Məhkəmə qərarları › İş №2(105)-1692/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1692/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1692/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 435/2017 saylı 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulub 26.01.2006-cı il təvəllüdlü X2 və 26.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 27 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-435/2017 saylı, 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh birgə nikahlarından olan 26.01.2006-cı il təvəllüdlü X2 və 26.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat alimentin tutulub, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi əsassızdır. Belə ki, əvvəlki aliment tutulan vaxtdan hazırki günədək onun maddi vəziyyətində hər hansı dəyişiklik olmayıb. Ölkə ərazisində tətbiq edilmiş karantinə görə heç yerdə işləmir. Eyni zamanda yenidən ailə qurub, Bu alimentin artırılması üçün deyil, azaldılması üçün əsas dəyişiklik hesab olunmalı idi. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, əvvəlki aliment 4 il əvvəl müəyyən edlib. Həmin vaxtdan sonra yaşayış minimumu dəfələrlə dəyişib, uşaqların tələbatı artıb. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkili və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx“ MMC-nin 31.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 06.11.2018-ci il tarixindən bu günə kimi “xxxx“ MMC-də texniki direktor vəzifəsində çalışır və onun aylıq əmək haqqı 280 manat təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-435/2017 saylı, 02 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 26.01.2006cı il təvəllüdlü X2 və 26.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və işin hallarına əsasən iddiaçının cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 112.1-ci maddələri və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahdan olan uşaqların saxlanmasına görə hər uşaq üçün 117 manat məbləğində aliment 02.10.2017-ci il tarixdə müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş Ayan və Nurayın saxlanılması üçün müəyyən edilmiş 117 manat məbləğindəki aliment 2017-ci il tarixdə, uşaqların 11 və 9 yaşı olanda tutulmuşdur. Hazırda isə həmin uşaqların 15 və 13 yaşı olmaqla yaşayış xərcləri bir qədər də artmışdır. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 150 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, yenidən ailə qurması , hazırda işləməməsi dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-398/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar