Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1693/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qərardadından Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı BOKT MMC-yə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 Məşədibala oğlunun və Cavabdeh2 çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması qət edilmişdir. Cavabdeh1 Məşədibala oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1085/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Məşədibala oğlu qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1085/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilən şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Məşədibala oğlu həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-1085/2020 saylı qərardadının ləğv edilməsi, Cavabdeh1 Məşədibala oğlunun Abşeron Rayon Məhkəməsinin 2(012)-1085/2020 saylı, 22 aprel 2022-ci il tarixli qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsi və onun həmin şikayəti baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məşədibala oğlunun və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Məcidov X2 Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı qeyd edilən prosessual hüquq normasının tələbləri ilə pozulmaqla çıxarılmışdır. Belə ki, şikayət olunan qətnamə cavabdeh şəxs Cavabdeh1 çatmamışdır. Qərardadda qeyd edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1085/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnamə 08 oktyabr 2020-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnaməyə imza etməklə almışdır. Hesab edir ki, Cavabdeh1 belə bir xəbərnaməyə imza edib qətnaməni almış olsaydı əlavə xərc çəkib vəkil tutmaqla belə bir apellyasiya şikayətini də verməzdi. Əgər Cavabdeh1 belə bir addım atıbsa deməli qətnamə tərəfə çatmamışdır. Əgər qeyd edilən xəbərnamə varsa da həmin xəbərnamə Cavabdeh1 tərəfindən imzalanıb-imzalanması məhkəmə tərəfindən araşdırmalı idi, ən azında məhkəməyə dəvət etməklə həmin xəbərnaməni tərəfə təqdim edib məsələni aydınlaşdıra bilərdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş apelyasiya şikayəti şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması və apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, məhkəmə aktının surəti 25 sentyabr 2020-ci il tarixdə tərəflərə göndərilmiş, cavabdehin oğlu Təbiriz Məcidov qətnamənin surətini xx.xx.2020-ci il tarixdə məktuba imza etməklə qəbul etmiş, lakin həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəməyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə aktını 08 oktyabr 2020-ci il tarixdə almış, bununla da həmin məhkəmə aktından apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı başlamışdır. Cavabdehin apellyasiya şikayəti isə 20 aprel 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 Məşədibala oğlunun prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 Məşədibala oğlu tərəfindən 22 sentyabr 2020-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 Məşədibala oğlunun şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli və onunla bağlı 14 iyun 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1693/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1693/2022
17.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver