Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1692/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsinə imtina, iddianın yolverilməzliyi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)- 6570/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli icra qeydi üzrə məzənnə fərqi olaraq yaranmış cəmi 29463,46 manat borcun və 178,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)- 6570/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixdə X13 vasitəsi ilə ödəmiş olduğu 178,39 manat dövlət rüsumunun İddiaçı ASC-yə geri qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X11 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6570/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(060)- 6570/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6570/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6570/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi X11 tərəfindən verilən xx.xx.2024-cü il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
7. İddiaçı ASC-nin nümayəndəsi X11 şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəminin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması üçün əsas göstərdiyi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olması hazırkı işin hallarına uyğun deyil. Hazırkı işin tərəfləri eyni olsa da, imtina olunma əsası kimi qeyd olunan 2(060)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla xitam verilmiş işin predmeti fərqlidir. 2(060)-6570/2024 saylı iş üzrə iddianın predmeti məzənnə fərqi üzrə yaranmış borcun tutulması, 2(060)-446/2024 saylı iş üzrə iddianın predmeti isə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsidir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6570/2024 saylı qərardadında hakim iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinin əsasını hüquqi cəhətdən kifayət qədər əsaslandırmamış və normativ hüquqi aktlara istinad olunmamışdır. Həmçinin iş üzrə qanuni qüvvəyə minmiş iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı maddənin məzmununda qeyd olunan iddiaçının iddiadan imtina etməsi ilə əlaqədər xitam verilməsi ilə əlaqədar deyil. 2(060)-446/2024 saylı iş üzrə icraata xitam verilməsi əsası qüvvədə olan icra qeydinin olması ilə bağlıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-6570/2024 saylı qərardadının ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
9. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli və bununla bağlı 07 oktyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli qərardadları ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Araşdırılan işdən müəyyən edilir ki, İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli icra qeydi üzrə məzənnə fərqi olaraq yaranmış cəmi 29463,46 manat borcun və 178,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Yelo Bank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, mübahisəli kredit müqaviləsi üzrə İddiaçı ASC Cavabdeh qarşı icra qeydi verilməsinə dair notariat ofisinə müraciət etmiş və bununla əlaqədar xx.xx.2017-ci il tarixli icra qeydi verilmişdir və həmin qeyd qüvvədədir. Bununla yanaşı İddiaçı ASC-nin eyni məzmunlu eyni tələbli iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(060)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X6, X3 və X4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X11 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6570/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Kollegiya baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcud olmasıdır. Qeyd edilməlidir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddiadan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina edilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. İşdən göründüyü kimi məhkəminin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması üçün əsas göstərdiyi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olması hazırkı işin hallarına uyğun olmamışdır. Göründüyü kimi apellyator qeyd etmişdir ki, hazırkı işin tərəfləri eyni olsa da, imtina olunma əsası kimi qeyd olunan 2(060)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla xitam verilmiş işin predmeti fərqlidir. 2(060)-6570/2024 saylı iş üzrə iddianın predmeti məzənnə fərqi üzrə yaranmış borcun tutulması, 2(060)-446/2024 saylı iş üzrə iddianın predmeti isə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsidir. Həmçinin iş üzrə qanuni qüvvəyə minmiş iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı maddənin məzmununda qeyd olunan iddiaçının iddiadan imtina etməsi ilə əlaqədər xitam verilməsi ilə əlaqədar deyil. 2(060)-446/2024 saylı iş üzrə icraata xitam verilməsi əsası qüvvədə olan icra qeydinin olması ilə bağlıdır. Mülki iş materiallarından görünür ki, Yelo Bank” ASC cavabdehlər Cavabdeh və X5, X3 və X4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26260.96 ABŞ dolları əsas, 30072.86 ABŞ dolları faiz borcu, 822.86 ABŞ dollan cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6785.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 63941.83 ABŞ dolları borcun və 398.70 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Cavabdeh ünvan 1 ünvanında yerləşən, 5 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X8, X9, X2 ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Araşdırılan tələbdən isə görünür ki, hazırkı halda iddiaçı məzənnə fərqi olaraq yaranmış cəmi 29463,46 manat borcun tutulmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, araşdırılan iddia ərizəsinin məzmunundan görünür ki, tələb eyni tərəflər və eyni əsaslar üzrə olsa da, fərqli predmetlə bağlıdır, eyni predmet olması aşkar deyildir. Qeyd olunan hala aydınlıq gətirilməsinə zərurət vardır. Mülki prosessual qanunvericiliyin tələbinə görə zərurət olduğu halda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, qeyd olunan hallara aydınlıq gətirməmiş, zəruri hesab etdiyi halda tərəfin iştirakı ilə, tələb olunan borc məbləğinin sözügedən icra qeydində əks olunmuş borc məbləği ilə əhatə olunub-olmamasını araşdırmamış, iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamamış, nəticədə əsaslı olmayan qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiya məhkəməsi hazırkı halda iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etməkdə haqlı deyildir. Belə ki, sadalanan hallara aydınlıq gətirilməsinə zərurət vardır. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın mümkünlüyü məsələsi yalnız mübahisələndirilən halla bağlı deyildir. İddianın icraata qəbul edilməsi üçün digər əsasların da mövcudluğu tələb olunur və bu hallar araşdırılaraq qiymət verilməlidir. Hazırkı halda birinci instansiya məkəməsinin mübahisələndirilən qərardadı ilə prosessual qanunvericilikdə nəzərədə tutulan digər əsaslara qiymət verilməsi görünmür. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilərək iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)- 6570/2024 nömrəli və bununla bağlı 07 oktyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli qərardadları ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən tərəflərin iştirakı ilə müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli və bununla bağlı 07 oktyabr 2024-cü il tarixli, 2(060)-6570/2024 nömrəli qərardadları ləğv olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.