əsassızlığı göz qabağındadır və iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddia isə rədd edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edib izahatında bildirdi ki, özü hazırda işləmir və uşaqlara qulluq edir. Kirayədə yaşayırlar və atasının maddi dəstəyilə ehtiyacını güclə ödəyir. Qət edilmiş aliment məbləği az olsa da, hazırkı halda həmin məbləğlə razıdır. Sonda o, sadalanan halların nəzərə alınmasını, qətnamənin qüvvədə saxlanmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, 08.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 19 noyabr 2007-ci il təvəllüdlü X3 və 16 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Yenə iş materiallarında olan AZ-İİİ 352723 və AZ-İİİ 550632 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 19.11.2007-ci ildə X6 və 16.06.2009-cu ildə X7 adlı uşaqlar doğulmuşlar. Yenə də iş materiallarında olan AZ-İ 764016 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18.09.2012-ci il tarixdə X4 ilə nikaha girmişdir. İşdə olan AZ-İİİ 232977 və AZ-İİİ 472934 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 04.02.2014-cü ildə Rəşad və 05.03.2015-ci ildə Nihad adlı uşaqlar doğulmuşlar. Yenə işdə olan ayarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon şöbəsində böyük yanğınsöndürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 657,24 manat təşkil edir, M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1312/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən 19.11.2007-ci il tarixdə Aytən, 16.06.2009-cu il tarixdə Rəsul adlı uşaqlar olmuşlar. Yardımlı Rayon Məhkəməsinin 2(038)-11/2012 saylı, 17.04.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 2019cu ildə iddiaçı alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 136/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla ümumilikdə iki uşağa görə 260 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan 19.11.2007-ci il təvəllüdlü X3 və 16.06.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı iddia qaldıraraq bu məbləğin yenə də artırılmasını xahiş etmiş, məhkəmə isə bu iddianı qismən təmin edərək tutulacaq cəmi alimentin məbləğini 320 manat müəyyən etmiş, cavabdeh isə bu nəticə ilə razılamayaraq qətnamədən şikayət vermiş, yenidən ailə qurmasını, yeni nikahdan da iki uşağının olmasını nəzərə alıb hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru müəyyən məbləğdə dəyişiklik olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə əvvəlki mübahisə zamanı onun aylıq əmək haqqı 517 manat, hazırda isə 657,24 manat təşkil edir (140 manat fərq). Bundan başqa, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu da 2019-cu ilə nisbətən 2021-ci ildə artmışdır. Onun ikinci dəfə nikaha girməsi və bu nikahdan iki uşağının olması isə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6055/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi zamanı artıq məlum idi və hazırkı iş üzrə nəzərə alınmalı hal hesab edilmir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hər ay ümumilikdə 320 manat alimenti ödəmək imkanının olmaması barədə məhkəməyə mötəbər sübut növü təqdim etmədiyindən tələbin həmin məbləğdə təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, alimentin miqdarının bu həddə (əvvəlki cəm məbləğdən 60 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1312/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar